Son günlər ölkə ərazisində koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Bu hal nə qədər gözlənilən olsa da, virusdan qorunmaq, yoluxma risqini aşağı salmaq mümkündür. Bəs görəsən, indi yayılan COVİD 19 virusu ilə, bir neçə ay öncə yayılan virus arasında fərqlər varmı? Virusun ilkin simptonları nələrdir? Yoluxma risqini aşağı salmaq üçün nələrə diqqət etmək lazımdır?
Bütün bu suallara aydınlıq gətirmək üçün, hafta.az-ın əməkdaşı mütəxəssisə müraciət etdi.
Həkim-pediatr, infeksionist Hümmət Əhmədov deyir ki, artıq may ayından etibarən koronaviruslu xəstələrlə işləyir. May-iyun aylarında yayılmış virusla indiki arasında bir neçə fərq mövcuddur:
“Hazırda rast gəldiyimiz xəstəlik nümunələri, may-iyun aylarındakından müəyyən qədər fərqlənir. O dövrdə əsas simptomlar başqa idisə, hazırda daha fərqlidir. Virusun genotipi və mutasiyaya uğrayıb-uğramaması haqqında dəqiq bir şey deyə bilmərəm, lakin müəyyən fərqlər var. İndi yayılmış COVİD-19-un may ayındakından daha çox simptomlu, daha ağır gedişli olduğunu düşünürəm”.
H.Əhmədov söyləyir ki, buna bir neçə amil təsir də bilər. Hazırkı məqamda virusun kəskin artmasının əsas səbəblərindən biri isə fəsil dəyişkənliyidir:
“Digər səbəb yay fəslində karantin və sosial təcridlə bağlı olaraq, lazımi qədər günəş şüası almamaqdır. Bütün bunlar payız-qış mövsümünə daha zəif girməyimizə səbəb oldu. Ola bilsin ki, virus əvvəlki gücündədir, lakin biz daha zəifik. Qidalanma və yuxu rejiminin zəifliyi, psixoloji faktorlar bizi müəyyən qədər xəstəliyə qarşı daha həssas edir. Orqanizmin immunitet sistemi zəifləyir. Belə olan halda istənilən xəstəlik daha ağır keçir. Üstəlik, hazırda mövsümi xəstəliklər, qrip, adenovirus, respirator infeksiyalar, tənəffüs yolu infeksiyaları da koronavirusla yanaşı yayılır. Bu xəstəliklər hər zaman olub. COVİD-19 mövsümi xəstəliklər kimi adiləşənə qədər insan sağlamlığı üçün olduqca təhlükəlidir. Ölkənin 60-70 faizi virusa yoluxmaqla, xəstəliyə qarşı kollektiv immunitet yarana bilər”.
Mütəxəssis onu da bildirir ki, qış aylarında maskadan istifadə etmək bizi nəinki COVİD-19-dan, hətta bütün respirator xəstəliklərindən qoruyur:
“Hazırda pandemiya digər sosial məsələlərlə bağlı olaraq arxa plana keçmiş olsa da, tibb məntəqəsi tam olaraq xəstə ilə doludur. Həkimlərimiz indi iki cəbhədə, iki fərqli düşmənə qarşı mübarizə aparır. Belə bir vaxtda hər bir vətəndaş həm dövlətimizin, həm həkimlərimizin, həm də özünün işini çətinləşdirməmək üçün daha diqqətli olmalıdır. Əgər Bakı sakini gedib Masallıda, Qubada, İsmayıllıda oturub, COVİD-19-dan müalicə almaq istəmirsə, mütləq müəyyən qaydalara riayət etməlidir. Maskadan istifadə, yaxın təmasdan çəkinmək, əl gigiyenasına diqqət etmək başlıca qorunma üsullarındandlır”.
İnfeksionist onu da qeyd edir ki, yay mövsümündəki ilə hazırda virusa yoluxub sağalan xəstələrin dinamikasına baxsaq görərik ki, indi xəstəlik daha ağır keçir, bu da məhz mövsümi proseslə bağlıdır. Qrip virusuna yoluxan insan üçün COVİD-19 nisbətən daha riskli olacaq.
Son zamanlar koronaviruslu xəstələrdə müşahidə edilən dəyişikliklər bununla da kifayətlənmir. Həkim deyir ki, xəstəliyin ilkin simptomlarında da fərqliliklər müşahidə olunur.
“Hazırda koronavirusun əsas simptomları arasında qastroentoloji simptomlar, öyümə-qusma, ishal, qəbzlik daha çoxdur. Bundan əlavə, xəstələrdə burun tutqunluğu olur, amma burunaxma olmur. Daha çox iştahsızlıq müşahidə edilir. Əvvəlkindən fərqli olaraq, qızdırma və quru öskürək hazırda ikinci plana keçib, mədə-bağırsaq simptomları, halsızlıq və iştahsızlıq ön plandadır. İndi xəstələr iyi hiss etməsələr də, dadbilmədə problem yaşamırlar”.
Həkim sonda insanları daha diqqətli olmağa çağırdı. Xəstəliyin ağırlaşmaması və ölüm hallarını yaşanmaması üçün, belə məqamlarda mütəxəssislərə müraciət etmək olduqca vacibdir:
“Xəstələr bacardıqca ev şəraitində müalicə almamağa çalışsınlar. Alsalar belə, həkim nəzarətində olmaq mütləqdir. Nə qədər ki, ölkədə COVİD-19 mərkəzlərində yer var, burada müalicə almaq daha məsləhətlidir”.
Elə biz də xəstəliyə yoluxmamaq, həm özümüzün, həm də yaxınlarımızın sağlamlığını qorumaq üçün məsuliyyətli olmağı tövsiyə edirik. Unutmayaq ki, hər şey öz əlimizdədir.