“NATO-nun Türkiyəyə siyasi dəstəyi onun mövqeyini gücləndirdi” – Cavid Vəliyev

10:20 06.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Suriyada hərbi-siyasi vəziyyətə sabitlik gətirmək məqsədilə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Moskvada görüş baş tutdu. Özü də görüşə nə Qərb liderləri, nə də İran nümayəndəsi dəvət olundu – ikilikdə qərar verməyə çalışdılar. Müəyyən müddətə atəşkəs sazişi imzalandı, kim nə qədər torpaq tutub, əlində saxlayacaq. Üstəlik, M-5 yolu Əsəddə qalır, hətta İdlibi ikiyə ayıran M-4 yolu da dolayısıyla müxalifətin və Türkiyənin birbaşa nəzarətindən çıxır. Türk ordusunun hazırda Əsəd tərəfindən mühasirədə saxlanılan nəzarət məntəqələrinin vəziyyətinə də aydınlıq gətirilməyib. Müşahidəçilər ikiyə bölünmüş vəziyyətdədirlər: bir qrupu Türkiyənin istədiyini aldığını, ikinci qrup isə belə demək mümkündürsə, uduzduğunu deyir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevlə söhbətimiz zamanı bütün bu suallara aydınlıq gətirməyə çalışdıq. Gəlin ekspertin dediklərinə birlikdə nəzər yetirək:  

- Rusiya və Türkiyə, Astana və İdlib üçün imzalanan Soçi müqaviləsinə görə, Suriyada atəşkəsin qarant tərəflərindəndir. Bu mənada İdlibdə qarşıdurma rəsmi olaraq Türkiyə ilə Bəşər Əsəd hakimiyyəti arasında olsa da, onun dəstəkçisi hesab olunan Rusiya ilə görüşdü. Türkiyə Əsəd hakimiyyətini tərəfmüqabili olaraq da qəbul etmir. Prezident Ərdoğan Moskvaya səfər edərkən iki əsas məqsədi var idi. Birincisi, atəşkəsin təmin olunması. İkincisi isə, İdlibdən qaçan mülkü əhalinin yerləşməsi üçün təhlükəsizlik zonasının qurulması. Moskvada tərəflərin gəldiyi razılaşmada hər iki hədəfə çatılıb. Lakin, atəşkəs müqaviləsi qısamüddətli ola bilər. İkincisi, müqaviləyə əsasən tərəflər indiyə kimi İdlibdə ələ keçirdiyi bölgələrdə nəzarəti əldə saxlayır. Bu isə o deməkdir ki, M-5 quru yolu Bəşər Əsəd ordusunun nəzarətində qalır. Digər tərəfdən tərəflər arasında əldə olunan razılaşmaya əsasən, M-4 quru yolunu şimal və cənubunda 6 kilometrlik təhlükəsizlik zonası qurulur. Bu yol ticarət yoludur. Buranın təhlükəsizliyini isə türk və rus ordusu birgə təmin edəcək. Türkiyənin Suriya ordusunun mühasirəsində olan 9 nəzarət postunun hələ də mühasirədə qalması isə hələlik həllini tapmayıb. Atəşkəsin əldə olunması özbaşına bir uğur olsa da, bu çox həssas atəşkəsdir. İdlib məsələsini uzunmüddətli həll etmir.

- Suriya məsələsində bir-birinə zidd olan iki liderin – Ərdoğanla Putinin coğrafi məkan olaraq Moskvada bir araya gəlməsinin hər hansı siyasi mənası ola bilərmi? Yəni onlar Ankarada, hətta üçüncü ölkənin ərazisində də görüşə bilərdilər...

