Koronavirus yenidən aktivləşib - Diqqətli olaq

15:53 15.10.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son günlər koronavirusa yoluxma halların artması narahatlıq doğurur. Statistikaya nəzər salsaq görərik ki, hər ötən gün COVID-19-a yoluxanların sayı sürətlə artır. Məsələn, ötən gün ölkəmizdə koronavirus infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, virusdan daha 4 nəfər həyatını itirib.  

Ötən gün sağalanların sayı 102 nəfər olub. Bu gün isə 530 yeni yoluxma faktı qeydə alınıb. Son sutka ərzində 3 nəfər bu virusdan vəfat edib. 101 nəfər sağalıb ki, bu da yoluxanların sayının sağalanların sayını üstələdiyini göstərir. Təbii ki, müharibə və hərbi vəziyyət şəraitində olan bir ölkə üçün bu mənzərə heç də ürəkaçan deyil. Mütəxəssislər də hesab edirlər ki,  hazırkı çətin dövrdə ön cəbhədə Qarabağ uğrunda gedən döyüşlər naminə birləşən xalqımız koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməlidir. Onların fikrincə,  vətəndaşlar  ön cəbhədəki düşmənlə yanaşı, arxa cəbhədəki gözəgörünməz düşməni də unutmamalıdırlar.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla da deyib ki, vətəndaşlar bu məsələyə məsuliyyətli yanaşmalıdırlar:  “Məlumdur ki, hazırda müharibə gedir, amma bununla yanaşı karantinin şərtləri unudulmamalıdır. Hətta döyüş yerlərində əsgərin qidalanması, istirahəti zamanı karantin davranışlarına ciddi əməl olunmalıdır. Yəni hər addım yoluxmanın qarşısını almaq bizim işimizə çevrilməlidir. Lakin çox təəssüflər olsun ki, əksər hallarda karantin qaydalarına riayət olunmur. Bütün yoluxmaların əsasında karantin davranışlarının pozulması dayanır, indi sanki bunlar bir az yaddan çıxıb. Ona görə vəziyyət ciddiləşməlidir və buna nəzarət edən qurum lar öz işiylə məşğul olmalıdır”.

Ekspert onu da vurğulayıb ki, davranışlara ciddi riayət edilərsə, pandemiyanı yüngül formada keçirmək mümkündür: “Biz bilirik ki, dezinformasiya nəticəsində xeyli adamlar bu infeksiyanı inkar etdilər, maska taxmadılar, sosial məsafə gözləmədilər, dezinfeksiya tədbirlərinə riayət etmədən küçələrdə rahat davrandılar. Nəticədə böyük yoluxma başlandı. Digər tərəfdən, müəyyən radikal dini və anti-qərb dairələrindən belə dezinformasiyalar yayılırdı ki, guya, insanların bədəninə çip yerləşdirmək üçün belə infeksiya yayıblar, adamlar da buna daha çox meyllənirdilər. Bunun özü xeyli insanı xəstəliklə üz-üzə qoydu. İndiki şəraitdə isə vətəndaşlarımız daha məsuliyyətli olmalıdırlar. Güman edirəm ki, ilin sonuna pandemiya sona çatacaq. Çünki virusun bir ildən çox yaşama imkanı real görünmür. Əgər virus bir ildən çox yaşayırsa, o təbii yox, süni, labarotor virusdur. Sadəcə, payız aylarının özəlliyi odur ki, soyuqdəymə xəstəliklərinin də çəkisi artır, qızdırma, halsızlıq, öskürək, qrip müşahidə olunur. Bu dövrdə maska taxmaq və məsafə gözləmək əhalini respirator xəstəliklərdən xilas edə bilər”.

