Müharibədən bezənlər: zəngin ruslar RUSİYANI TƏRK EDİRLƏR

09:30 10.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin fevral ayında Rusiya ordusu Ukrayna torpaqlarına hərbi təcavüzə başlayandan sonra zəngin ruslar heç nə düşünmədən var-dövlətlərini pula çevirib ölkədən ayrılmağa başladılar. Necə ki, rus oliqarxlar lap əvvəldən xarici banklarda saxladıqları pulla, vətənlərində müharibədən dolayısı çətin vəziyyətin yaranmasına baxmayaraq, öz keflərini sürürlər. Bir halda ki, oliqarxlar, eləcə də Rusiyanın yüksək rütbəli məmurları xalqdan oğurlanan vəsaitlə xaricdə səfa çəkirlər, o zaman sıravi ruslar alın təriylə qazandıqları pulu niyə müharibənin şərtləri daxilində boş yerə havaya sovursunlar?

Qeyd edək ki, ruslar heç vaxt özlərini ağır həyata qurban verməyiblər. Əlbəttə, deyə bilərsiniz ki, II Dünya Müharibəsində ruslar da digər Sovet İttifaqı əhalisi kimi dözülməz məşəqqətlər yaşayıblar. Düzdür, amma bu bir həqiqətdir ki, o dövrdə dəmir sərhədləri aşmaq elə də asan deyildi və üstəlik, kommunistlər insanları soyub-taladıqları üçün kimsənin xaricə aparmağa bir şeyi qalmamışdı.

Bu arada, 1917-ci ildə Rusiya monarxiyasının süqutundan və bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra “ağ mühacirət” kimi tanınan proses tarixə öz damğasını vurub. Müxtəlif hesablamalara görə, o dövrdə 5 milyonadək insan keçmiş Rusiya imperiyasının ərazisini tərk edib. Özü də bu insanların mütləq əksəriyyəti az-çox pullular olub. 

Yüz ildən sonra tarix yenidən təkrarlanır. Miqrasiya səbəbləri və mühacirlərin motivləri ötən əsrin hadisələrindən xeyli fərqli olsa da, Rusiya vətəndaşlarının ölkədən getmə nisbətləri müqayisə edilə bilər. Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması ilə on minlərlə rus “vaxtından artıq qalmaq” və ya yeni yerdə məskunlaşmaq üçün “vizasız” ölkələrə uz tuturlar.

Google Trends və Yandex Wordstat xidmətlərinin məlumatına görə, müharibənin ilk başında - fevralın son günləri və martın ilk günlərində ruslar Rusiyanı tərk etmək barədə məlumat axtarırdılar.

Maraqlıdır, ruslar əsasən hansı ölkələrə pənah aparırlar? Google Trends və Yandex Wordstat-a görə ruslar daha çox coğrafi mənada Rusiyaya daha yaxın ölkələrlə maraqlanıblar. Bu ölkələr əsasən Türkiyə, Litva, Latviya, Estoniya, Gürcüstan, Ermənistan, BƏƏ və sair olub. Mütəxəssislərin fikrincə, rusların daha yaxın Avropa dövlətlərinə getmək istəməməsi Avropa İttifaqı ölkələrinin Rusiyadan olan aviaşirkətlərə qarşı tətbiq etdiyi irimiqyaslı sanksiyalar və onun vətəndaşlarına giriş məhdudiyyətləri qoymasıilə bağlı ola bilər.

Müxtəlif mənbələrin hesablamalarına görə, fevralın 24-dən üzübəri 800 minədək insan Rusiyanı tərk edib. Helsinki Universiteti və “OK Rusları” layihəsinin sorğusuna əsasən, miqrantların 57 faizinin yaşı 35-dən aşağıdır. Düşünülür ki, bu yaşda olan kişi miqrantlar müharibədə döyüşmək istəmədikləri üçün Rusiyadan qaçırlar. Bundan əlavə, miqrantların 68 faizi Rusiyanı “uzun müddətə və ya daimi olaraq” tərk edib.

Miqrasiyanın nəticələrinə görə, ruslar yaşamaq üçün xaricdə mülk almağa başlayıblarsa, bu o deməkdir ki, onlar özləri ilə xaricə ən azı 50-60 min dollar aparıblar. Bu da o deməkdir ki, rusiyalı miqrantlar Rusiyadan ortalama 50 milyard dollar çıxarıblar. Əlbəttə, sərvətinin həcmi 1 milyon dollardan çox olan 15 mindən artıq rus milyonçunun miqrasiyası bu siyahıya daxil deyil.

Bu dövrdə rusiyalı miqrantların qəbuluna görə lider ölkələr 25 faizlə Türkiyə, 23 faizlə Gürcüstan və 15 faizlə Ermənistandır.

