Azərbaycan Hökuməti yaxın 4 il üzrə manatla bağlı proqnozunu açıqlayıb. Hökumətin proqnozuna görə, 2024-2027-ci illər üzrə ölkənin milli valyutası olan manat dollar qarşısında hər hansı məzənnə itkisi yaşamayacaq. Qeyd edək ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib. Sənəddə qeyd edilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Xatırladaq ki, ölkədə milli valyutanın məzənnəsi 2018-ci il martın 7-dən sabitdir.
Bəs, görəsən, hökumətin bu proqnozu nə dərəcədə realdır? Yaxın 4 il ərzində manata qarşı təzyiqləri neytrallaşdırmaq mümkün olacaqmı?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, son zamanlar bütün dünya valyutalarında dalğalanma halları müşahidə olunsa da, bu hal Azərbaycan manatına ciddi təsir göstərməyib: "Təbii ki, dünya valyutalarının hər birinin məzənnəsini şərtləndirən bir sıra amillər var. İqtisadi cəhətdən inkişaf etmiş və müəyyən bir inkişaf mərhələsinə çatmış ölkələrdə bu amillər əsasən eynilik təşkil edir. Müşahidə edirik ki, son zamanlar bütün dünya valyutalarında dalğalanma halları baş verir. Amms bu hal Azərbaycan manatına ciddi təsir göstərməyib. Artıq bir neçə ildir ki, Azərbaycan manatının dollara nisbəti 1,7 manat səviyyəsindədir. Təbii ki, bunun bir neçə səbəbi mövcuddur. Əsas səbəb Azərbaycanın maliyyə dayanıqlığının kifayət qədər olmasıdır. Hazırda dövlət borcları ÜDM səviyyəsinin 10 faizini təşkil edir. Bununla yanaşı, dünya bazarında neftin qiyməti Azərbaycan iqtisadiyyatını qaneedəcək səviyyədədir. Digər tərəfdən, ölkədə makroiqtisadi tarazlıq bərqərar olunub. Bu mənada rahat şəkildə deyə bilərik ki, Azərbaycan manatını hər hansı bir təhlükə gözləmir. Bütün bunlarla yanaşı gələn ilin proqnozlaşdırmasında ehtiyatlı olmaq daha məqsədəuyğundur”.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov isə vurğulayıb ki, hazırda Azərbaycan manatının məzənnəsi dollara münasibətdə inzibati qaydada tənzimlənir: “Biz müşahidə edirik ki, digər valyutalara münasibətdə manatın məzənnəsi sərbəstdir və onlardakı dəyişiklikləri görürük. Həmin valyutalara münasibətdə manatın real məzənnəsini müşahidə etmək mümkündür. Dollara münasibətdə məzənnə inzibati qaydada tənzimlənir ki, bu səbəbdən də biz yalnız nominal məzənnədən danışa bilirik. Təbii ki, hökumətin yaxın 4 ildə manatın nominal məzənnəsini sabit saxlamaq üçün imkanları var. Belə ki, neftin qiyməti buna şərait yaradır, valyuta ehtiyatları artıb, əhalinin alıcılıq qabiliyyəti 2015-lərlə müqayisədə xeyli aşağıdır. Qaz ixracı artır, ticarət balansında müsbət saldo azalsa da, qalır. Bütün bunlar imkan verir ki, manatın dollar qarşısında məzənnəsini saxlamaq mümkün olsun. Manatın real məzənnəsinə gəlincə, qeyd edim ki, əslində son illərdə dolların özü dəyərsizləşməyə məruz qalıb. Belə ki, ABŞ-da qeydə alınan yüksək inflyasiya dolların məzənnəsinin ucuzlaşmasına səbəb olub. Eyni qaydada manatın da məzənnəsində dəyərsizləşmə baş verir. Digər tərəfdən, Azərbaycanın özündə baş verən inflyasiya manatın alıcılıq qabiliyyətini azaldır. Real effektiv məzənnəyə təsir göstərən əsas amillərdən biri əsas ticarət tərəfdaşlarında valyutaların məzənnəsidir. Azərbaycanın əsas ticarət tərəfdaşları Rusiya, Türkiyə, Çin, İran kimi ölkələrdir. Çin xaric, bu ölkələrdə milli valyutalarının sürətli dəyərsizləşməsi manatın həmin valyutalara münasibətdə real effektiv məzənnəsini saxlamağa imkan yaradır. Manatın real alıcılıq gücünə gəlincə, ötən il rəsmi olaraq manat onu 14 faiz itirib, bu il də təxminən 10 faiz itirəcək”.