Müharibə veteranları üçün nəzərdə tutulan təqaüdlərin artırılmasına ehtiyac var - Ekspert

11:49 23.11.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda müharibə veteranlarına verilən təqaüdün məbləği artırıla bilər. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu kimi məsələlərin müntəzəm şəkildə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyində müzakirə olunduğunu deyib: “Son 4 ildə Azərbaycanda aparılan islahatlar çərçivəsində minimum əməkhaqqının, minimum pensiyanın, müxtəlif sosial ödənişlərin, müavinətlərin və təqaüdlərin məbləğləri demək olar hər il artırılıb. Hər büdcə ilinin imkanları çərçivəsində bu məsələlərə baxılır. İstisna deyil ki, növbəti il üçün də bu məsələlərə baxılacaq. O cümlədən, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq. Müharibə veteranlarına verilən təqaüdün məbləğinin kommunal, nəqliyyat xərcləri ilə əlaqələndirilməsi məsələsini məqsədəuyğun hesab etmirik, çünki 2019-cu ildə kommunal və nəqliyyat xərclərinə görə müavinət ləğv olunub, onun əvəzinə müharibə veteranlarına verilən təqaüd təsis olunub və məbləği 80 manatdır. Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə statistik məlumatlarına əsasən, istehlak xərclərinin tərkibində su, işıq, qaz və digər yanacaq növlərinə görə xərclər təxminən 27 manat 17 qəpik, nəqliyyat xərclərinə görə 21 manat 85 qəpik və rabitə xərclərinə görə 11 manat 20 qəpik, ümumilikdə isə bir nəfər üçün 60 manat 22 qəpik məbləğində müəyyən edilib. Hazırkı təqaüdün məbləği qeyd edilən xərci 33 faiz üstələyir".

Bəs, görəsən, gələn ilin büdcəsində müharibə veteranlarına verilən təqaüdün məbləğinin artırılması nə dərəcədə realdır? Əgər artım baş verərsə, bu təxminən neçə faiz civarında olacaq?

Mövzunu qəzetimizə şərh edən İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib ki, Azərbaycanın dövlət büdcəsi həmişə sosialyönümlü olub: “Növbəti ilin büdcə müzakirələri onu deməyə əsas verir ki, gələn ilin büdcə sənədi də sosialyönümlü olacaq. Artıq büdcə müzəkirələrinin getdiyi bir vaxtda biz gördük ki, ölkə Prezidenti tərəfindən hərbi qulluqçuların, bir sıra sahələr üzrə hərbi birləşmələrin əməkdaşlarının məvacibinin artırılmasına dair fərmanları oldu. Güman edirik, bu proses 2024-cü ildə də davam edəcək. Təbii ki, son illərin infliyasiyalarına baxsaq görərik ki, müharibə veteranları üçün nəzərdə tutulan təqaüdlərin artırılmasına ehtiyac var. Bu artımın 10-15 faiz civarında baş verəcəyini gözləyirik. Sözsüz ki, artım bundan da çox ola bilər. Bunun üçün dövlət büdcəsinin də yetərincə imkanları mövcuddur”.