Bu gün kredit faizlərinin yüksək olması bank sektorunda ən ciddi problemlərdən sayılır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov da mövcud problemin fərqində olduqlarını bəyan edib. Baş bankir bildirib ki, bank faizlərinin formalaşması dörd amildən ibarətdir: “İlk növbədə bu gün depozit faizləri 6-8 faizdirsə, bu, bankın verəcəyi kreditin maya dəyərinin ən azı 6-8 faizini təşkil edir. Sonra həmin borcalanın kredit riski bunun üzərinə gəlir. Bundan əlavə, bankın əməliyyat xərcləri var, o da 1-2 faiz arası olduqda faizlər artır. Üstəgəl, bankın marjası da var. Məndən soruşsanız ki, belə olmalıdırmı, deyərəm yox. Mən də başa düşürəm ki, faizlər yüksəkdir. Keçən dəfə ABŞ ilə müqayisə aparıldı. Axı ABŞ-də biznesin xalis mənfəəti bizdəki kimi 15 faiz deyil, orada aşağıdır. Biz faizləri aşağı salmaq üçün depozitlərimizi aşağı salmalıyıq. Amma etiraf edək ki, 4-5 faizlə depozit qoyan olmayacaq”.
Məsələyə münasibət bildirən bank və maliyyə eksperti Əkrəm Həsənov isə hesab edir ki, ölkədə bank faizlərinin yüksək olmasının üç əsas səbəbi var: “Birinci və ikinci səbəb bankların maliyyələşdirilməsi, əmanətlərin faizi ilə bağlıdır. Bilirik ki, banklar digər müştərilərdən cəlb etdiklərini kredit şəklində verir. Bu da əsasən bank əmanətləridir. Bizdə bank üzrə qorunan əmanət faizi yerli valyutada 12, xarici valytada isə 2.5 faizdir. Bunu da Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası müəyyən edib. 12 faizlə əmanət qəbul edən bank 5-6 faizlə necə kredit versin? Ziyanla işləməlidir? Bankın özünün də xərcləri var və qazancı da olmalıdır. Təbii ki, əmanət faizləri enərsə, buna əsasən banklarda kredit faizləri də enmiş olacaq. Digər tərəfdən Mərkəzi Bank bütün banklara krediti bərabər formada vermir. Burada da inhisarçılıq var. Təbii ki, bir neçə bank Mərkəzi Bankın ucuz kreditini alır, o birilər kənarda qalır və kredit faizləri yüksək olur. Lakin bu, bütün banklara şamil edilsəydi, rəqabət şəraitində kredit faizləri enəcəkdi. Kredit faizlərinin yüksək olmasının digər səbəbi ölkədə investisiya mühitinin əlverişli olmamasıdır. Məhkəmə-hüquq sistemi sahibkarlar, banklar, vətəndaşlar üçün qənaətbəxş deyil. Qeyri-müəyyənliklər çoxdur. Heç kəs bilmir ki, məhkəmələr sabah onların işinə necə baxacaq. Qeyri-rəsmi və rəsmi xərclər çoxdur. Banklara da məhkəmə sistemindəki bu vəziyyət bəlli olduğundan onlar öz gələcək itkilərini faizə qoyurlar. Biz gərək məhkəmə sistemini də düzəldək”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də hesab edir ki, bank sektorunda faiz dərəcəsinin yüksək olması ilə bağlı problem çoxşaxəlidir: “Bu gün Azərbaycanda ilk beşlikdə olan bank var ki, bunlar ümumilikdə bank sektorunun demək olar ki, aktivlərinin 70 faizə qədər bir hissəsini əhatələndirməkdədir. Bu gün ölkədə 23 bankdan 17-si 30 faizdən çox paya malikdir. Bu, həmin bankların kiçik həcmli olmasını göstərir. İkincisi, bu onu göstərir ki, bank sektorunun özündə bir monopoliyalaşma var. Bu sektorun sistem, qeyri-sistem banklara ayrılmasının özü, təbliğatın bu şəkildə aparılması kiçik banklara olan marağı, eləcə də insanlarda etimadı azaldır. Eyni zamanda, bank sektorunda hazırda risklər ötürülür. Yəni daha çox faiz dərəcəsinin yüksək olmasının səbəbləri sektor üzərində risklərin yüksək olmasından irəli gəlir ki, bu riskləri aradan qaldırmaq üçün yüksək faiz dərəcəsinə gedilir. Bu gün bankların fəaliyyət alətləri bizdə azdır. Ancaq kreditləşmənin üzərində qurulub. Burada, ümumiyyətlə, xarici bankların gətirilməsi baxımından da ölkədə maliyyə alətlərinin sayı artırılmalıdır. Maliyyə alətləri içərisində kapital bazarının inkişafı, alternativ maliyyə alətlərinin inkişafı, o cümlədən islam maliyyə alətlərinin də bazara gətirilməsinə ehtiyac var. Bu alətlər inkişaf etdirildikcə, mühitin inkişaf etməsi üçün daha geniş şərait yaradılmaldıır ki, faiz dərəcələri avtomatik olaraq yaranan mühitdən bazarın tələb-təklifi əsasında özü aşağı düşsün. Bu gün onu təzyiqlə aşağı salmaq risklərin daralmasına gətirib çıxarar”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da bildirib ki, hazırda depozit faizləri ilə kredit faizləri arasında mütənasibliyin qorunub saxlanmasına və daha aşağı faizli kreditlərin təklif edilməsinə ehtiyac var: “Bu istiqamətdə Mərkəzi Bank tərəfindən sistemli şəkildə fəaliyyətlərin həyata keçirilməsi və kredit faizlərinin optimallaşdırılması vacibdir. Təbii ki, Mərkəzi Bank tərəfindən bu istiqamətdə müəyyən addımlar atılır. Amma nəzərə alaq ki, bir sıra digər faktorlar - mənfəət normasının yüksək olması, bank sektorunda rəqabətin güclü olmaması səbəbindən kredit faizləri yüksək təklif edilir. Hesab edirəm ki, Mərkəzi Bankın bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi nəticəsində kredit faizlərinin azalması müşahidə oluna bilər”.
Millət vəkili vurğulayıb ki, hazırki vəziyyət həm də bank sektorunun özü üçün risklər yaradır: “Bu səbəbdən yüksək faizlə verilmiş kreditlərin geri qaytarılması ilə bağlı çətinliklər olur. Faizlər yüksək olduğundan vətəndaşlarımız bir sıra hallarda kredit götürdükdən sonra geri qaytarılması ilə bağlı problemlər yaşayırlar. Bu da bütövlükdə vətəndaşlarımızın sosial təminatı baxımından arzuolunan hal deyil. Ona görə də, kredit faizlərinin optimallaşdırılması və aşağı salınması ilə bağlı işlərin davam etdirilməsi və daha aşağı kreditlərin təklif edilməsi istiqamətində fəaliyyətlərin gücləndirilməsi olduqca vacibdir”.