Müğənni xüsusi karantin rejimi ilə bağlı vətəndaşlara müraciət edib - VİDEO

12:21 01.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Rəşad İlyasov xüsusi karantin rejimi ilə bağlı vətəndaşları evdə qalmağa səsləyib.

Hafta.az xəbər verir ki, bu barədə mətbuata açıqlama verən müğənni bildirib ki, koronavirusdan qorunmaq üçün vətəndaşlar ehtiyatlı olmalı, xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər:

"Hazırda çox çətin anlar yaşayırıq. Dünyanı cənginə alan koronavirus, Azərbaycandan da yan keçmədi. Şükürlər olsun ki, hələlik Azərbaycanda bu virus pandemiya həddinə çatmayıb. Nəticələr normaldır. Amma bu nəticələri daha da minimuma endirmək üçün sizdən artıq dərəcədə xahiş edirəm ki, evdə qalın. Xüsusi karantin rejiminin qaydalarına əməl edək, bir-birimizdən təcrid olunaq. Zəruri ehtiyac olmadığı təqdirdə küçəyə çıxmayaq. Aptek və marketə getmək zərurətiniz yoxdursa, küçələrə çıxmayın. Şəxsən mən evdə otururam, vaxtımı evdə keçirirəm. Sizə də tövsiyə edirəm ki, evdə qalın, küçələrə çıxmayın və gigiyenik qaydalara əməl edin. İnanıram ki, bu qaydalara əməl etsək, hər şey yaxşı olacaq".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.