Bir neçə gün əvvəl Türkiyədə təqaüdddə olan 104 admiralın İstanbul kanalı layihəsini hədəf alaraq, guya hökumətin Montrö sazişindən çıxmaq istəməsini əsas gətirərək yayımladığı bəyanat qardaş ölkədə və bütün dünyada ciddi şəkildə yorumlanmaqdadır. Hökumət təmsilçiləri, eləcə də hadisəyə fikir bildirən əksər mütəxəssislər burada mütləq mənada çevrilişə işarə olduğunu qeyd edir. Maraqlıdır ki, yalnız Türkiyədə AKP iqtidarını qəbul etməyən müxalif CXP və ona yaxın olan təşkilatlardan sözügedən bəyanata dəstək verilir. Hansı ki, bu cür düşünənlərə cavab olaraq prezident Rəcəb Tayyib Ərdoğan açıq-aşkar “Türkiyənin Montrö sazişindən çıxmaq kimi bir planı yoxdur” dedi. Amma nə fayda, sanki əllərinə fürsət düşübmüş kimi, müxaliflər israr edirlər ki, yox, Ərdoğan hökuməti Atatürkün yazdıqlarını pozmağa çalışır və sair.
Bu arada, Montrö sazişi nədir? Bu saziş, Çanaqqala və İstanbul boğazlarının beynəlxalq statusunu təyin etmək məqsədilə 20 iyul 1936-cı ildə Bolqarıstan, Fransa, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Yaponiya, Rumıniya, Sovet İttifaqı, Yuqoslaviya və Türkiyə tərəfindən imzalanıb. Müddəti 20 il nəzərdə tutulan sazişin bəzi detalları 20 iyul 1956-cı ildə dəyişdirilməyə cəhd edilsə də, uğursuz alınıb. Saziş 9 noyabr 1936-cı ildə qüvvəyə minib və 11 noyabr 1936-da Millətlər Birliyi tərəfindən rəsmən qeydiyyata alınıb və günümüzdə də qüvvədədir.
Qeyd edək ki, sazişə əsasən, bəzi tənzimləyici məhdudiyyətləri nəzərə almasaq, gəmilərin, xüsusilə də Qara dəniz hövzəsi ölkələrinin gəmiləri boğazlardan sərbəst keçir və Türkiyənin heç bir gəmiyə mane olma hüququ yoxdur. Üstəlik, boğazlar təbii su yolu olduğu üçün buradan keçən on minlərlə gəmi Türkiyəyə keçidhaqqı ödəmir. Sadəcə boğazlardan keçərkən yararlanacağı yardımlar üçün haqq verirlər...
Bəs təqaüddə olan keçmiş, amma bu gün də müəyyən təsir imkanları qalan hərbçilərin gecənin bir yarısında bəyanat yaymasının səbəbi və məqsədi nədir? Özü də çox maraqlıdır, məhz məlum 15 İyul çevriləşə cəhd olayının ildönümünə qalan günlərin sayına uyğun imza atılıb bəyanata. Şəxsən mənə görə, bu ssenari mütləq hansısa Türkiyəyə düşmənçilik edən dövlətlərin dəstəyi və işbirliyi ilə yazılıb. Fərqi yoxdur, bu istər FETÖ və onu himayə edən ABŞ olsun, istər hər an Ankaraya kin qusan Fransa, Yunanıstan və digər Avropa ölkələri, yaxud Birləşmiş Ərəb Əmirlikləri və onun maliyyələşdirdiyi təşkilatlar, əsas odur ki, Türkiyə ilə hərb diliylə danışmağın mümkünsüzlüyünü anlayan dövlətlər qardaş ölkəni içdən qarışdırmağa çalışırlar.

Terror və təhlükəsizlik üzrə mütəxəssis Coşqun Başbuğ da bu fikirdədir ki, baş verənlərin FETÖ ilə əlaqəsi hər baxımdan mümkündür. Xüsusilə də 15 İyul hadisəsinin ildönümünə qalan günlərin sayı qədər şəxsin bəyanata imza atması ciddi hazırlıqların getdiyini göstərir. “Bu şifrələməni düzgün dəyərləndirmək lazımdır. Çünki bir kripto xəbərləşmənin ola bilməsi mümkündür. Burada mühim olan həmin kripto şifrənin kimə göndərilməsidir. Tapmaq lazımdır ki, bu prosesi kimlər başladıb və idarə edir", - deyir Başbuğ.
“Mən şəxsən bu bəyanatda yaxşı heç bir cəhət tapa bilmirəm. Zaman-zaman çevrilişlər yaşamış ölkə olaraq, yüksək rütbəlilər bir yana, adi vətəndaşlardan soruşun, bəyanata münasibətlərini açıqlasınlar. Bu, düşünülmüş şəkildə bir sıra dairələri ayağa qaldırmağa hesablanan bəyanatdır. Odur ki, qəti şəkildə hesabı soruşulmalıdır. Qətiyyən məqsədləri Montrö sazişi və ya "Kanal İstanbul" deyil, bu əhatəli və planlı əməliyyatdır. Hesab edirəm ki, bəyanatın mətni fərqli kabinetlərdə yazılıb və oxunub, sonda da razılaşdırılıb. Ümid edirəm ki, bütün bu gümanları kəşfiyyat və istintaq ortaya çıxaracaq”, - deyir C.Başbuğ.

