Polşanın ölkəmizdəki Səfirliyinin konsulluq və Polşa Diaspor Şöbəsi, Azərbaycan və Türkmənistan vətəndaşlarının gözləntilərini nəzərə alaraq, Polşada işləmək və ya təhsil almaq məqsədilə milli viza almaq üçün müraciət edənlərin qeydiyyat yolunda dəyişikliklər edir.
Hafta.az yazır ki, fevralın 19-dan etibarən, e-konsulat sistemində milli viza üçün qeydiyyatdan keçməkdə çətinliklərlə üzləşən insanlar viza müraciətini təqdim etmək üçün email ünvana müraciət edə bilərlər.
Göndərilən e-mail müraciətlərində ad və soyad, əlaqə telefonu mütləq əks olunmalıdır. İşləmək məqsədilə gedənlər üçün iş icazəsinin skan versiyası (iş icazəsi verilən gündən etibarən 90 gündən yuxarı ola bilməz), Təhsil almaq məqsədilə gedənlər üçün, bir əcnəbi vətəndaşın təhsil almasına/təhsilini davam etdirməsinə dair icazə verən sənədin skan versiyası (Elm və ali təhsil nazirinin 23 sentyabr 2019-cu il tarixli əmrinə əsasən əlavə) qeyd olunmalıdır.
Konsulluq və Polşa Diaspor Şöbəsi bildirir ki, yuxarıdakı meyarlara cavab verməyən yazışmalara baxılmayacaq və cavablandırılmayacaq; bir e-mail bir nəfər üçün (eyni şəxs haqqında dəfələrlə göndərilən müraciətlər nəzərə alınmayacaq), vasitəçilər/işəgötürənlər tərəfindən göndərilən sorğu/müraciətlərə cavab verilməyəcək, anketlərin qeydiyyatı zamanı texniki yardım göstərilmir.
Gün təyin olunduğu haqqda e-mail aldıqdan sonra bunları etmək lazımdır: konsulluğun email ünvanına daxil olmaq, MENU seçimində „Milli viza – Blankı doldurmaq” seçmək və viza müraciətini (anketi) doldurmaq, çap eləmək və imzalamaq lazımdır.
Konsulluq və Polşa Diaspor Şöbəsi bildirir ki, viza müraciətinin qəbulu və baxılması məsələsində, heç bir vasitəçi təşkilatlar və viza prosedurlarına qatılmayan şəxslərlə əməkdaşlıq etmir.
Qeydiyyat pulsuzdur.
Konsulluq şöbəsi xahiş edir ki, hər kəs görüşün planlaşdırılan tarixi ilə əlaqəli cavabı gözləyərək anlayışlı və səbirli olsun. Cavablar, qəbul edilən müraciətlərin sayına və mövcud yerlərə görə ən qısa müddətdə veriləcək.