Günorta işə zəng vurub, anasının ölüm xəbərini verəndə Asifin ayağının altından yer qaçdı. Donub key kimi yanındakı insanlara baxdı. Hamı başını aşağı salmışdı. Asif iş yoldaşlarına baxırdı. Sanki onlardan bu xəbərin yalan olduğunu söyləmələrini gözləyirdi. Sonra özünə gəldi. Yox, deyəsən, xəbər yalan deyildi. Başını aşağı saldı, əllərilə üzünü örtüb uşaq kimi hönkürdü.
Tez iş yerindən çıxıb, taksiyə mindi. Evə girəndə həyat yoldaşı ağlaya –ağlaya qabağına qaçdı. Asifin gözləri heç kimi görmürdü. Amma hiss edirdi ki, otaq adamla doludur. Donuq baxışlarla ətrafa baxdı. Anasını axtarırdı. Cənazəni otağın ortasında xalçanın üzərinə qoymuşdular. Asif yerə çöküb anasının soyumuş bədənini qucaqladı. Hönkürtüsü ağlaşan qadınların səsini batırdı.
O, anasına çox bağlı idi. Uşaqlıqdan atasız böyüyən Asif mehrini anasına salmışdı. Bu gün o, ən qiymətli insanını itirmişdi. Onun üçün dünya sanki boş qalmışdı. O, anasız necə yaşayacaqdı?
Qohumları Asifin qolundan tutub ayağa qaldırdılar. Asif göz yaşlarını saxlaya bilmir, hönkürərək yasa gələnlərə baxırdı. Ayaq üstə dayanmağa iqtidarı yox idi.
Günlər keçdi. Anasının üçü ,yeddisi, qırxı da bu minvalla başa gəldi. Gəlib -gedənlərin sayı azalmağa başladı.
Anasından Asifə təkcə köhnə bir royal qalmışdı. Röyal qədimi idi, otağa girəndə hamının diqqətini cəlb edirdi. Dilləri də yaxşı işləmirdi, rəngi qaralmışdı. Asifin həyat yoldaşı onu neçə dəfə satmaq istəmişdi: “Evimizin gözəlliyini korlayır. Ana, sataq bunu, çox köhnədi, təzəsini alarıq”, – demişdi qayınanasına. – “Gələn- gedən soruşur ki, bu cür gözəl evdə, bahalı mebellərin içində nə əcəb köhnə royal saxlayırsınız?”.
“Yox, nə danışırsan?” –qayınanası əsəbiləşmişdi. – “Nə qədər ki, mən sağam, bu royal satılmayacaq. Ancaq mən öləndən sonra bu royal evdən çıxa bilər”, – demişdi.
Asifin anası Nərminə xala bu royalı çox sevirdi. Bu royal ona babasından yadigar idi. Almaniyada yaşayan babası sevimli nəvəsinə yeddi yaşında bu royalı hədiyyə göndərmişdi. Ona görə Nərminə xala babasının bu hədiyyəsini göz bəbəyi kimi qoruyub saxlamışdı. Düzdür, vaxt, zaman özünü göstərmişdi. Röyal illər keçdikcə rəngini dəyişmiş, solmuşdu. Gözəlliyi, üstündəki naxışları qorunub saxlanmışdı. İllər bu naxışlara toxunmamışdı. Səksənyaşlı bu royal onun evinin köhnə “sakini” və otağının yaraşığı idi. Bu royalı o qədər adam pulu ilə almaq istəmisdi,ancaq Nərminə xala razılaşmamış, evinin bu “ağır çəkili sakinini” heç kimə verməmişdi . Nərminə xala artıq dünyada yox idi. Asifin həyat yoldaşının dili açılmışdı:
– Gəlib-gedən var. Royalı sataq getsin. Evin yaraşığını pozur.
Asif hər gün arvadının giley-güzarını eşitməkdənsə, köhnə royalı satmağın tərəfdarı idi. Anası öldükdən sonra bu royala daha da bağlanmışdı. Elə düşünürdü ki, bu royal satılsa, anası ilə bağlı bütün xatirələri ömürlük itirəcək. Hər dəfə işdən gələndə royalın qarşısında dayanar, analı xatirələr gözünün qabağından kino lenti kimi gəlib keçərdi. Anası musiqi müəlliməsi idi. Bu evə nə qədər uşaqlar gəlib-getmişdi... Bu royalı nə qədər uşaq səsləndirmişdı... Hələ özü... Axı özü də bu royalda nə qədər mahnılar çalmışdı... Royalı satmaq ona çox ağır gəlirdi. Elə bilirdi, anasının yadigarını satmaqla onun xatirələrini də satırdı.
Çox fikirləşdikdən sonra, Asif royalı satmaq qərarına gəldi. ”Mən satmasam, uşaqlar satacaq”, – deyə düşündü. – “Onsuz da köhnə royaldı. Kimin nəyinə lazımdı? Bir az çalıb atacaqlar”.
Belə düşüncələrlə köhnə musiqi alətləri satılan dükana gəldi. Burada onun tanıdığı bir qoca royal ustası işləyirdi. Salamlaşıb hal-əhval tutduqdan sonra anasının köhnə royalından bəhs etdi. “Evdə yer tutur, satmaq istəyirəm”, – dedi.
Usta:
– Yaxşı, sabah gəlib baxaram.
Asif sağollaşıb evə qayıtdı. Həyat yoldaşına royalı satmaq üçün musiqi alətləri satılan dükana getdiyini və sabah ustanın gəlib baxacağını, qiymət qoyacağını dedi.
