Bu qurumlara əlavə maliyyə cəlb etmə imkanının yaradılması onların fəaliyyətini stimullaşdıra bilər
Azərbaycanda məktəbdənkənar təhsil müəssisələri qrant və ianələr ala biləcək. Qeyd edək ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nə müvafiq dəyişiklik edib.
Beləliklə, məktəbdənkənar təhsil müəssisəsinin maliyyələşmə mənbələri dövlət büdcəsindən ayrılan vəsaitlər, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və qanunvericiliklə qadağan olunmayan digər mənbələr olacaq.
Qeyd edək ki, məkkəbdənkənar müəssisə təhsil sisteminin tərkib hissəsi olub uşaqların, yeniyetmələrin, gənclərin mənəvi və fiziki inkişafını, onların müxtəlif yaradıcılıq tələbatını təmin etmək üçün təsis edilir. Bir və çoxprofilli məktəbdənkənar müəssisələr hərtərəfli inkişaf üçün və asudə vaxtlarını düzgün müəyyənləşdirməkdə uşaq və yeniyetmələrə şərait yaradır. Məktəbdənkənar müəssisələrin əsas vəzifəsi uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların istirahətlərinin, asudə vaxtlarının, əyləncələrinin mənalı təşkilidir. Məktəbdənkənar müəssisə həmin ərazidə ictimai tələbatın olması nəzərə alınmaqla və bunun üçün kadrlar, zəruri maddi-texniki baza, maliyyə vəsaiti olduqda, Azərbaycan Respublikası yuxarı dövlət idarəetmə orqanları və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, yerli icra hakimiyyətinin qərarı ilə açılır. Şagird və tələbələrin əsas fəaliyyəti, onların marağına görə yaradılmış dərnək, bölmə, studiya, klub, ansambl, teatr və sairə birliklərdə məşğələ, eləcə də digər fəaliyyət növləri vasitəsi ilə həyata keçirilir. Çətin profilli dərnəklər - avia, avto, gəmi, raket modelçiliyi, radio-tele texnika, robot texnikası, radiorabitə, qanunvericilikdə qadağan edilməyən mürəkkəb idman növləri, habelə rəsm, dekorativ-tətbiqi sənət 8-10 şagirddən, digər birliklər birinci tədris ilində ən azı 15 şagird, sonrakı tədris illərində isə ən azı 12 şagirddən təşkil edilir.
Məşğələlərin müddəti tədris yükü normasından, eləcə də müəssisənin büdcəsinin imkanlarından irəli gələrək müəyyənləşdirilir. İdman, texniki-idman, turizm, xoreoqrafiya, birliklərinə qəbul zamanı şagirdlərin sağlamlığı haqqında həkim rəyi vacibdir. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər. Dərnəklərin məşğələləri sentyabr ayının 10-na qədər əsasən qurtarır. Dərnəklərin məşğələləri sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda olaraq, növbəti ilin may ayının 31-də başa çatdırılır.
Yaşayış yerlərində əlil uşaqlarla fərdi iş aparılır və bunun üçün dərnək rəhbərinə əmək haqqı verilir. Müstəsna hallarda əlil və yaxud xüsusi istedada malik uşaqlarla məşğul olan qruplara daha az şagird cəlb olunmasına icazə verilir.
Eyni zamanda, birliklərin məşğələləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib edilmiş tədris planları və proqramları üzərində qurulur. Pedaqoji işçilər məktəbdənkənar müəssisənin müvafiq xalq təhsili orqanları ilə razılaşdırılmış, metodiki şurası tərəfindən təsdiq olunmuş müəllif proqramları hazırlaya bilərlər. Məşğələlərin başlanması və qurtarması müdiriyyət tərəfindən müəyyənləşdirilir. Birliklərin məşğələ cədvəlləri şagirdlərin əmək və istirahətlərinin ən əlverişli rejimi, onların yaş xüsusiyyətləri və müəyyənləşdirilmiş normalar nəzərə alınmaqla pedaqoji işçilərin təqdimatına əsasən müdiriyyət tərəfindən tərtib olunur. Təhsil alan gənclərlə istirahət, bayram və tətil günlərində həcmi artırmaqla bütün ili müddətində iş aparılır. Tətil müddətində məktəbdənkənar müəssisə şagirdlərlə kütləvi iş aparılır, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün malik olduğu bütün imkanlardan istifadə edərək şərait yaradır. Məktəbdənkənar müəssisə digər təlim-tərbiyə müəssisələrinin binalarında, müəssisələrində, uşaqların və gənclərin yaşayış yerlərində birliklər təşkil edə bilərlər. İmkan, şərait olduqda dərnəklərin və digər birliklərin yaradılmasına və şəbəkənin çoxalmasına heç bir məhdudiyyət qoyulmur. Sözügedən birliklər elmi-tədqiqat, yaradıcılıq təşkilatları ilə birgə iş aparır, bu məqsədlə həm özünün, həm də bu təşkilatların bazalarında şagirdlərin elmi birliklərini yaradır.