Məsələyə münasibət bildirən tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva da hesab edir ki, hazırda biz çox çətin və məsuliyyətli bir dövrdən keçirik:

“Bu gün  mübarizəmiz tək bir cəbhədə getmir. Bütün dünyada, o cümlədən ölkəmizdə yeni növ koronavirus pandemiyasının bitmədiyini unutmamalıyıq. Digər ölkələrlə müqayisədə Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altında olsa da, son zamanlar yoluxma saylarındakı artım bizi daha dərindən düşünməyə və ikiqat məsuliyyətli olmağa vadar edir. Bilməliyik ki, ön xətdə savaşan qəhrəman Vətən övladlarına dəstək olmaq üçün arxa cəbhənin öz sağlamlığının qeydinə qalması olduqca vacibdir. Çünki biz qaydalara əməl etməməklə hərbçilərimizin də sağlamlığına təhlükə yarada bilərik. Bir yandan da yaralıları düşünmək, xəstəxanaların yüklənməməsinə, tibbi kadr çatışmazlığının yaranmamasına çalışmalıyıq. Bunun üçün üç qızıl qaydaya riayət etmək – maska taxmaq, əl gigiyenasına diqqət yetirmək və sosial məsafə saxlamaq olduqca vacibdir”.

Ekspert əlavə edib ki, adətən payız-qış mövsümündə soyuqlama hallarının artımı müşahidə olunur. Bu zaman immunitet aşağı düşür ki, nəticədə da qrip və digər respirator xəstəliklərə yoluxma riski artır: “Bir şəxsin həm qrip, həm də koronavirusa yoluxması fəsadlaşmalara yol aça bilər. Odur ki, xüsusi karantin rejiminin tələblərinə, mütəxəssislərin tövsiyələrinə əməl etməklə nəinki koronavirusa, o cümlədən qrip və digər respirator xəstəliklərə yoluxmaqdan qaçmaq olar. Ordumuza daha yaxşı dəstək göstərmək, əsgərlərimizin sağlamlığına təhlükə törətməmək üçün hər kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıram”.

Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, təkcə Azərbaycanda yox, bütün dünyada iqlim dəyişməsi, havaların tədricən soyuması, eyni zamanda immunitetin payız-qış aylarında aşağı düşməsi insanlarda virus təhlükəsinə qarşı tədbir görmək zərurəti yaradır: “Artıq Azərbaycanın Quba, Şəki və Sabirabad zonalarında yoluxma hallarında ciddi artımın olması bizi bir daha ayıq-sayıq olmağa sövq edir. Hesab edirəm ki, koronavirusla mübarizədə fərdi məsuliyyət önə keçməlidir. Aprel-may aylarında biz kollektiv məsuliyyətdən daha çox danışırdıqsa, indi fərdi məsuliyyət qabağa keçməlidir. Çünki artıq hər kəsin virus nədir, özünü necə aparır, digər simptomları və virusdan qorunma yollarının nədən ibarət olması barədə kifayət qədər məlumatı var. Ona görə də hər kəsi xüsusi karantin rejiminin qaydalarına riayət etməyə, maska taxmağa və şəxsi gigiyenanı gözləməyə çağırıram. Dünyada yayılmış qorunma vasitələrindən vətəndaşlarımız da istifadə etməlidir. İnsanların toplaşdığı qapalı məkanlarda mütləq maska ilə hərəkət etməliyik. Ümumiyyətlə, çalışmalıyıq ki, toplantılar olmasın. Dezinfeksiyaedici məhlullardan daim istifadə olunmalıdır. Bir sözlə, virusa, o cümlədən digər qrip viruslarına qarşı imkan daxilində immunizasiya aparmaq lazımdır. İmmuniteti gücləndirən dərman vasitələrindən istifadə vacibdir. Havaya uyğun geyinməyi də unutmaq olmaz.

Nəzərə almaq lazımdır ki, virusun müalicəsi üçün spesifik dərman hələ ortada yoxdur. Vaksin geniş yayılmayıb, tətbiq olunmur. Ancaq bəlli vasitələrlə özümüzü qorumalıyıq. Təbliğat və maarifləndirmə işləri də daim gündəmdə olmalıdır”.