Kurikulum əsasında yeni tədris vəsaitləri

18:15 04.04.2018
Yazını böyüt
Yazını kiçilt

Müxtəlif fənlər üzrə vəsaitlərin hazırlanması ilə bağlı işlər davam edir

Dövlət İmtahan Mərkəzində (DİM) yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, ədəbiyyat, ingilis dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənlərindən vəsaitlərin hazırlanması ilə bağlı işlər davam edir. DİM-dən AZƏRTAC-a bildiriblər ki, hazırda vəsaitlərin ayrı-ayrı bölmələrinə aid mövzuların müzakirəsi və təhlili yekunlaşmaq üzrədir.

Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci il oktyabrın 18-dən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Bakıda, eləcə də mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan regional bölmələrində hazırlıq kursları təşkil edir. Sözügedən kurslarda fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri, həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər.

Xatırladaq ki, 2006-cı ildən ölkəmizdə mütərəqqi dünya təcrübəsini özündə əks etdirən sənəd - "Azərbaycan Respublikasında ümumi təhsil Konsepsiyası (Milli Kurikulum)" qəbul olunub. Sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurikulumun tətbiqi isə “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurikulumu) əsasında həyata keçirilir. Ölkəmizdə kurikulum tətbiqinə 2008/2009- cu tədris ilindən birinci siniflərdə başlanılıb. Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır. Eyni zamanda, Milli Kurikulum demokratizm, humanizm kimi prinsiplərdən çıxış etməklə, şagirdlərin maraq və ehtiyaclarına cavab verən, mütəxəssislərin elmi yanaşmalarına söykənən, dövlətin təhsil siyasətini əks etdirən bir sənəddir. Bu sənədin tətbiqində məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. Bundan ötrü müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi dünya texnologiyalarından istifadə edilməlidir.

Mütəxəssislər hesab edirlər ki, təhsil sistemində aparılan islahatlar müasir dərsin məzmununun təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının tətbiqini tələb edir. İnteraktiv təlim metodlarından istifadə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Bu gün təlim-tərbiyə prosesində şagirdlərə daha çox müstəqillik verilməli, öz fikirlərini sərbəst, çəkinmədən söyləməyə, arzu və istəklərinə müvafiq məşğuliyyətlər seçməyə şərait yaradılmalıdır.
Kurikulum islahatları tədris prosesinin təşkilinə, müəllim-şagird münasibətlərinə yeni məzmun gətirir, müəllim-şagird münasibətlərinin tamamilə dəyişdirilməsini, onlar arasında əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını tələb edir. Belə olduqda şagird dinləyici deyil, fəal icraçı, bilikləri sərbəst və şüurlu şəkildə qəbul edən subyektə çevrilir. Ümumiyyətlə, kurikulum islahatlarında əsas prinsiplər tələbyönümlülükdən, nəticəyönümlülükdən, şagirdyönümlülükdən, inkişafetdiricilikdən ibarətdir.
Yeni təlim texnologiyalarının tətbiqi ilə keçilən müasir dərslər ənənəvi dərslərdən bir çox üstün cəhətləri ilə fərqlənir. Məsələn, ənənəvi dərsdə təlim müəllim-dərslik-şagird paradinamikası ilə qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim paradinamikası üstünlük təşkil edir və şagirdlərin hərtərəfli inkişafı təmin edilir. Müasir dərsdə gözlənilən nəticə əsasən alınır və dərs şəxsiyyətyönümlü olur.
Həmçinin müasir dərsdə inkişafetdiricilik əsas meyar kimi nəzərdə tutulur və s.
Müasir dərsin əsas cəhətlərirndən biri şagirdlərin fəallığıdır ki, buna da interaktiv təlim metodlarından istifadə etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən iş forması müəyyən edilir: fərdi, cütlərlə, böyük və kiçik qruplarla iş daha əlverişlidir. Şagird ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə də cütlərlə işdə fəallıq, şagirdlərin fəaliyyətində bir-biri ilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır.

Təbii ki, 2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları — kurikulumlar tətbiq olunduğundan yeni məzmunlu vəsaitlərin hazırlanması zərurəti yaranıb. Eyni zamanda, bu sistemlə təhsil alan şagirdlərin bacarıqlarının ölçülməsində yeni yanaşmaya ehtiyac duyulub. Bununla bağlı 2016-2017-ci tədris ilində orta məktəbin 9-cu siniflərində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi yeni model əsasında həyata keçirilib. Yəni, buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycan bölməsinin şagirdləri üçün — Azərbaycan dili, Rus bölməsinin şagirdləri üçün — Rus dili və hər iki bölmə üzrə riyaziyyat fənnindən ibarət olmaqla iki mərhələdə təşkil olunub.
Gələn ildən isə 11-ci siniflərdə təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi də yeni model əsasında həyata keçiriləcək. Çünki 1-ci sinifdən yeni təhsil proqramları əsasında təhsil alan şagirdlər 2019-cu ildə orta məktəbi bitirəcəklər. Gələn il üçün nəzərdə tutulan qaydalara əsasən, buraxılış imtahanında 3 fənn, qəbul imtahanında isə 2 fənn olmaqla, iki mərhələli ali məktəblərə və orta ixtisas təhsil müəssislərinə qəbul imtahanları keçiriləcək. Burada yenilik ondan ibarətdir ki, buraxılış imtahanında toplanılan bal qəbul imtahanında toplanılan balın üzərinə gələcək və ümumi toplam bal çıxarılacaq.
Məlumat üçün həmçinin bildirək ki, hazırda 2018/2019-cu tədris ilində XI siniflərin istifadəsi üçün hazırlanan 32 dərslik komplektinin qiymətləndirilməsi aparılır. Bu məsələ Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Hesabatda qeyd olunub ki, hazırlanan dərslik layihələri Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri, məktəblər tərəfindən qiymətləndirilməklə yanaşı, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilib.

Yeri gəlmişkən, Azərbaycanda ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi (qiymətləndirilməsi) qaydaları da dəyişdirilib. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründə istifadədə olan bütün dərsliklərin elmi-metodiki monitorinqi aparılırdı. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə çevriləndən sonra qurumun Nizamnaməsinə görə dərsliklərin monitorinqi (qiymətləndirilməsi) yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçirilir. DİM-in Nizamnaməsində göstərilir ki, qurum ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini aparmalıdır.
Xatırladaq ki, 2012-ci ildən 2016-cı ilədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən respublikanın ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadədə olan I-XI sinif dərsliklərinin (Azərbaycan və rus bölmələri birlikdə 391 dərslik, 154 müəllim üçün metodik vəsait) elmi-metodiki monitorinqi aparılıb. Belə ki, sözügedən qurum tərəfindən Bakı şəhərində və bölgələrdə dərslik müəlliflərinin iştirakı ilə dərsliklərin açıq müzakirələri keçirilib və bu müzakirələr internet vasitəsilə canlı yayımlanıb.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

rubrikasından digər xəbərlər