Kredit kartı dələduzları – özümüzü necə qoruyaq?

16:59 19.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar ölkədə kredit kartları ilə bağlı dələduzluq halları xeyli artıb. Həm müasir texnologiyaların inkişafı, həm də bəzi insanların məsuliyyətsizliyi xoşagəlməz halların yaşanmasına gətirib çıxarır.

Bəs görəsən bu tip hallarla qarşılaşmamaq üçün nə etməli? Kredit kartlarımızı, onun gizliliyini hansı şəkildə qorumaq mümkündür? Hafta.az-ın əməkdaşı, kartlardan düzgün istifadə və digər məsələləri mütəxəssislərlə müzakirə etdi.

Banklar Assosiasiyasının ekspert qrupunun üzvü Firuz Manafov bununla bağlı saytımıza danışarkən söylədi ki, belə  halların qarşısının tam alınması bəzən mümkün olmur. Amma, riskləri minimuma endirmək olar. Bunun üçün aşağıdakı qaydalara riayət etmək lazımdır:

1. Pin kodu unutmamaq, kartin üzərində yazmamaq və heç kimə deməmək (hətta, bank əməkdaşı və ya vəzifəli şəxs olsa belə)

2. Plastik kartı "SMS xəbərdarlıq", "mobil banking" və "3D secure" xidmətinə qoşmaq

3. Bankomatdan və ya Pos terminaldan çıxan çekləri ətrafa atmamaq.

4. Saytlar üzərindən alış veriş edərkən diqqətli olmaq. Saytın dizaynı, bölmələrinə və keçidlərinə, ünvanına fikir vermək. Bəzi hallarda saytlar istifadəçiləri digər saytlara atır. Bu da saytın təhlükəsizliyinin aşağı olmağı anlamına gəlir

5. Kartı itirdikdə və ya kart oğurlandıqda dərhal banka və ya prossesinq mərkəzinə müraciət etmək və kartı bloklamaq.

Daha sonra məsələyə bir də, informasiya təhlükəsizliyi mütəxəssisinin gözü ilə baxmaq istədik.

Sahil İT şirkətinin direktoru, İT mütəxəssisi Vahid Qasımovun mövzu ilə bağlı fikirlərini öyrəndik. O deyir ki, nəğdsiz ödənişlərin təhlükəsizliyini insanlar özləri yox, banklar təmin edir.

""Visa", "MasterCard" kimi sistemlərdə çoxdandır ki, "3D secure" təhlükəsizlik istifadə olunur. Yəni ödəniş olunduğu zaman, nəinki kartın üzərində olub oğurlana bilən məlumatlar, hətta kartın arxasında olan CVC kod tələb olunur. Bundan başqa belə hallarda mütləq şəkildə kart sahibinin telefon nömrəsinə sms vasitəsilə kod gəlir, onu daxil etmədikdə heç bir ödəniş onlayn olaraq həyata keçirilə bilmir".

Ekspert onu da qeyd etdi ki, kredit kartlarından oğurluq ən çox onlayn ödənişlərdə baş verir. Bir çox hallarda isə insanlar özləri məsuliyyətsiz davranır:

"Məsələ ondadır ki, kartın üzərindəki məlumatlar niyə başqasının əlinə keçsin axı?

Mənim ən çox qarşılaşdığımız problem budur ki, insanlar hardansa uzaq məsafədən pul göndərilərkən, kartın üz qabığının şəklini çəkib qarşı tərəfə yollayır. Kiməsə kömək məqsədilə pul toplanan zaman da kartın üz qabığının şəkli açıq şəkildə paylaşılır. Hansı ki, burada nömrələr, sahibinin ad soyadı, keçərlilik müddəti aydın şəkildə görünür. Belə halların qarşısını almaq lazımdır. Karta köçürmə zamanı, qarşı tərəfə onun sadəcə nömrəsini göndərmək kifayətdir.  Şəkil çəkildiyi halda belə tarixlə bağlı bölmə mütləq şəkildə bağlanmalıdır ki, pis niyyətli insanlar buradan heç bir vəsait çıxara bilməsinlər".

V.Qasımov "wi fi"li kartlarla bağlı dələduzluq hallrına da münasibət bildirdi. Mütəxəssis deyir ki, onlardan istifadə zamanı çox vaxt oğurluq baş verə bilər:

"Bizdə belə kartlardan çox az istifadə olunur. Həm bir çox bank ondan istifadə etmir, həm də marketlərin aparatları bu kartı  dəstəkləmir. Bu texnologiya geniş yayılmadığına görə, oğurluq halları yaşanmır. Başqa yerlərdə bəzən olur ki, dələduzlar əl terminalları vasitəsilə pul çıxara bilirlər.

Tutaq ki, siz, kartınızı çantanızın alt tərəfinə atmısız və ictimai nəqliyyatda dayanmısız. Əlində post terminal olan bir insan ora müəyyən məbləği yazıb çantanıza yaxınlaşdırsa ehtimal var ki, icazəniz olmadan pul çıxarsın. Bu artıq başqa bir məsələdir. Kartı elə saxlamaq lazımdır ki, bu  cür dələduzlar üçün əl çatan olmasın.

Onu hara gəldi yox, daha güvənli yerə, məsələn digər kartlarla birlikdə pul qabıya qoymaq lazımdır. Bu bəsit şeylərə riayət olunduğu zaman kartdan məbləğin oğurlanması mümkün olmayacaq. Əsas olan odur ki kartın şəklini heç kimə göndərmək olmaz".

Bəli, elə ekspertlərin də dediyi kimi, belə xoşagəlməz hallarla qarşılaşmamaq üçün ilk növbədə diqqətli olmaq lazımdır. Bəzən bizə xırda görünən qaydalara əməl etmək, yarana biləcək böyük fəsadların qarşısını alır.

Oxunma sayı 401