Mitinq çağırışları bugünün reallığına uyğun gəlmir - Ramil Hüseynov

21:12 11.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ölkə daxilindəki radikal qrupların mitinq sevgisi tükənmir. Bölgəmiz, regionumuz üçün taprixi anların yaşandığı bir vaxtda, təhdidlərin artdığı bir zamanda mitinq tələbi, insanları aksiyalara səsləyərək daxili birliyimizi pozmağa çalışmaq planlarının arxasında hansı məqamlar dayanır? Müsahibimiz “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi ekspert Ramil Hüseynovdur:

– Avropanın, Qərbin müxtəlif vasitələrlə regiona müdaxilə “proqramında” Azərbaycanın daxilindəki siyasi radikal qrupların xalqı etiraz aksiyasına cəlb etməsi də ola bilərmi və məqsəd nədir?

- Regiondan kənar qüvvələrin Azərbaycan, region maraqları işğalçı Ermənistanın məğlubiyyətindən sonra daha aqressiv şəkildə üzə çıxmağa başladı. Gərginlik yaradıb regiona daxil olmaq istəyən Avropa Fransasının, ABŞ-nin “erməni maşası” Azərbaycanda sındırıldığı üçün əsas idarəçilər özləri meydana çıxdı. Azərbaycan Qarabağ problemini özünün siyasi strategiyası, hərbi gücü ilə həll edə bildi, regionda yeni reallıqlar yaratdı. Məlumdur ki, hüquqi, siyasi məsuliyyət daşıyan beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir addım atmadılar. Ölkə daxilində olan müəyyən qruplar isə bu prosesdən siyasi qazanc əldə etmək üçün cəmiyyətdə qarşıdurma, çaxnaşma yaratmağa çalışdılar. Problemin uzun müddət həll oluna bilməməsində məhz bu cür daxili amillərin rolu oldu. Dövlət siyasətini yaxşı bilən qətiyyətli siyasi liderin fəaliyyəti, iradəsi ilə məsələlər həllini tapdı. Məlum kənar qüvvələr elə bilirdilər ki, problemin rıçaqları onların əlində olduğu üçün bizə təsir, təzyiq edə biləcəklər. Bu gün həmin rıçaqlar tamamilə əllərindən çıxıb. Azərbaycan bir tərəfdən, Ermənistan üzərində şanlı, haqlı qələbə qazandı, digər tərəfdən, özünün strateji tərəfdaşlarını müəyyənləşdirdi. Bundan sonra kollektiv Qərb ölkəmizə qarşı təsir, təzyiqlərə başladı. Hesab edirəm, onların bu istəkləri də alınmadı.

– Necə hesab edirsiniz, bu gün görünməyən təxribatçı qruplar, eləcə də Milli Şuranın mitinq keçirmək istəyinə razılıq verilməməsi Qərbin əlinə hansısa bəhanəni verə bilərmi?

– Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlar və hakimiyyət var. Hakimiyyətin atdığı addımlar, idarəçilik sistemində etdiyi dəyişiklik göz qabağındadır. Son illərin hadisələri xüsusilə tarixi əhəmiyyəti ilə seçilir. Bunu müxalifətin fəaliyyəti ilə müqayisə edəndə ciddi fərqin olduğunu görürük. Hakimiyyət inkişaf tempini dünyada baş verən proseslərə, dəyişikliyə uyğun olaraq qurub və bunun da müsbət nəticələri var. Bugünkü Azərbaycan 20 il qabaq arzuladığımız Azərbaycana  yaxınlaşıb. Uzun illərdir, inkişaf tempindən geridə qalan bu siyasilərin sabahkı taleyi bəllidir. Ona görə də ermənilər vasitəsilə regiona daxil olmaq istəyən kənar qüvvələr Azərbaycan daxilində olan bu cür təsir müxanizmlərini işə salıb ürək bulandırmağa çalışırlar. Bu məqamlar, siz dediyiniz kimi, görünməyən müdaxilələr deyil. Neçə illərdir, xaricdə oturub Azərbaycan əleyhinə danışan osmanqızıların düşməncəsinə, qərəzli çıxışları Qərbin istəklərinin həyata keçirilməsidir. Bəzən guya toqquşurlar, bəzən təzədən barışmaqla siyasi oyunlar həyata keçirirlər. Məqsəd siyasi hakimiyyətə pislik etməkdir. Hakimiyyət Azərbaycan torpaqlarını işğaldan azad edibsə, sosial-iqtisadi həyatında hansısa inkişafa nail olmağa çalışırsa, kənardan neqativ düşüncələrlə bu prosesə xələl gətirmək istəyi qəbulolumazdır. Bu o deməkdir ki, sizə siyasi mübarizədə gücümüz çatmadı, amma əlimizdən nə gəlirsə, nə göstəriş versələr, hansı havanı çalsalar onu oynayacağıq. Bu heç bir siyasətçiyə yaraşmayan yanaşmadır. Dediyiniz mitinq çağırışları bu fonda meydana çıxıb. Təbii ki, mitinq çağırışları Azərbaycanın bugünkü reallığına uyğun gəlmir. Vicdanla, vətənpərvərlik hissi ilə düşünənlər bu aksiya çağırışlarını mənasız, məntiqsiz hesab edir. Radikal qrupların yanlışlıqları, nəticəsizlikləri onları bu vəziyyətə gətirib. Bir sözlə, Milli Şurada olanlar dövranını bitirmiş, etibarsız, mənasız insanlardır. Onların mitinq keçirməyə də gücləri yoxdur. Belə bir vəziyyətdə Azərbaycanda hansısa aksiya ilə iğtişaş yaratmağa cəhd etmək özü qeyri-ciddilik, məsuliyyətsizlik, xəyanətdir. Biz bu gün dünyada gedən proseslərin fonunda Azərbaycanın inkişafı üçün nə lazımdırsa, etməliyik. Siyasi təşkilatlar dövlət dayaqlarının möhkəmləndirilməsinə xidmət etməlidir.

