Lirə dəyər itirir – Məzənnə

12:25 06.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin milli valyutası ABŞ dolları qarşısında dəyər itirməyə davam edir. Belə ki, 2022-ci ilə qədər müəyyən artım və azalma ilə müşahidə edilən lirənin dollara nisbətdə səviyyəsi 2021-ci ilin dekabr ayında 18 lirədan 11 lirəyə endi. 2022-ci ili 13 lirədən başlayan milli valyuta həmin ilin mayınadək daha 12,3 faiz ucuzlaşıb. Daha sonra il ərzində valyuta ehtiyatlarından istifadə olunaraq məzənnə uzun müddət 18-19 lirə aralığında sabitləşdi. 2023-cü ildə isə lirə dollar qarşısında təkrar dəyər itirməyə başladı. Bəzi proqnozlara görə, bu ucuzlaşma 2023-cü ilin sonuna qədər davam edəcək və ilin sonunda 1 dollar 28-30 Türk lirəsinə bərabər olacaq.

Qeyd edək ki, lirənin ucuzlaşması elektron satış şəbəkələr üzərindən sifarişlərin həcminə də təsir göstərməkdədir. Hələlik həmin şəbəkələrdə Türkiyə məhsullarının lirə ifadəsində qiymətlərində kəskin dəyişiklik olmadığından belə sifarişlər səmərəli hesab olunur. Manat ifadəsində hazırda daha ucuz qiymətə Türkiyə məhsullarını elektron satış şəbəkələri vasitəsi ilə sifariş etmək mümkündür. Amma hesab edilir ki, bu məsələ daxili bazarda müəyyən problemlər yarada bilər.

Maraqlıdır, görəsən, indiki şəraitdə daxili bazarı qorumaq üçün əlavə addımlar atıla bilərmi və buna nə dərəcədə ehtiyac var?

Məsələni qəzetimizə şərh edən iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, mövcud vəziyyətin Azərbaycan iqtisadiyyatına təsirini anlamaq üçün iki ölkə arasındakı ticarət dövriyyəsinə baxmaq lazımdır: “2023-cü ilinin son məlumatlarına görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyənin payı 13,8 faizdir. Xarici ticarət dövriyyəsində Türkiyə üzrə ixracın həcmi 13,7 faiz, idxalın həcmi isə 14 faiz təşkil edir. Digər tərəfdən, qeyri-neft ixracında Türkiyənin payı 30 faizdən artıqdır. Bu baxımdan, Türk lirəsinin ucuzlaşması, Türkiyədə ixracın ucuzlaşmasına, idxalın isə bahalaşmasına səbəb olur. Başqa bir deyimlə lirənin kəskin ucuzlaşması Azərbaycanın aldığı malların manata nisbətdə ucuzlaşmasına səbəb olacaq. Düşünürəm ki, bu, hazırkı inflyasiya dövründə yaxşı bir xəbərdir. Bu zaman manatın stabil qaldığı bir dönəmdə inflyasiya bir qədər aşağı düşə bilər”.

Ekspert mövcud vəziyyyətin qısamüddətli dönəm üçün effektiv olduğunu vurğulayıb: “Bir müddət sonra türk şirkətləri öz məhsullarının qiymətini bahalaşdırırlar. Ona görə də mövcud vəziyyət daha çox yüksələn qiymətlə, ucuzlaşan məzənnə arasında yaranan fərqdən asılı olur. Məsələn, məzənnə çox ucuzlaşırsa, qiymətlər az artırsa sonrakı dönəmdə idxalçılar bu ucuzlaşmadan faydalana bilərlər. Amma bu zaman ixrac üçün də əksinə əlverişsiz bir vəziyyət yaranır. Qiymətlər bahalaşır ki, bu da türk idxalçıları və Azərbaycandan olan ixracatçılar üçün əlavə problemlər deməkdir. Təbii ki, bu cür vəziyyət milli məzənnəyə də təsir edir. Türkiyənin ticarətimizdəki payı və Azərbaycanda manatın real effektiv məzənnəsinin hesablanması zamanı xüsusi çəkiyə malik olması manatın real effektiv məzənnəsini artırır. Bu da manatın məzənnəsinə neqativ təsir edən amildir. Bu, idxal üçün yaxşı, ixrac üçün isə pis xəbərdir. Mövcud vəziyyət Azərbaycan məhsullarının bahalaşması, Azərbaycan idxalçılarının aldığı məhsulların isə ucuzlaşması anlamına gəlir. Belə olan halda isə yerli istehsalçıların rəqabət gücü aşağı düşür. Bu problemlə sahibkarlarımız zaman-zaman üzləşirlər. Amma lirənin ucuzlaşmasının məzənnəyə birbaşa təsiri yoxdur. Burda dövlət nə edə bilər? Yerli istehsalı qorumaq üçün manatı ucuzlaşdıra bilər. Bu isə indiki halda əlavə başağrısı, problemlər yarada bilər. Ona görə hökümətin belə bir addım atacağı real görünmür. Mərkəzi Bank valyuta bazarındakı digər məsələləri nəzərə alaraq, manatı dollara fiksə edir və bu proses də davam edəcək”.