Kənd təsərrüfatı siyahıya alınacaq

18:33 12.10.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2025-ci ildə Azərbaycanda kənd təsərrüfatının siyahıyaalınması həyata keçiriləcək. Qeyd edək ki, Nazirlər Kabineti prosesə hazırlıq və onun həyata keçirilməsi haqqında  qərar qəbul edib.

Qərara əsasən, siyahıyaalınma 2025-ci il iyulun 15-dən avqustun 15-nə qədər, kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə baş tutacaq. Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunda kənd təsərrüfatının sınaq siyahıya alınması keçiriləcək.

Kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitə yaradılıb. Komitəyə Baş nazirinin müavini Əli Əhmədov sədrlik edəcək. Onun müavini Dövlət Statistika Komitəsinin sədridir. Komitənin üzvləri isə kənd təsərrüfatı nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini, Qida Təhlükəsizliyi Agentliyinın sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru və Ağsu Rayon İcra Hakimiyyətinin başçısıdır.

Bəs, görəsən, kənd təsərrüfatının siyahıya alınmasında məqsəd nədir? Bu addım aqrar sektorun inkişafında hansısa rol oynaya bilərmi?

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, əslində Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması yenilik deyil: “Belə bir tədbir 2015-ci ildə də keçirilmişdi. Lakin biz hələ də həmin statistik məlumatları tam əldə edə bilməmişik. Hələ də Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar dəqiq deyil. Bizim torpaq sahələrinin ümumiyyətlə kənd təsərrüfatına yararlı, əkinə yararlı, suvarılan torpaq sahələri ilə bağlı təqdim edilən statistik məlumat düzgün deyil".

Ekspert deyib ki, son 20-30 ildə əkinə və həm də kənd təsərrüfatına yararlı sahələr xeyli azalıb: "Hazırda struktur layihələr həyata keçirilir, yeni yollar salınır, genişləndirilir. Həmin əkin ərazilərində müxtəlif obyektlər - sosial layihələr, yaşayış evləri, kommersiya obyektləri tikilir. Ümumi baxanda ciddi bir dəyişiklik görməmişik. Statistik məlumatları təxmini müəyyən edirlər. Təbii ki, bu sahədə görüləcək işlər həddindən artıq çoxdur. Biz əvvəl nəyimiz var onu bilməsək, nə edəcəyimizi heç vaxt bilməyəcəyik. Çünki birinci istehsal vasitəmizi müəyyən etməliyik. İstehsal vasitələri isə toxumdur, heyvanlardır, texnikadır, avadanlıqlardır. Ona görə də düşünmürəm ki, indi görüləcək tədbirlər nəticə versin. Çünki indiyə qədər bir iş görülməyib. Bütün statistika təxminidir. Məsələn, beynəlxalq təşkilatlar heyvanların identifikasiyası ilə bağlı Azərbaycana 36 milyon dollar vəsait ayırmışdı. O vəsait xərcləndi, amma heç bir ciddi iş görülmədi”.

Mütəxəssis qeyd edib ki, kənd təsərrüfatının uçota alınması mütləqdir: “Kənd təsərrüfatında mövcud olan istehsal vasitələrinin qeydiyyatı aparılacaqsa, bu, yaxşı haldır. Yox, əgər, sadəcə maliyyə ayrılacaqsa, yenə də faydası olmayacaq. Onsuz da lazım gələndə rəqəmləri şişirdirlər. Statistikaya baxsaq, görərik ki, son üç ildə istehlak olunan buğdanın həcmini azaldıb, heyvan yemi kimi təqdim ediblər. Əgər heyvan bu qədər buğda yeyibsə, niyə ət istehsalı artmayıb, niyə yumurta istehsalı artmayıb? Yəni, bu istiqamətdə suallar çoxdur”.