Gəlin baxaq görək, həmin aksiyanı keçirmək istəyənlər hansı məsələlərə toxunur - pensiya, müavinətlərin artırılması, uşaqpulu və sair... Əslində, həmin bu məsələlər aidiyyəti dövlət idarələrində, parlamentdə müzakirə olunur, həll yolları araşdırılır.

Digər tərəfdən, bugünə qədər bu radikallar hakimiyyəti Qarabağ məsələsi ilə vurmağa çalışırdı. Ərazilər alınanda və hər keçirilən antiterror əməliyyatından sonra başqa-başqa üsullarla hücuma keçdilər. Torpaqlarımızı azad etmək üçün əməliyyatlar keçiririk, bunlar çıxıb efirə dedilər ki, “Haqlı durumda ikən, bizi haqsız duruma saldınız”, “Sən Ermənistan sərhədlərini niyə aşmısan?”. Bu, milli mövqe deyil. Özlərinə də “milli qüvvələr” deyirlər. Kənardan özlərinə baxsınlar və utansınlar. Milli düşüncə sahibləri o işi ərsəyə gətirənlərdir, bizim şəhidlərimizdir, qazilərimizdir, Azərbaycanın siyasi rəhbərliyidir.

Yaxud bunlar deyirdilər ki, rus qoşunları çıxmayacaq. Dövlətin yanında olan siyasətçlər həmişə Azərbaycanın bu prosesdən tam qələbə ilə çıxacağına inandığını deyirdilər. Biz də təbii ki, o fikirdəydik və inanırdıq. Proseslər, artıq irəliləyir. Rusiya-Azərbaycan hökumətləri arasında olan razılaşmaya görə, sülhməramlılar ərazini tərk edir. Bu missiyanın bizim regionda işi qalmayıb. Azərbaycanın milli maraqlarına, mənafeyinə uyğun addım atan siyasi kurs, siyasi strategiyası var. Azərbaycanın öz kursu ilə uğurlu davam etməsi üçün biz o kursu dəstəkləməliyik.

Özünə “Milli Şura” adını qoyan bir qrup siyasətçi uzun illərdir fəaliyyət göstərir və özlərini ilk müstəqil dövləti yaradan siyasətçilərlə müqayisə edirlər. Bu yanlışdır. Cəmiyyətdə həmin qrupa qarşı bir fikir var: siz hara, Milli Şura hara? Heç olmasa, 5-10 ildən bir bu cür gülməli addımlar atsalar bəlkə insanları çaşdırıb, ciddi qəbul oluna bilərlər. Bunlar bu cür lətifələri hər gün danışırlar. Onlar tamamilə tükəniblər. Milli Şurada olanlar gəldikləri yolda dönüb arxalarına baxsalar, itirdiklərini görəcəklər. Sadəcə, xaraktercə o qədər cılız hisslərlə yaşayan insanlardır ki, emosiyalarına qapılıb qisasçılıq əqidəsi ilə ömür sürürlər.

