Bu səhər Rusiyanın növbəti kütləvi raket hücumundan sonra xarici işlər naziri Dmitri Kuleba tərəfdaşlarını Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə uzaq məsafədən zərbələr endirməsinə icazə verməyə və raket və pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə vasitələrinin istifadəsinə razılıq verməyə çağırıb.
Hafta.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, bu barədə Kuleba "X" sosial şəbəkəsində yazıb.
O, qeyd edib ki, Rusiya ilk növbədə mühüm mülki infrastruktura və enerji sisteminə kütləvi raket və dron zərbələri endirib, mülki əhali arasında tələfat və xəsarət alanlar olub, enerji obyektlərinə ziyan dəyib.
"Rusiyanın hücumlarının heç bir əsası yoxdur. Beynəlxalq ictimaiyyət onları qətiyyətlə pisləməli və real addımlarla cavab verməlidir. Rusiya terrorunu tez bir zamanda sona çatdırmaq üçün partnyorlarımızın qəbul edə biləcəyi iki konkret qərar var. Birincisi, Ukraynanın Rusiya ərazisindəki bütün qanuni - legitim hərbi hədəflərə uzun mənzilli zərbələr endirilməsinə razılıq vermək. İkincisi, onların hava məkanı yaxınlığında raketləri və pilotsuz təyyarələri vurmaq üçün tərəfdaşların hava hücumundan müdafiə imkanlarından istifadə etməyə razılaşmaq”, - deyə Kuleba vurğulayıb.
O, vurğulayıb ki, bu qərarların heç biri gərginliyi artırmaq üçün deyil, əksinə - onlar Rusiyanı çəkindirəcək, Rusiya hücumlarının, eləcə də onların qurbanlarının sayını azaltmağa kömək edəcək.
Xatırladaq ki, bu gün Ukrayna kütləvi hücuma məruz qalıb. Ruslar raketlər və pilotsuz uçuş aparatları ilə hücuma keçiblər. Bəzi bölgələrdə ölüm halları var. Həmçinin şəhərlərdə işıq və su təchizatı yoxdur.