Bundan başqa məktəbdənkənar müəssisələr təşkilatlardan xalq təsərrüfatına vacib olan məmulatlar hazırlamaq üçün sifarişlər qəbul edə bilərlər. Sifarişlərin mövzusu və məzmunu birliklərin proqramında nəzərdə tutulmuş bilik və bacarıqların təkmilləşdirilməsinə imkan yaratmalıdır. Məktəbdənkənar müəssisə həm də müəyyən peşə almaq üçün birlik üzvlərinə vəsiqə-arayış verir.
Digər tərəfdən sözügedən müəssisə respublika, bölgə, şəhər, rayon, qəsəbə, kənd miqyaslı kütləvi tədbirlər keçirir. Şagirdlərin və onların valideynlərinin istirahəti, əyləncəsi, ünsiyyəti üçün lazımi şərait yaradır. Kütləvi işdə məktəbdənkənar müəssisə ailə, ictimai təşkilatlar, tədris müəssisələri, digər məktəbdənkənar müəssisələr və müxtəlif təşkilatların mədəni-maarif müəssisələri ilə müştərək fəaliyyət göstərir, birliklərin forma və məzmununun təkmilləşdirilməsində, pedaqoji işçilərin ustalığının artırılmasında, təlim-tərbiyə müəssisələrində, uşaq və gənclər ictimai təşkilatlarına və hərəkatlarına kömək edir.
Yeri gəlmişkən, Nazirlər Kabineti ötən ilin noyabrında məktəbdənkənar təhsil müəssisələri ilə bağlı bəzi məsələlər barədə qərar verib. Belə ki, qərara əsasən Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.
Respublika Texniki Yaradıcılıq Mərkəzi "Respublika Uşaq Yaradıcılıq Mərkəzi”, "Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi "Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər İdman Məktəbi”, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi "Uşaq Yaradıcılıq Mərkəzi” adlandırılıb. Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda etdiyi dəyişikliyə əsasən isə məktəbdənkənar təhsil müəssisəsi qismində 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi yaradılıb.
Mövzu ilə bağlı fikirlərini açıqlayan Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin sözlərinə görə, məktəbdənkənar təhsil müəssisələrinin inkişaf etdirilməsi vacibdir: “Bir vaxtlar məktəbdənkənar təhsil müəssisələrinin bağlanılması təhlükəsi var idi. Məktəbdənkənar müəssisələrə yaradıcılıq mərkəzləri, şahmat klubları daxildir. Əvvəllər uşaqlar, yeniyetmələr bu müəssisələrin imkanlarından az istifadə edirdilər. Amma indi vəziyyət xeyli dəyişib. Mənə elə gəlir ki, məktəbdənkənar təhsil müəssisələrinin sayını daha da artırmaq lazımdır. Çünki uşaqların məktəbdəki təhsildən sonra öz dünya görüşlərini artırmaq, intellektual səviyyələrini genişləndirmək üçün həmin məktəbdənkənar müəssisələrə getmələri lazımdır. Bu onların gələcəyi, müstəqil həyata atıldıqları zaman öz ayaqları üzərində durmaları üçün vacibdir. Həmçinin bu cür özəl təşkilatların sayının artırılmasına şərait yaradılmalıdırlar. Çünki bu müəssisələr uşaqlar üçün çox faydalıdır. Təbii ki, bu birliklərin fəaliyyətsizliyi həmin müəssisələrdən istifadə edən şagirdlərin hərtərəfli inkişafına, formalaşmasına mane olan canlı bir hərəkətdir. Düzdür, bu müəssisələrin fəaliyyəti zəifdir, dərnəklər yaxşı aparılmır, amma buna baxmayaraq məsələyə ciddi nəzarət olunarsa, həmin qurumların fəaliyyətində dönüş yarana bilər”.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.