– Siyasi dialoqdan yayınan müxalifət aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışır?

– Ölkədə iqtidar-müxalifət partiyalar arasında dialoq sistemi yaranıb. Ağıllı müxalif siyasətçilər bu vəziyyətdə dövlət üçün faydalı olmağa çalışdı. Əgər müxalifət dialoq siyasətində öz ölkələrinə xidmət göstərə bilirsə, bu artıq onların uğurdur. Bunu etmək istəməyənlər, kənarda qalanlar isə siyasətçi deyil.

Müxalifətçilik fəaliyyəti başqa formalarda görünməlidir. Çomaq götürüb küçələrdə dalaşmaq dövrü bitib. Hər bir problem sözlə ifadə olunaraq, təkliflər verilərək, müzakirə olunaraq çözülməlidir. Söz deməyin də üslubu düzgün seçilməlidir. Kimisə hədələməklə, təhqir etməklə deyil. Bu siyasi etika, ədəb-ərkan, əxlaq çərçivəsində olmalıdır. Anlamalıdrlar ki, xalq hakimiyyətin siyasi, diplomatik gücünü də görür, onların da... Ən azı söz deyəndə buna fikir verməlisiniz.

– Dialoqdan sonra siyasi müxalifətdə dəyişən nə var?

– Ümumiyyətlə, bir neçə müxalifətçilik istiqaməti var. Təbii ki, dialoqu seçən müxalifət öz işini görür. Bəzi müxalifət partiyaları var ki, onlar “mövsüm müxalifətidir”. Bunlar seçkidən-seçkiyə aktivləşir, özünü reklam edir, deyir ki, gəlirəm hakimiyyətə. Bu da müxalifətçilik deyil. Yaxud xarici təsirlərin altında olan, həmin qüvvələrin maraqları ilə öz mənafelərini uyğunlaşdıran radikal müxalifət var. Onların “əhvalı” tez-tez dəyişir. Həqiqətən də müxalifətçilik edib, öz təklifləri, dəstəyi ilə dövlətin yanında olub, cəmiyyətin inkişaf tempini yüksəltməyə çalışan müxalifət də var.

Siyasi partiyaların reyestrindən sonra hakimiyyət  müəyyən güzəştlərə getdi. Bu, müxalifətçiliyin aradan qaldırılmasının qarşısını aldı. Hakimiyyətin müxalifətə loyal yanaşması bəzi siyasilərin, təşkilatların qalması ilə də müşahidə olundu. Yəni hakimiyyət bəzi siyasi partiyaların fəaliyyətini davam etdirməsi üçün güzəştlər etdi.

– Azərbaycana təsir edə bilməyən “fransız düşüncəli” qara güclərin ölkə daxilinə nüfuz etmək üçün hər cür vasitəyə əl atacağı istisna edilmir. Belə bir şəraitdə “5-ci kolon” nə dərəcədə hərəkətə gətirilə bilər, mövcuddurmu?

