Bir müddət əvvəl Mərkəzi Parkda – keçmiş “Sevetski” ərazisində görkəmli milyonçu Hacı Zeynalabdin Tağıyevin ötən əsrin əvvəllərində tikdirdiyi binanın yenidən restavrasiya edələcəyi və tarixi bina kimi park ərazisində yenidən fəaliyyət göstərəcəyi ilə bağlı xəbər vermişdik.
Bu gün səhər yolumuzu həmin ərazidən saldıq. Binanın aqibətinə hafta.az-ın obyektivindən baxmağa çalışdıq. Ərazidə işləyən işçilərlə söhbətləşdik. Məlumatlı şəxsləri dinlədik. Bildirdilər ki, Mərkəzi Parkın istifadəyə verilməsindən bir il sonra “Tağıyevin evi” restavrasiya edilməli idi. Amma bir il əvvəl vəziyyət necə idisə, indi də həmənki vəziyyətdədir.

Hətta müşahidələrimiz zamanı “Sovetski”də söküntülər zamanı işlərin səliqəli aparılmadığını, binanın künclərinin ciddi zərər gördüyünü fotokameramızın yaddaşına köçürdük. Ərazidə yaşayan sakinlər bildirdilər ki, hətta park salınarkən tarixi binanı uçurmaq istəyənlər də olub. Amma sonradan sakinlərin şikayəti yuxarı instansiyalara çatdırılıb və bina dövlətin qoruması altına alınıb. Yəni, hazırda Mərkəzi Park ərazisindəki ev digər binalardan fərqli olaraq uçurulmayıb. Qorunub-saxlanıb. Bir əsrdən artıq yaşı olan bina yaşıl örtüklərlə haşiyələnib. Çevrəsində möhkəmlətmə işləri aparılıb. İstinad dirəkləri bərkidilib. Özü də bir il əvvəl...

Bundan təxminən 6 ay dediklərini ərazidə yaşayan şəxslər və park işçiləri indi də deyirlər. Bildirirlər ki, hazırda bina restavrasiya edilir. Bir müddət sonra isə muzey kimi fəaliyyət göstərəcək. Amma gördüklərimizdən gəldiyimiz qənaət odur ki, binada son 6 ay ərzində hər hansı restavrasiya işləri aparılmayıb. Bir il əvvəl üzərinə “yaşıl örtük” salınan tarixi bina indi daha da bərbad vəziyyətə düşüb. Pəncərələri yağış suyuna davam gətirməyib və taxtalarda çürümə aydın şəkildə müşahidə edilir.

Binanın ətrafı isə olduqca bərbad durumdadır. Zibillik və tullantılar mənbəyidir. Ətrafdakı tikinti materialları qalıqları hələ də təmizlənməyib. Binanın özünün pəncərələri isə sındırılıb. İçərisinin də yararsız vəziyyətdə olduğunu görməmək mümkün deyil.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Park ərazisindəki tarixi binanın aqibətini soruşduq.
Bakı meriyasından bildirdilər ki, bu haqda onlarda hər hansı məlumat yoxdur. Çünki Mərkəzi Park Yasamal rayonunun ərazisinə düşdüyündən adıçəkilən ərazidə görülən işlərlə bağlı bütün səlahiyyətlər də Yasamal Rayon İcra hakimiyyətindədir.
Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, gələcəkdə muzey olması planlaşdırılan binanın hazırkı aqibəti ilə bağlı onlarda hər hansı bilgi yoxdur.
Hətta “bəlkə əlavə məlumat olar” yanaşması ilə bizi icra hakimiyyətinin böyük məsləhətçisi – memarı Eyvaz Bağırova istiqamətləndirdilər. Baş memarı isə yerində tapmaq mümkün olmadı. Telefonla münasibət öyrənmək cəhdlərimiz isə ümumiyyətlə baş tutmadı.
“Sovetski” məhəlləsinin sakinləri isə görkəmli milyonçunun evinin göz önündə baxımsızlıqdan uçub dağılacağından narahatdırlar.

Məlumat üçün qeyd edək ki, parkda vaxtilə Tağıyevin Bakıya çəkdirdiyi Şollar suyu quyuları da qorunub-saxlanılıb. Hətta onların bəzilərindən park ərazisini suvarmaq üçün istifadə edilir.

Onu da əlavə edək ki, Mərkəzi Park bu il may ayının 22-də açılıb. Açılışda ölkə prezidenti İlham Əliyev də iştirak edib.