Bu söhbətdən xanımı çox sevindi. Artıq köhnə, evinə yaraşmayan royaldan canı qutaracaqdı.
Ertəsi gün Asifin çağırdığı usta deyildiyi kimi, vaxtında gəlib çıxdı. Kənardan eynəyinin altından diqqətlə bu alman royalına baxıb, qaşlarını çatdı:
– Asif, royala söz ola bilməz, qədimi royaldı. Bu yaşıma qədər belə royal görməmişəm. Bu royal qiymətsizdi, – deyib royala yaxınlaşdı. Royalın qapağını açıb əlini rəngi solmuş, qaralmış dillərinə toxundurdu:
– Kökdən də düşüb. Deyəsən, heç vaxt köklənməyib. Bəs ananız bunu necə çalırdı?
– Bilirsiniz, anama royalı kökləyək deyəndə əsəbiləşirdi. Heç vaxt usta gətirməyə qoymurdu. Deyirdi, belə yaxşıdı.
– Niyə görəsən? Usta öz-özünə sual verdi. Sonra royalın üst hissəsini sökməyə başladı. Nədənsə şübhələnmişdi. Nə axtardığını, deyəsən, bilirdi. Bir neçə saat royalın içində vurnuxduqdan sonra qışqırdı:
– Tapdım! Asif tapdım! Şirinliyini verəcəksən!
– Nəyi tapdınız?
– Ananızın royalı satmamasının səbəbini tapdım.
– Bunu bilməyə nə var ki, babasının hədiyyəsi idi.
– Yox, Asif, səbəb o deyildi. Səbəb royalın simlərinin qızıldan olmasıdı.
Asif eşitdiklərinə inanmadı. Göz bəbəkləri hədəqəsindən çıxdı:
– Ola bilməz! Bu qədər sim qızıldan ola bilməz!
– İnanmırsan, gəl özün bax. Usta royalın içərisində olan yazını ona göstərdi.
– Bu royal qiymətsizdI, satıla bilməz. Qaydalara görə, yalnız muzeyə verilə bilər. İstehsal tarixinə bax: 1920. Ölkədə cəmi on dənə istehsal olunub. Biri də sizdədi. O dövrdə belə royalları ölkənin ən varlı insanları alırdı. Ananızın babası Almaniyada nə işlə məşğul olurdu?
– Düzü, heç yaxşı bilmirəm. Bircə onu bilirəm ki, ingilis və alman dillərini yaxşı bilirdi. Çox savadlı adam idi. Səfirlikdə işləyirdi. Tez-tez yerlərini dəyişirdilər. Müxtəlif ölkələrə gedirdi. Amma son zamanlar Almaniyada çalışırdı. Royalı da anama yeddi yaşı olanda oradan göndərib.
– Görürsən, anan qorxusundan sənə də deməyib.
– Görəsən, nədən qorxurdu?
– Qorxurdu ki, hökümət bilər və əlindən alar. Bir vaxtlar Almaniya hökuməti bu royalları özü axtarışa vermişdi, hətta qəzetdə də çıxmışdı. Royalı təhvil verənə pul verirdilər. Səksəninci illərdə cəmi üçünü tapmışdılar. Yeddisi isə hələ də tapılmayıb. Görürsən, dördüncünü mən tapdım. Mənə şirinlik düşür.
Asif də, yoldaşı da, uşaqları da mat-məəttəl qalmışdılar. Həyəcanla bu qoca ustanı dinləyirdilər. Sevinsinlərmi, gülsünlərmi, bilmirdilər. Nə edəcəklərini də bilmirdilər. Donub qalmışdılar.
– Niyə sevinmirsiniz? Evinizdə bu boyda xəzinə var. Sabah bütün qəzetlər sizdən yazacaq. Bütün dünya sizdən danışacaq. Tanınmış insanlardan biri olacaqsınız . Hökumət bəlkə sizə pul da verdi.
Arvadı:
– A kişi özünə gəl, noolub sənə, görmürsən deyir pul verəcəklər? Sevinərək Asifi silkələdi.
– Dayan görüm, səninki də elə pul olsun. Biz fikirləşərik, usta.
Asif arvadının əlini itələyib ona göz ağartdı. Sonra usta ilə bir qədər söhbətdən sonra onu qapıya qədər yola saldı. Xahış etdi ki, anasının royalı barəsində heç kimə bir söz söyləməsin. Usta başı ilə razılıq edib, gülümsəyərək qapıdan çıxdı. Deyəsən, Asifin qərarından məmnun idi.
Asif otağa qayıdıb :
– Biz royalı satmayacağıq. Muzeyə də verməyəcəyik. Bu royal ömürlük evimizin sakini olacaq. Ona görə ki, o bizim üçün çox qiymətlidi, həm də anama babasından yadigardı. Anam bu ənənəni qoruyub saxladı. Əgər anam nəfsinə hakim olub, ən çətin günlərimizdə belə onu satmadısa, deməli, biz də satmayacağıq. Biz də bu ənənəyə sadiq qalacağıq. Onu qoruyub-saxlayacağıq. Nəsildən-nəsilə ötürəcəyik...
Otağa sükut çökdü. Asifin qərarını hamı başı ilə təsdiq etdi.
– Əhsən, – deyib Asif övladlarından məmnun qalaraq sevincindən kövrəldi və gözündən axan yaşı əli ilə sildi. Bir anlıq anasınin nəfəsini hiss etdi..
...Gecə anası Asifin yuxusuna gəldi. Gülümsəyirdi. Deyəsən, babasının yadigarını satmadığına görə oğluna minnətdarlıq edirdi...
Məlahət Hümmətqızı