“Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Yəni, bu addımın manata hansısa təsiri olmayacaq. Amma dünya valyutaları üçün təsirləri olacaq. Cünki FED-in qərarı dolların sərbəst dönərli valyutalara nisbətdə bahalaşması deməkdir”.
Bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov hafta.az-a Federal Ehtiyat Sisteminin uçot dərəcəsi ilə bağlı qərarının manata təsirlərini şərh edərkən deyib.
O bildirib ki, Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artımdır: “Düzdür, bu addım dünya valyutaları üçün müəyyən təzyiqlər yaradır. Amma bir daha vurğulayım ki, manata təsirləri ciddi olmayacaq. Çünki bizim neft gəlirlərimiz də paralel olaraq artır. Bu o deməkdir ki, dollar gəlirimiz artacaq. Bu baxımdan bizim üçün vəziyyət yaxşıdır. Eyni zamanda, Azərbaycan manatı da digər valyutalara nisbətən bahalaşacaq. Nəticədə Avropadan və digər ölkələrdən mal almaq daha sərfəli olacaq”.