– Azərbaycanda müxtəlif kolonlar olub və olacaq.  Azərbaycan elə bir coğrafi məkandır ki, burada dünya güclərinin geosiyasi maraqları var və bir çox hallarda toqquşur. Azərbaycanın bölgədə tutduğu önəmli yer istər-istəməz bu kolonların mövcud olmasını istisna etmir. Həmin kolonlarda xidmət edənlərin özlərini cəmiyyətə mələk kimi sırıması məsələnin ən qorxulu tərəfidir. Ona görə də hakimiyyət o kolonların iç üzünü açmaq üçün əlindən gələni etdi və düşünürəm ki, proses izlənilir. Düzdür, “5-ci kolon”ların ifşası istiqamətində islahatlar olub, amma tamamilə təmizləndiyini düşünmürəm. Onların kökü birdəfəlik kəsilməlidir. Ölkənin hüquq-mühafizə orqanları ölkəmizə qarşı içdən yönələn əks-təsirlərin, təzyiqlərin  qarşısının alınması, milli təhlükəsizliyin qorunması üçün çox ciddi addımlar atıb, bundan sonra da atılacaq. Bu, bizdə dövlət maraqlarının daim qorunacağına bir əminlik yaradır. Ölkəni, dövləti, vətəndaşımızı xarici və daxili dağıdıcı təsirlərdən qorumaq borcumuzdur. Dövlət bu missiyanı mükəmməl şəraitdə həyata keçirir və düşünürük ki, hakimiyyət etibarlı əllərdədir. Ona görə də “5-ci kolon”lardan qorxmaq yox, tədbirli olmaq lazımdır. “5-ci kolon”lar ən çətin vaxtlarda millətin ruhunu əzmək üçün hərəkətə keçdilər. Xankəndi Azərbaycanın tarixi ərazisi, Qarabağın düz mərkəzində yerləşsə də, kimlərsə ictimaiyyətin beyninə təsir etmək üçün yanlış informasiyalarla cəmiyyətin şüuruna təsir etməyə çalışdılar. Ən sadə və görünən bir məqamı xatırladım: “Xankəndi alınmayacaq, ermənilərə qaldı, Xocalı rus sülhməramlılarına qaldı” və sair neqativlərin yayıldığının şahidiydik. Bir çox qruplar insanlara torpaq sənin tarixi ərazindir, mütləq azadlığına qovuşacaq, başqa yolu yoxdur demək əvəzinə, vəziyyətdən istifadə edib, çox vaxt rişxəndlə siyasətçiyə yaraşmayan çıxışlar edib, insanları daha çox məğlubiyyətə, inamsızlığa fokuslamaqla məşğul idilər. Ən arzuolunmayan tərəfi isə Azərbaycan hakimiyyətini “Avropa ədaləti” ilə hədələmələridir. Onların xisləti Azərbaycanın uğurlarına sevinmələrinə imkan vermir. Hər halda bizim xalqımız müdrikdir və kimə etimad göstərdiyini son prezident seçkilərində göstərdi.  Azərbaycan gələcək inkişafının, varlığının, qüdrətlənməsinin yolunu öz lideri ilə birgə irəliləməkdə görür. Düzdür, hər bir cəmiyyətdə, dövlətdə olduğu kimi, bizdə də müəyyən çatışmazlıqlar, problemlər var. Hətta hakimiyyətdə də, müxalifətdə də bizim narazı olduğumuz şəxslər var. Bu o demək deyil ki, sən dövlətinə qarşı çıxmalısan. Prezident 44 günlük Vətən müharibəsindən sonra hədəflərə istiqamətlənən çıxışlar etdi. Zəngəzura hərblə deyil, mülki avtomobillə gedəcəyini dedi. Bu fikrin arxasında böyük tarixi ideya və hədəflər var. Prezident səviyyəsində belə bir fikrin səslənməsi bizim tarixi, əzəli torpaqlarımızın tarixin müəyən mərhələlərində ədalətsizcəsinə istismar olunduğuna və azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının mənəvi haqqı kimi önə çəkilməsidir. Bizim radikal müxalifətçi siyasətçilər bunu "Ermənistana ərazi iddiası", müharibəni qızışdırmaq” kimi təqdim edib, etiraz etdilər. Prezidentin öz ata-baba, tarixi torpaqlarına - Zəngəzura getmək istəyinə etiraz dolu fikirlərin Milli Şurada təmsil olunan tarixçi professorun oturduğu “masa arxasında” söylənilməsi həm ağlasığmaz, həm də qəbulolunmaz faktdır. Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır və hər bir azərbaycanlının o torpaqlara qayıdıb yaşaması onun haqqıdır. Bəzi qruplar var ki, uzun illər Azərbaycan insanının qanına işləmiş olan mütilik, qorxaqlıq, “böyük qardaş səni döyər” hədəsi ilə insanları psixoloji qorxu altında saxlamağa çalışırdılar. Prezidentin o böyük, tarixi sözləri əsrlərlə, illərlə işləyən həmin sindromu məhv etdi. Bəyan etdi ki, Azərbaycan dövləti, xalqı haqqı olanı almalıdır və alacaq. Prezident həmin vaxtdan bu günə qədər dediyi bütün sözlərin arxasında durdu, reallaşdırdı. Otuz il işğal altında olan torpaqlarımz 44 gün ərzində azad oldu. Azərbaycana, regiona qarşı qlobal güclərin birgə dayanaraq mübarizə apardığı bir vaxtda bu proses uğurla bitdi və o zaman Prezident Zəngəzurdan danışdı, öz sözünü dedi.

Azərbaycanın öz haqqını almasını niyə istəmirsiniz, etiraz edirsiniz? Bu cür çıxışlarla nə üçün xalqı güclü olmaqdan yayındırmağa çalışırsınız? Biz Zəngəzura gedəcəyik. Xisləti qara olan daxili, xarici qruplar öz içini didə-didə qalacaqlar.

 

Oxunma sayı 219