“Münaqişənin qaynar nöqtələri Qazaxıstana yaxınlaşır”.
Hafta.az yazır ki, bunu Kazinform-a qazaxıstanlı hərbi ekspert Amangəldi Kurmətulının “Bızdın Orta” podkastına verdiyi müsahibədə deyib.
"Hazırda silah istehsalı və ticarəti çox sürətlə inkişaf edir. Qlobal silah bazarındakı 100 şirkətin siyahısına bir çox yeni oyunçu qoşulub. Məsələn, siyahıya dörd-beş türk şirkəti qoşulub. Onlardan başqa Cənubi Koreya, Pakistan və digər ölkələri də qeyd edə bilərik. Silah bazarı böyük bir bazara çevrilir", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, dünyada davam edən münaqişələr diplomatiyanı dəyərdən salır və müxtəlif bölgələrdə qeyri-sabitliyə səbəb olur.
"Əvvəllər belə qaynar nöqtələr bizdən uzaq görünürdü, indi isə sərhədlərimizə yaxınlaşıb. Həm Ukrayna, həm də İran bizə çox yaxındır. Əvvəllər biz Əfqanıstanı yalnız Mərkəzi Asiya üçün təhlükəli istiqamət hesab edirdik. Digər bölgələr sabit idi", - deyə A.Kurmətulı bildiirb.
Onun fikrincə, mövcud geosiyasi vəziyyət dövlətləri diqqətli və ayıq olmağa məcbur edir.
"Qlobal geosiyasi vəziyyəti nəzərə alaraq, sosial birliyi və daxili sabitliyi gücləndirməliyik. Bu, müəyyən daxili məsələlərə daha rahat yanaşma tələb edir. Çünki ölkənin maraqları, xüsusən də geosiyasi gərginlik artdıqda, birinci yerdə olmalıdır", - Kurmətulı hesab edir.