Rusiya miqrasiya dalğasının alıcı ölkələr üçün xoş nəticəsi əmək resurslarının və vergi ödəyicilərinin axını olub. Digər tərəfdən, belə genişlənmə mənzil kirayəsi və mənzil qiymətlərinin kəskin artmasına gətirib çıxarıb.

 

Dar günün güvənli dostu

 

“Bloomberg” yazır ki, 2022-ci ilin iyun ayında Türkiyədə xaricilərə ev satışı ötən ilin eyni dövrü ilə müqayisədə 80 faizdın çox artıb. Səbəb isə ruslardan tələbin artması olub. Belə ki, ruslar yanvar ayından bəri Türkiyədə 6 min ev alıblar. Bu isə onları əcnəbilər arasında ən böyük alıcıya çevirib. Bundan əvvəl birincilik İran və İraq vətəndaşlarına məxsus olub.

Ruslardan mənzillərə tələbat daha da artıb. Türkiyə Statistika Təşkilatının məlumatına görə, təkcə aprel ayında əcnəbilərə daşınmaz əmlak satışı mart ayı ilə müqayisədə 186,6 faiz çoxalıb. İstanbul “Golden Sign” daşınmaz əmlak şirkətinin qurucusu Gül müştəriləri haqqında “Bunlar varlı ruslardır, amma oliqarxlar deyil” deyir.

“Turk.Estate” analitiklərinin məlumatına görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində rusların Türkiyədə daşınmaz əmlak almağa marağı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 130 faiz, 2020-ci ilin birinci yarısı ilə müqayisədə isə 177 faiz artıb.

Gülün sözlərinə görə, bəzi ruslar Türkiyədə hətta 3-5 mənzil alırlar. Onlar əməliyyatlar aparmaq üçün müxtəlif ödəniş vasitələrindən istifadə edirlər. “Biri nağd pul gətirir, biri bank hesabı açır, biri də qızıl gətirir”, - deyir Gül.

Xaricilər üçün türk kvadratmetrlərinə investisiyanın cəlbediciliyi lirənin daimi devalvasiyası və yüksək inflyasiya ilə dəstəklənir. Son bir ildə lirə dollar qarşısında 48 faiz ucuzlaşıb, istehlak qiymətləri isə 80 faiz artıb.

Mənzillərə tələbin gözlənilməz artması onların bahalaşmasına səbəb olub. Belə ki, 2022-ci ilin fevralından iyul ayına qədər Türkiyədə mənzillərin satış qiyməti orta hesabla 20 faiz artıb.

Əcnəbilər arasında ən populyar yer İstanbuldur. Məlumata əsasən rusların 45 faizi yaşamaq üçün İstanbulu, 21 faizi isə Antalyanı seçir.

Rusların Türkiyəyə üz tutma səbəbləri bu ölkədə bazarların Avropa ölkələrindəkindən xeyli ucuz olması, Rusiyaya coğrafi yaxınlıq, hava nəqliyyatının fasiləsiz işləməsi, ən əsası isə müharibə başlayandan sonra Qərb dünyası embarqolar tətbiq etdiyi halda, Türkiyənin Rusiya ilə birbaşa prezidentlər səviyyəsində, yaxın tərəfdaşlığa sadiq qalmasıdır.

 

Yenə yaxın qonşu…

 

Rusiya vətəndaşlarının 23 faizinin üz tutduğu ölkə Gürcüstandır. Çox qəribədir ki, Rusiya yaxın keçmişdə Gürcüstana işğalçı hücumu, Abxaziya ilə Cənubi Osetiya muxtariyyətlərini defakto işğal etməsi gürcülərdə bu ölkəyə nifrəti coşdursa da və iki ölkə arasında neçə illərdir heç bir əlaqə olmadığı halda, rusiyalılar yenə də yaşamaq üçün Gürcüstana sığınmaq qərarına gəliblər. Məlumata görə, il ərzində Gürcüstana 120 min miqrant daxil olub. Onların Rusiya, Belarus və Ukrayna vətəndaşları olduğu bildirilir. Amma onlar milliyətcə ruslar, belaruslar, ukraynalılardır, yoxsa bu üç ölkədə yaşayan etnik gürcülər, bu haqda heç nə deyilmir.

Xaricilərin axını Gürcüstanda da mənzil qıtlığına və kirayə qiymətlərinin artmasına səbəb olub. “TBC Capital” investisiya şirkətinin araşdırmasına görə, aprel ayında Tiflisdə daşınmaz əmlakın icarə qiyməti ötən illə müqayisədə 48 faiz artıb.

Tələb və kirayə qiymətlərində əsas artım Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra - mart ayında baş verib. Məlumata görə, müharibədən cəmi bir ay sonra Gürcüstanın paytaxtında mənzillərin kirayə qiyməti 20,1 faiz artıb.

