Rəssam Elnarə Nəsirlinin iki ölkə arasında zəngin biomüxtəlifliyinə həsr olunmuş “Meşənin pıçıltısı - səsin sehri” adlı unikal incəsənət sərgisinin növbəti dəfə açılışı olub.
Hafta.az-ın yazdığına görə, “Meşənin Pıçıltısı” incəsənət, texnologiya və ətraf mühit dialoqunu özündə mükəmməl şəkildə birləşdirən xüsusi bir instalyasıyadır. Bu geniş instalyasiya Azərbaycan və Latviyadan gətirilmiş ağac nümunələrindən ibarətdir.

“Meşənin Pıçıltısı” varlığımızı dəstəkləyən görünməz sistemlər haqqında daha dərindən dərk etməyə təşviq edir və insanı texnologiya və təbiətin birgə yaşayışı haqqında düşünməyə sövq edir.
Ekspozisiyanın yaradılmasında yerli bitki növlərinin səsləri əsasında yaradılmış musiqi də daxil olmaqla innovativ səs texnologiyalarından istifadə olunub.
Sərgidə çıxış edən Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya dedi ki, bu layihənin üzərində xeyli vaxtdır iş gedir və hazırda olduğumuz məkanda sərginin ideyası reallaşıb: "Sərgi Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini xüsusi texnologiyalarla nümayiş etdirir və təbiət elminin incəsənətlə birgə vəhdətini göstərir. Ağacların, bitkilərin öz aləmi və səsləri var. Biz xüsusi instalyasiyaları vasitəsilə bunu yaratdıq. Ümid edirəm ki, sərgi ən unikal layihələrdən biri kimi yadda qalacaq".

Tədbirin kuratoru. əməkdar rəssam Səbinə Şıxlinskaya çıxışında bildirib ki, “sərgilənən ekspozisiyanın unikallığı Qarabağın qurudulmuş bitki və ağaclarının səslərini əks etdirməsindədir".
Səs ekspozisiyası ilə yanaşı, əvvəllər Bakıda COP29-da təqdim olunmuş gələcəyin ekoloji texnologiyasının konsepsiyası da nümayiş etdirilib.
Rəssam Elnarə Nəsirli bildirib ki, konsepsiya ağacların məhv olduğu antiutopik gələcəyi təsvir edir.
“Bu gələcəkdə hər bir insan "karbon vergisi" ödəməli - oksigen istehlakı və CO2-nin udulması üçün kvotaya malik olmalı, həmçinin havanı təmizləyən cihaz almalı və ya yaratmalıdır", - E.Nəsirli bildirib.

Xatırladaq ki,, ekspozisiya ilk dəfə noyabrın 7-də təqdim edilib. Sərgini COP29 konfransı çərçivəsində Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, həmçinin Latviyanın kənd təsərrüfatı və iqlim nazirləri ziyarət ediblər.
Sərgi Latviyanın əsas təşkilatçılığı ilə Latviya Kənd Təsərrüfatı Nazirliyi, Latviyanın Meşə İdarəçiliyi Agentliyi, SİLAVA təşkilatı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universiteti, İDEA təşkilatı, və Gazelli Art House Baku ilə birgə tərəf-daşlıqla həyata keçirilir.