Marketlər çörək istehsalçılarından vitrinpulu tələb edir - İTTİHAM

16:51 04.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Çörəyin yeni standartının qəbul olunmasnda Nazirlər Kabineti rol oynayıb. Nazirlər Kabineti bununla bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə onlayn toplantı keçirib və çörəyin standartının hazırlanması ilə əlaqədar tapşırıq verilib. Bu məsələ əsasən,”sosial cörək”lər deyilən zavod cörəklərinə aiddir”.

Bunu hafta.az açıqlamasında buğda unundan hazırlanan çörəyə dair dövlət standartı təsdiq edilməsinə münasibət bildirərkən Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, zavod çörəklərinin üzərində ciddi mübahisə gedir:

“Dövlət orqanları illərdir ki, zavod çörəyinin qiymətinin sabit saxlanılması üçün iş aparır. Hərçənd ki, dövlət orqanının bu hərəkəti qeyri-qanunidir. Çünki azad bazar iqtisadiyyatı şəraitində çörək istehsalçılarına təzyiq edib qiymət təyin etmək olmaz. Lakin bu iş gedir və “sosial çörək” istehsalçıları daim bir qırmızı xəttin üzərində dayanıblar.  Amma onlar da qiymət təzyiqinə dözməyərək keyfiyyəti, çəkini aşağı salır, nəmliyi yüksəldirdilər. Ona görə də aidiyyəti dövlət qurumları bu qərara gəliblər ki, çörəyin standartı hazırlansın.

Bu standart  “sosial çörək”in 4 növünə aiddir. Bunlara əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi daxildir. Eyni zamanda, çörək istehsalçılarına qiymətlərin sabit saxlanılması ilə bağlı şifahi şəkildə müəyyən qiymət deyilib. Əslində isə dövlət orqanları çörəyin, xüsusilə “sosial çörək”in qiymətini sabit saxlamaq və ya aşağı salmaq istəyirsə, buyursunlar, marketlərin çörək istehsalçılarından məhsullarını vitrinlərə yerləşdirmək üçün aldıqları vəsaitlərə son qoysunlar.

Çörəkləri marketlərə yerləşdirmək üçün istehsalçılardan külli miqdarda vəsait tələb edilir. Vitrinlər qarış-qarış satılır və üstəlik satışdan gələn, istehsalçıya çatan puldan müəyyən bonus olaraq marketlərə qaytarılır. Nazirlər Kabineti marketlərlə bu məsələni həll etməlidir. Əgər istehsalçılardan alınan qeyri-qanuni, vergiyə cəlb olunmayan xərclərə son qoyulsa, çörəyin də qiyməti aşağı düşər və dövlət məmurları da qanuna zidd olaraq istehsalçılara təzyiq etməzlər. Standartların qəbul olunması isə ona görə əhəmiyyətlidir ki, artıq istehsalçılar çörəyin nəmliyini yuxarı qaldırmayacaqlar, keyfiyyəti aşağı salmayacaqlar. Lakin bununla yanaşı, yeni standartlar bazar iştirakçılarının sayının azalmasına da gətirib çıxaracaq. Çünki yeni standartlarla bütün istühsalçılar işləyə bilməyəcək”.

Ekspert həmçinin vurğulayıb ki, market sahibləri hökumətin apardığı sosial siyasətə doğru addım atmalıdırlar: “Marketləri hökumətin apardığı sosial siyasətə doğru addım atmağa çağırıram. Hər bir marketdə 20 mindən çox mal var. Hər məhsulun vitrinə yerləşdirlməsi üçün pul alınır və bu böyük bir məbləğdir. Məsələn, mən bir dəfə bal istehsalçısından məhsulunu nə üçün marketlərə yerləşdirmədiyini soruşdum, o, isə cavabına bildirdi ki, bunun üçün marketlər ondan təxminən 18 min manat istəyirlər. Yəni, burada böyük vəsaitlərdən söhbət gedir və bu pullar da dövriyyədən gizlədilir. Bu kimi məsələlər mütləq həllini tapmalıdır. Sahibkarlar Konfederasiyası da məsələyə müdaxilə etməlidir və sahibkarların hüquqlarını müdafiə etməlidir. Mən dəfələrlə bununla bağlı onlara müraciət etmişəm, amma reaksiya yoxdur, sususlar. Çünki market sahibləri Konfederasiyaya üzvdürlər, üzvlük haqqı ödəyirlər”.

Qeyd edək ki, Azərbaycanda istehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilmiş tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib. Məlumata görə, standartı Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu hazırlayıb.Son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının təmin edilməsi məqsədilə AZS 888:2020 – “Buğda. Texniki şərtlər.” və AZS 894:2021 – “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər.” dövlət standartları da qəbul edilib. Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. Yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.