Minskdə Qurbanqulu Berdiməhəmmədovun kitabının təqdimatı olub

11:06 23.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

MDB-nin Minskdəki mənzil-qərargahında üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası çərçivəsində Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədovun “Hakyda göwheri” kitabının təqdimatı olub.

Hafta.az-ın yazdığına görə, təqdimat mərasimində Türkmənistanın Belarusdakı səfiri N.Şakulyev çıxış edərək yeni əsərdə vətənpərvərlik mövzularına, Vətənin müqəddəsliyinə, eləcə də dünya ölkələri ilə dostluğun, sülhün və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini nümayiş etdirən tarixi hadisələrə xüsusi diqqət yetirildiyini qeyd edib.

Vurğulanıb ki, kitabda türkmən xalqının qarşılıqlı yardım, qonaqpərvərlik, birlik, bərabərlik, ədalət kimi humanist ənənələri təsvir olunub.

“Hakyda göwheri” kitabında türkmən xalqının çoxəsrlik ənənələrinin davamlılığına, mədəniyyətlərin qlobal dialoqunun inkişafına verdiyi töhfələrə, eləcə də Türkmənistanın dünya birliyi ölkələri ilə müsbət neytrallıq və konstruktiv qarşılıqlı fəaliyyət siyasəti çərçivəsində əldə etdiyi müasir nailiyyətlərə xüsusi diqqət yetirilir.