- Əslində əvvəlcədən plan var idi ki, Türkiyədə Makron, Merkel, Putin və Ərdoğan dördlü görüş keçirsin. Lakin Rusiya bunu qəbul etmədi. Məqsədi də Qərb dövlətlərini İdlibdə söz sahibi etmək istəməməsidir. Onu da qeyd edim ki, Avropa dövlətlərinin bölgədə mövqeyi zəifləyib və ABŞ da sadəcə neft olan bölgələrlə maraqlanır. Fevralın 27-də 34 türk əsgərinin şəhid olmasından sonra Türkiyənin tələbi ilə NATO Şurası təcili toplansa da, sadəcə siyasi dəstək verməklə kifayətləndi. Nə Suriyada Türkiyənin nəzarətində olan hava sahəsinin qorunması, nə də Patriotlar məsələsində gözlədiyi dəstəyi vermədi. Amma NATO-nun siyasi dəstəyi belə Türkiyənin mövqeyinin güclənməyinə təsir göstərdi. Daha sonra prezident Ərdoğan Vladimir Putini Türkiyəyə dəvət etdi, lakin Rusiyada konstitusiya dəyişikliyi prosesi getdiyi üçün əksinə, Ərdoğan Putinin dəvəti üzrə Moskvaya getdi. Qısası, Putin Qərb dövlətlərini prosesə müdaxiləsinin qarşısını almaq üçün, Rusiya da Suriyada Əsəd hakimiyyətinin əsas dəstəkçisi olduğu üçün, görüş Moskvada keçirildi. Digər tərəfdən, Moskvada keçirilən görüşlə, Astana prosesinin tərəfdarı olan İran da yeni danışıqlardan kənarında qaldı.

- Adətən belə hallarda görüşlər keçiriləndə, münaqişə tərəfləri birgünlük də olsa atəşkəs elan edir. Amma Ərdoğan Moskvaya uçarkən türk ordusu İdlibdə atəşi daha da gücləndirdi, Moskvanın isə Əsəd rejiminə bir neçə gəmi dolusu silah-sursat göndərdiyinə dair xəbərlər yayıldı. Sizcə bunların danışıqlar keçirilən anda baş verməsinin mənası nədir: tərəflərin bir-birinə təzyiq göstərməsi, yoxsa danışıqların nəticəsiz başa çatacağına dair bəri başdan ismarıc?

- Ümumiyyətlə, münaqişələrin həllində sahədəki vəziyyət diplomatik müzakirələrə dərindən təsir edir. Yəni sahədə hərbi baxımdan güclü olan və daha çox sahəyə nəzarət edən diplomatik müzakirədə də mövqeyi güclü olur. 34 türk əsgərinin şəhid olmasından sonra türk ordusu Suriyada güclü həmlələr etdi və uğurlu nəticələr qazandı. Bunun əsas hədəflərindən biri diplomatik müzakirələrdə mövqeyini gücləndirməkdi. Qarşı tərəflər Türkiyənin tamamilə İdlibdən çıxmağını tələb etsə də, Türkiyə mövqeyini qorudu. Qısası, tərəflər diplomatik müzakirəyə daha güclü başlamaq istəyirdi.

- Fikir verin, Ərdoğan Moskvaya gedər-getməz ABŞ, NATO ölkələri bir-bir Moskvaya təzyiq məqsədli bəyanat və çağırışlar səsləndirdi. Beynəlxalq təşkilatlar belə Rusiyanı insan haqlarını pozmaqda suçladı. Hətta Bəşər Əsəd, Türkiyəyə heç vaxt olmadığı kimi, təslimçi ruhda sülh təkliflərini göndərdi. Nə məna verir bunlar?..

-NATO-nun Türkiyəyə siyasi dəstəyi onun mövqeyini gücləndirdi. Hətta NATO Şurasının iclasından əvvəl Kremlindən verilən açıqlamada Putin - Ərdoğan görüşünün martın 5-də planlaşdırılmadığı deyilirdi. Lakin sonradan bu fikrini dəyişdi. Rusiya Qərbin Ankaraya dəstəyi qarşısında Türkiyəni itirməmək üçün belə bir addım atdı.

