Krımdakı Xansaray UNESCO-nun mədəni irs siyahısına salınmayacaq

10:04 27.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya tərəfindən işğal edilmiş Krımın qondarma administrasiyası tərəfindən bərpa adı altında dağıdılmış Krım tatar saray memarlığının dünyada yeganə nümunəsi olan Xansaray, tarixi orijinallığını itirdiyi üçün artıq UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməyəcək.

Hafta.az-ın yazdığına görə, Krım-tatar tarixçisi Gülnarə Abdullayeva “Ukrinform”a müsahibəsində rus işğalçılarının Hansarayın orijinallığını qəsdən məhv etdiyini bildirib və “Krım tatarlarının mədəni irsindən danışsaq, 1944-cü ildən sonra bizə çox az abidə qalıb, amma indi qalanlar da məhv edilir. Daha doğrusu, planlı şəkildə məhv edilirlər. Onlar Krım torpaqlarında Krım tatarlarının tarixi və genetik yaddaşını silirlər. Məsələn, biz Xansarayı itiririk. Binanın orijinallığı zədələndiyi üçün Xansaray artıq UNESCO-nun Dünya İrs Siyahısına daxil edilə bilməz” deyib.

Krım işğaldan azad edildikdən sonra Ukraynanın tarixi abidələrin bərpasında dünya təcrübəsindən yararlanmağa ehtiyac duyacağını bildirən tarixçi “Dünyada tarixi abidələrin bərpası təcrübəsi var. Məsələn, Varşava müharibə zamanı tamamilə dağıdıldı və sonradan yenidən quruldu. Hesab edirəm ki, Krımda da eyni şey olacaq. Biz onu bərpa edəcəyik, lakin çox genişmiqyaslı dağıntı ilə üzləşəcəyimizə hazır olmalıyıq” deyə bildirib.

Bundan əvvəl Krım Tatar Milli Məclisinin (KTMM) və Dünya Krım Tatar Konqresinin (DQTK) sədri Refat Çubarov Rusiyanın işğalı altında olan Krımın Baxçasaray şəhərində yerləşən Krım tatarlarının mədəni irsi olan Xansarayı məhv edənlərin cəzalandırılmasını tələb edib.