İranda son günlərdə yaşanan etiraz aksiyaları fonunda Azərbaycana qarşı iranlı rəsmilərin radikal çağırışları da eşibilməkdədir.
Hafta.az “Türkiyə” qəzetinə istinadla bildirir ki, Təbriz Araşdırma İnstitutunun direktoru Əli Rza Hayet İranda mövcud ictimai-siyasi gərginlik dövründə PKK-nın türklərin, yəni güney azərbaycanlıların yaşadığı bölgələrə qarşı təhdidlərinin xüsusilə artdığını bildirib.
Onun sözlərinə görə, PKK və ona bağlı olan digər kürd separatçı təşkilatları öz xəritələrində Güney Azərbaycanın Urmiyə, Maku, Salmas, Sündüz, Xoy kimi şəhərlərini yerləşdiriblər. Ekspert bildirir ki, təcili tədbirlər görülməsə, PKK-nın silahlı dəstələri bu vilayətlərdə etnik azərbaycanlılara qarşı vəhşicəsinə qətliam törədə bilər.
"Hazırkı etirazlar yatırılsa belə, hələ də İranda daxili siyasi sabitlik üçün əsas yoxdur və olmayacaq", - Hayet deyib.
Onun sözlərinə görə, Türkiyə İranla sərhədlərinin təhlükəsizliyini gücləndirməli, Güney Azərbaycanda yaşayan türklərin təhlükəsizliyi sahəsində müəyyən addımlar atmalı, hətta burada bufer zonalar yaratmalıdır.
Güney Azərbaycandan olan araşdırmaçı Mesut Xaray “Türkiyə” qəzetinə açıqlamasında bildirib ki, PKK-nın məqsədi İran və Naxçıvanla həmsərhəd ərazilərə, eləcə də Azərbaycanla sərhəddə yerləşən vilayətlərə nəzarət etməkdir. Onun sözlərinə görə, İran uzun müddətdir Urmiyə, Çaldıran, Salmas, Maku və Xoy ərazilərində PKK/PJAK-ın təlim düşərgələrinin yaradılmasına göz yumub. 44 günlük müharibədə Qarabağın Azərbaycan ordusu tərəfindən azad edilməsindən sonra PKK/PJAK ünsürləri Naxçıvan, İran və Azərbaycan arasındakı Cirmi, Biləsuvar, Xiyav və Muğan bölgələrinə yerləşdirilib.