Bu yaxınlarda “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini təsdiqləyib və ölkəmiz üzrə proqnozlarını açıqlayıb. Qeyd edək ki, kredit reytinqi agentliyi, həmçinin ABŞ dolları/Azərbaycan manatı məzənnəsi üzrə də proqnozunu açıqlayıb. Proqnoza görə, 2026-cı ildək məzənnə 1.70 səviyyəsində qalacaq.
Lakin bununla yanaşı qurumun hesabatında vurğulanıb ki, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, Azərbaycan rəsmiləri məzənnəyə düzəlişlər etməyi düşünə bilər: "Biz güman edirik ki, ABŞ Dolları/Azərbaycan manatı məzənnəsi 1,70 səviyyəsində sabit saxlanılacaq. Bu, rəsmi orqanların xarici valyuta bazarına müntəzəm müdaxilələri ilə dəstəklənir. Buna baxmayaraq, bizim fikrimizcə, karbohidrogen (neft və qaz) qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, Azərbaycan rəsmiləri məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildəki tədbirləri kimi xarici valyuta buferlərinin əhəmiyyətli dərəcədə itkisinin qarşısını almağa kömək edəcək”.
Qeyd edək ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini sabit proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib.
Bəs görəsən, beynəlxalq reytinq agentliyinin manatla bağlı verdiyi proqnozun özünü doğrultmaq ehtimalı nə qədərdir? Azərbaycan manatının məzənnəsi yaxın 3 il ərzində sabit qalacaqmı?
Mövzunu qəzetimizə şərh edən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bir sıra faktorları nəzərə alaraq müvafiq hesablamalar əsasında proqnoz hazırlayır: “Onlar proqnoz verəndə ehtimallara, hökumətin ödəyə bilmə qabiliyyətinə, tədiyyə balansındakı proqnozlara və s. əsaslanırlar. Digər tərəfdən, burada sabit rejimdən söhbət getmir, daha çox manatın dollara fiksə edilmiş rejimindən söhbət gedir. Yəni, manat dollarla bərabər qəşəng üzür. Amma dollar kimi, dollarla birgə üzür. Diqqət yetirsək görərik ki, manat hər gün avroya, rubla, lirəyə və s. nisbətdə qalxıb-düşür. Yəni, manat faktiki olaraq üzür, amma dollar kimi üzür. Elə bil ki, manatımız 1,70 nisbətində dollardır, bu cür qəbul edək. Amma yaxın 3 il ərzində sabit qalacaqmı, bu çox çətin sualdır. Bunu heç bu siyasəti həyata keçirən şəxslər də dəqiq bilmirlər. Çünki burada məsələ bir çox faktorlardan asılıdır. Məsələn, neftin dünya bazar qiyməti, Azərbaycanın tədiyyə balansındakı vəziyyət, qonşularımızdakı vəziyyət, ticari partnyorlarımızda valyutanın məzənnəsi və inflyasiyanın dəyişmə sürəti, siyasi qərarlar, ölkədəki inflyasiyanın səviyyəsi və s. sözügedən məsələdə vacib rol oynayır. Bununla bağlı yalnız bir illik proqnozumu açıqlaya bilərəm. Gözləntim odur ki, indiki şəraitdə manat stabil qalacaq”.
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov deyib ki, 2017-ci ildən etibarən manat məzənnəsini qorumaqdadır: “Manat 2017-ci ildən etibarən məzənnəsini qoruyub saxlayır. Bu və bütövlükdə makroiqtisadi sabitliyin gözlənilməsi əsas məqsədlərdəndir. Təbii ki, manatın məzənnəsinə təsir edən amillər var. Manatın məzənnəsinə təsir edən ən ciddi faktor ölkəyə daxil olan valyutanın həcmidir. Bu isə birbaşa neftin dünya bazarı qiyməti ilə bağlıdır. Neftin qiyməti, qonşu ölkələrdə valyutaların dəyəri, eləcə də Türkiyədə milli valyutanın dəyərinin kəskin azalmasını da nəzərə alaraq Azərbaycan Mərkəzi Bankı çalışır ki, valyuta bazarına olan təsirləri minimuma endirsin. Yəni, manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılıdır. Mərkəzi Bankın əsas məqsədi ondan ibarətdir ki, bütövlükdə məzənnənin qorunması prosesi davam etdirilsin. Növbəti dövrlərdə də bu, belə olacaq”.