Gürcüstan Bankının analitik hesabatında qeyd olunur ki, mənzil kirayəsi qiymətlərindəki yaz artımı bütün müşahidələr tarixində ən kəskin artım olub. İcarəyə götürmə indeksi fevraldan may ayına kimi sürətlə yüksəlib.

Eyni zamanda, mənzil qiymətləri indeksi daha çox artıb. Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin ikinci rübündə Tiflisdə mənzillərin qiyməti 2021-ci illə müqayisədə 8,2 faiz yüksəlib. Mənzillərin kirayə qiymətləri indeksinin artması daşınmaz əmlak bazarının kapitallaşmasının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

 

Kasıblar Ermənistana, zənginlər BƏƏ-yə

 

İqtisadi cəhətdən Rusiya ilə bağlı olan Ermənistan “köçürücülər” üçün əsas istiqamətlərdən birinə çevrilib. Daşınmaz əmlak agentliyinin meneceri Vahe Danielyanın sözlərinə görə, Ukrayna, Belarus və Rusiyadan gələn müştərilərin dalğası İrəvanda mənzillərin kirayə qiymətinin 30 – 40 faiz artmasına səbəb olub. Hətta bəzi mülk sahibləri mənzilləri baha qiymətə kirayə vermək üçün kirayəçiləri ilə mövcud icarə müqavilələrini pozurlar. Daşınmaz əmlakın dəyəri də artır. 2021-ci illə müqayisədə mənzil bazarında qiymət orta hesabla 20 faiz, satışın həcmi isə 10 faiz artıb.

Onu da qeyd edək ki, Ermənistana köçən miqrantlar əsasən Rusiyaya iş dalıyla gedən ermənilərdir…

Rusların axın etdiyi ölkələrdən biri də Özbəkistandır. 2022-ci ilin ikinci rübü üzrə daşınmaz əmlak bazarının icmalında Özbəkistan Mərkəzi Bankı mənzil kirayəsi bazarında aktivlik indeksinin artdığını qeyd edib. Tənzimləyici bunu Rusiya və Belarusdan “əhəmiyyətli turist axını” ilə izah edir. Daşkənddə daşınmaz əmlakın dəyəri və onun icarə haqqı Ukraynada böyük müharibə başlayandan sonra artmağa başlayıb.

Mənzillərin kirayə qiyməti may ayında 1,7 faiz, iyunda isə 2,1 faiz artıb. İkinci rübdə ev alğı-satqı müqavilələrinin sayı 81,9 minə çatıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çoxdur.

Məlumat üçün qeyd edək ki, Sovet dönəmində bütün respublikalarda olduğu kimi, Özbəkistanda çox sayda rus yaşayıb və bu gün də onların sayı bu ölkədə az deyil. Bütün hallarda, son iki onildə Özbəkistandan yüz minlərlə rus Rusiyaya miqrasiya edib. Çox güman ki, az da olsa, bu gün Özbəkistana gələn ruslar ya vaxtilə oradan gedənlər, ya da bu qardaş ölkədə qohumları yaşayanlardır.

Rusların, xüsusilə də zəngin olanların yaşamaq üçün seçdiyi ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). “Betterhomes konsaltinq” şirkətinin hesabatına görə, ilin birinci yarısında BƏƏ-də yaşayış daşınmaz əmlakı ilə əməliyyatların həcmi 60 faiz, satılan daşınmaz əmlakın dəyəri isə 85 faiz artıb. Dubayda ən böyük daşınmaz əmlak alıcıları siyahısında ruslar dördüncü yerdədirlər. Məlumata əsasən rusiyalı əmlak alan miqrantların sayı 164 faiz yüksəlib.

Qeyd edək ki, BƏƏ-də ən yaxşı mənzillərin qiyməti 100 min dollardan başlayır.

Dubaydakı “Modern Living” daşınmaz əmlak agentliyinin baş direktoru Tiaqo Kaldas rusların maraqlarını təmin etmək üçün üç rusdilli agenti işə götürüb. Onun sözlərinə görə, Rusiya Federasiyasından alıcıların sayı on dəfə artıb.

Araşdırmalarda tarixən Rusiya ilə sıx əlaqələri olan Azərbaycanın adı keçmir. Amma təəccüblə qeyd oluna bilər ki, iqtisadi-sosial, hətta ictimai-hərbi vəziyyətinə görə Azərbaycandan daha pis vəziyyətdə olan Gürcüstana və Ermənistana miqrasiya axını olduğu halda niyə Azərbaycana gələn yoxdur. Bunun bir səbəbi odur ki, Azərbaycan uzun müddətdir quru sərhədlərini bağlı saxlayır və bu ölkəyə yalnız baha qiymətə bilet alaraq təyyarə ilə gəlmək mümkündür. Çöx güman ki, miqrant qəbulunda bəzi çətinliklər də mövcuddur. Hər halda, Azərbaycanın adı araşdırmalarda keçmir…