Media Dərnəyinin sədrini Əkrəm Qızıldaş da bu fikirdədir ki, sözügedən bəyanatın yayımlanmasının tarixi çox düşündürücüdür. “Montrö anlaşması qüvvədədir və heç kim onun ləğvi barədə düşünmür. Hansı ki, əslində bu anlaşmanın Türkiyənin boğazlar üzərində haqq və hüquqlarını nə qədər məhdudlaşdırdığını hamımız görürük. Amma bu gün həmin anlaşmanın məhz təqaüddə olan admiralların müdafiə etməsi qəribə və düşündürücüdür. Türkiyə Cümhuriyyəti dönəmində ilk gündən indiyədək, Hərbi Dəniz Qüvvələri başda olmaqla, müdafiə sənayesində ən böyük uğurlara imza atmış hökumətə qarşı mövqe sərgiləmək üçün keçmiş admirallar bir araya gəliblər. Hərbi Dəniz Qüvvələrinin inkişaf məqsədilə həyata keçirilmiş onlarla uğurlu layihəyə fikir bildirmək üçün bircə dəfə ağızlarını açmayan bu təqaüdçü admiralların hərəkəti çox məna verir və aydınlaşdırılması zəruridir. Bu günədək varlıqlarını hiss etdirməmiş bu adamlar bir gecədə başqa ölkələrdə səs çıxarmalı olduğu halda qəfil addım atırlar. Hesab edirəm ki, prokurorluq işə başlayıb və qısa müddətdə qaranlıq məqamlara aydınlıq gətirəcək”, - deyir Ə.Qızıldaş.

Təqaüddə olan polkovnik Arif Çələnk deyir ki, bir qrup beynəlminəlçi və FETÖ-çü admiral gecə yarısı açıqladığı bəyanatla siyasətə ağıl, millətə və orduya istiqamət verməyə səy göstərib. “Bəllidir ki, onlar 15 İyuldan dərs almayıblar. Milli iradəni hədəf alan çevriliş işarəli bəyanata imza atanların kimlərə nökərçilik etdiyi zatən hamıya aydındır. Amma PKK və PYD-nin mağaralarına girildiyi, Mavi Vətəndə bayrağımızın dalğalandığı bir vaxtda, “Kanal İstanbul"un tikintisinə mane olmaq üçün ağalarına quyruq bulayan bu vətən xainlərinə millətimiz layiq olduqları dərsi verəcək”, - deyir A.Çələnk.

Şərhçi Doğan Kasadolunun sözlərinə görə, Türkiyə əvvəllər də oxşar hallarla rastlaşdığı üçün, günümüzdə xaricdən dəstəklənən bir hadisə ilə qarşılaşıb. Onun fikrincə, ölkədə baş verən bütün çevrilişlərin və bu yönümlü bəyanatların tək bir bəhanəsi var. Məsələn, 28 Fevralda iqtisadi müstəvidə çevriliş olduğu kimi, 60 – 80-ci illər çevrilişləri də ictimai yaşam bəhanəsi ilə edilmişdi. “Amma hamısının məqsədi birdir: çevriliş yolu ilə Türkiyənin inkişafının qarşısını almaq, on illərlə geriyə düşməsinə nail olmaq. Belə başa düşürəm ki, çevriliş və istədikləri bəyanatları səsləndirmək həvəsi bir çoxlarının qanında dolaşmağa başlayan virusa dönüb. Bu gün qarşımıza çıxan isə mutasiyaya uğramış çevriliş virusudur. Çünki çevrilişə cəhdlər zaman-zaman şəklini, yöntəmini dəyişdirdi, amma zəhərliliyi hər zaman olduğu kimi qalır” deyir D.Kasadolu.

Təqaüddə olan polkovnik Mustafa Hacımustafaoğlunun sözlərinə görə, Türkiyədə, təəssüf olsun ki, çevrilişçi zehniyyətin ölü yamsılaması edərək pusquda dayandığı görünməkdədir. “Zaman-zaman nəbz yoxlayan bu zehniyyət sahibləri vəsiyyət sisteminin tör-töküntüləridir. Eyni zamanda, Türkiyənin inkişafını qətiyyən istəməyən daxili və xarici mərkəzlər də iş başındadırlar və onlar bu cür hallardan maksimum faydalanmağa çalışırlar. Heç şübhə yoxdur ki, bu 104 nəfər çüvriliş tərəfdarlarıdır. Amma onlar bilməlidirlər ki, bu ölkədə milli iradəni istiqamətləndirmə dövrü çoxdan başa çatıb. Unudulmamalıdır ki, hələ 15 iyul 2016-cı ildə türk milləti Fətullahçı Terror Təşkilatının qarşısına çıxdı və çevrilişlərə yox dedi. Bundan sonra da, istər 104 keçmiş admiral olsun, istərsə də başqaları, milli iradəyə qarşı çıxıcıq hər kəsin dərsi veriləcək” deyən M.Hacımustafaoğlu bildirib ki, sözügedən 104 admiralın hamısı tək-tək istintaqa cəlb edilməli, qaranlıq məqamlara aydınlıq gətirilməlidir.
“Bu xainlər türk millətinə söz demək haqqına sahib deyillər. Başa düşürük ki, çevriliş arzusunda olan bu 104 nəfər tək deyil, arxalarında dayananlar var. Onların da kimliyi aydınlaşdırılmalıdr. Məncə bu haidsə yoxlama mahiyyətindədir, prosesi axıradək getməyə çalışacaqlar və müxalifət də onlarla birlikdədir. Onlar deyir nə olur-olsun, təki Ərdoğan hakimiyyətdən getsin. Ona görə də nəinki 104 admiralın hərəkətinə qarşı çıxmadılar, əksinə, onlara haqq verirlər. Hətta, bu qondarma admirallardan müxalif partiyaların üzvləri olanlar da var”, - deyib M.Hacımustafaoğlu.