“Manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq” –Vüqar Bayramov

14:39 27.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Son günlər Azərbaycan neftinin ucuzlaşması, eləcə də Çindən başlayaraq bütün dünyanı cənginə alan koronovirus təhlükəsi ilə bağlı yaşananlar manatın dollara nisbətdə dəyər itirə biləcəyinə dair ehtimalları artırıb. Artıq məsələ ilə bağlı ekspertlər səviyyəsində müəyyən fikirlər də səsləndirilir.  

Bu da cəmiyyətdə müəyyən narahatlıqlara səbəb olub. Məsələyə iqtisadçı alim, rəsmən təsdiq olunmasa da millət vəkili adını qazananVüqar Bayramovun fikirlərini öyrənməyə çalışdıq. Vüqar Bayramov hafta.az-a açıqlamasında bildirdi ki, dolların manata nisbətdə dəyəri minməsi Mərkəzi Bankın sərgiləyəcəyi mövqedən asılı olacaq.

- Vüqar bəy, manatın dollara nisbətdə məzənnəsinə təsir göstərəcək nə kimi faktorlar var?

-Manatın dollara nisbətdə məzənnəsinə təsir göstərən bir neçə mühüm faktor var. Onlardan biri heç şübhəsiz, neftin dünya bazar qiymətidir. Neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyuta həcminin müəyyənləşdirilməsinə birbaşa təsir göstərir.

-Neftin qiymətlərinin aşağı düşməsi ixracata hansı formada təsir göstərəcək?

2020-ci ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub.  Hazırda “Brend” markalı neftin qiyməti 52, “Azerilight” 55 dollara yaxın bir qiymətə təklif olunur. Koronovirusun miqyasının genişlənməsi fonunda dünya bazarında neftin qiymətinin azalması müşahidə edilir. Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Nəzərə almalıyıq ki, Azərbaycan ixracının 81 faizi xam neftin payına düşür. Nəticə etibarı ilə neftin dünya bazar qiymətinin aşağı düşməsi ümumi ixracatımızın dəyər ifadəsinin azalmasına gətirib çıxarır. Mərkəzi Bankın əvvəlki dövrlərdəki qiymətləndirməsinə görə, neftin dünya bazar qiymətinin aşağı düşməsi sözügedən bank üçün monitar baxımından müəyyən çətinliklər formalaşdırır. Çünki 50 dollardan aşağı düşmə ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir.

-Qonşu dövlətlərin milli valyutalarının ABŞ dolları qarşısında bu və ya digər formada duruşu bizim pul vahidimizə də təsir göstərə bilərmi?

- Bizim üçün manatın dəyərdən düşməsi digər valyutaların- xüsusən də Türkiyə və Rusiyanın milli valyutalarının məzənnəsinin necə dəyişməsindən asılı olacaq. Çünki Azərbaycanın qeyri-neft ixracatının təxminən 60 faizi Rusiya və Türkiyənin payına düşür. Əgər Rusiyada və Türkiyədə milli valyutanın məzənnəsində azalmalar olarsa, o zaman bu, manata təzyiqi artıra bilər. Çünki nəticə etibarı ilə bizim qeyri-neft məhsullarımızın həmin ölkələrdə bahalaşmasına səbəb olacaq. Xüsusən də rus rublu qonşu tərəfdaşlarımız arasında Azərbaycan manatına ən çox təsir göstərən valyutadır.

-Axı ümumi ticarət dövriyyəmizin çox hissəsi Qərbin payına düşür?..

- Bizim ümumi ticarətimizin 40 faizi Avropanın payına düşür. Amma Avropa Birliyi ölkələri ilə əsas ticarətimiz daha çox strateji məhsulumuz neftdir. O baxımdan da təbii ki, qeyri-neft sektorunda rus rublunun Azərbaycanın qeyri-neft sektorundakı ixracatına, eləcə də manata həm psixoloji, həm də iqtisadi təsirləri var. Onu da nəzərə alaq ki, Azərbaycanda məzənnə rejimi hələ formalaşmayıb. Yenə də Mərkəzi Bankın mövqeyi önəmli olacaq.

-Neftin qiymətinin düşməsi uzun müddət davam edərsə, nə baş verə bilər?

-Sözsüz ki, neftin dünya bazarında qiyməti  50 dollardan aşağı düşərsə və bir müddət bu qiymətə satılarsa, bu, Mərkəzi Bankın məzənnə siyasətinə çətinliklər yarada bilər.

-Deməli, manatın dollar qarşısında dəyər itirməsi hazırkı dönəmdə iki amildən asılı olacaq?

-Bəli. Nəticə etibarı ilə ölkəyə daxil olan valyutanın həcmində azalmalar müşahidə olunacaq. Qeyd etdiyimiz kimi, rus rublunun ucuzlaşması da manata öz təsirlərini göstərə və manata təzyiqi artıra bilər. Buna görə də etiraf etmək lazımdır ki, neftin dünya bazar qiymətindəki azalmalar həm də qonşu ölkələrdəki potensial durum manat üçün arzuolunan deyil. Təbii ki, burada yenə də Mərkəzi Bankın mövqeyi önəmli olacaq. Amma sözsüz ki, manatın məzənnəsinin necə dəyişməsini növbəti mərhələdə iki əsas faktor müəyyənləşdirəcək. Bunlardan biri neftin dünya bazar qiymətinin 50 dollardan aşağı düşərsə və düşdükdən sonra hansı müddətdə aşağı qalması, digəri isə Rusiya rublunun dəyər itirib-itirməməsi olacaq. Yaxın dövrlərdə manatın dollara nisbətdə dəyər itirməsini Mərkəzi Bank müəyyənləşdirəcək.

-Bəs yaxın 3-4 həftə ərzində ABŞ dolları milli valyutaya - manata nisbətdə bahalaşa bilərmi? Gözləniləndirmi?

-Biz buna təsir edən faktorlar haqqında danışdıq. Məzənnə birbaşa Mərkəzi Bankın inzibati müdaxiləsi nəticəsində müəyyənləşir. Ona görə də bu məsələ Mərkəzi Bankın tutacağı mövqedən asılı olacaq.

Oxunma sayı 144