- Bəs İranın, Hizbullahın timsalında Livanın gələcəyini necə görürsünüz Suriya prosesində? Türkiyənin İdlibə vurduğu zərbələrdə öldürülən təxminən 3,3 min Əsəd hərbçisinin xeyli hissəsi elə iranlılar və Hizbullaha bağlı livanlılardır... Demək istəyirəm ki, bütün itkilərinin qarşılığında Ərdoğanın konkret olaraq Putinlə danışması, İran və Livanın (Hizbullahın) heçə sayılması mənası vermirmi?

- Ekspertlərin fikrincə, İran uzun zamandır Suriyada zəifləmiş vəziyyətdədir. Buna səbəb bir tərəfdən Qasım Süleymaninin öldürülməsi, digər tərəfdən bu günlərdə İranın daxilində yaşanan koronavirus epidemiyası və digər siyasi proseslərdir. Türkiyənin həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatında ən çox İran Hizbullahına bağlı güclərin öldürüldüyü deyilir. Bu səbəbdən də İran prezidenti Həsən Ruhani İran - Türkiyə - Suriya üçtərəfli görüşünün keçirilməsini təklif etdi. Amma, əlbətdə, Rusiyanı Suriyaya dəvət edib gətirən İrandır və indi bu iki ölkə arasında da Suriyada rəqabət var.

- Bəziləri İdlib əməliyyatının guya Rusiya ilə Türkiyə arasında müharibəyə səbəb olacağına dair fikirlər səsləndirir. Necə bilirsiniz, bu ehtimala yer vermək mümkündür?

- Türkiyə geosiyasi müstəvidə güclü coğrafi mövqeyə sahibdir. Türkiyəni itirən tərəf regionda uğursuz olar. Bu səbəbdən də regionda Türkiyənin dəstəyini almaq üçün uzun zamandır Qərb-lə Rusiya arasında rəqabət gedir. Digər tərəfdən, Türkiyə ilə Rusiya arasında güclü əlaqələr mövcuddur və müharibə ehtimalı əlbətdə, ikitərəfli münasibətlərə zərər verər. Genişmiqyaslı müharibənin başlama ehtimalını düşünmürəm. Lakin Suriyada üçüncü tərəflər vasitəsilə onsuz da kiçik qarşıdurmalar baş verir. Buna baxmayaraq, iki dövlətin liderləri arasında olan münasibətlər hələ ki, bu qarşıdurmanın atəşkəs müqaviləsi ilə nəticələnməsinə imkan yaradıb.

- Əvvəlki sualın davamı olaraq soruşum: Rusiya Suriyada açıq şəkildə Türkiyənin önünə çıxarsa, ABŞ və müttəfiqləri də türklər tərəfdən meydana çıxa bilərmi?

- Türkiyə Qərb dövlətləri ilə NATO çərçivəsində hərbi-siyasi müttəfiqdir. NATO müqaviləsinin 5-ci maddəsinə görə, tərəflərdən biri və ya bir neçəsi hücuma məruz qalarsa təşkilat BMT Müqaviləsinin 51-ci maddəsi çərçivəsində onu qoruyacaq. Lakin NATO müqaviləsinin 6-cı maddəsi bunu yalnız Türkiyə öz sərhədləri daxilində hücuma məruz qalarsa dəstək verəcəyini qeyd edir. Türkiyə Suriya sahəsində Qərb müttəfiqlərindən kəşfiyyat və hava sahəsini qorumaq üçün dəstək gözlədi. Kəşfiyyat sahəsində dəstək vermə ehtimalı var. Suriyadakı türk birliklərinin havadan qorunması mənasında bir razılaşma əldə olunmayıb, amma müzakirələr davam edir. Amma bu məsələdə ABŞ-ın tələbi var ki, Rusiyadan satın alınan S-400 raket sistemi işə salınmasın.  

Oxunma sayı 599