Bu gün getdiyimiz istənilən xarici ölkədə, yaxud da Bakıda görüşdüyümüz hər bir əcnəbidən eşitdiyimiz belə bir ifadə var: Azərbaycan çox dəyişib, Bakı daha da gözəlləşib və sair. Bütün bu iqtisadi-sosial uğurların bünövrəsi 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi milli neft strategiyasının sayəsində qoyulub.
Ulu öndərin 29 il öncəki qarışıq və hətta təhlükəli regional hərbi-siyasi şəraitdə dünyanın ən nəhəng neft şirkətlərini Bakıya toplayaraq Xəzər neftini dünya bazarına çıxarmaq proqramına start verəndə çoxları bu strategiyanın gələcəkdə hansı bəhrəni verəcəyini görə bilmirdi. Amma bu dahi şəxsiyyət başa düşürdü ki, Azərbaycanın gələcəyi yalnız mənsub olduğu yeraltı və yerüstü təbii sərvətlərinin zənginliyindən deyil, bu sərvətlərdən təhlükəsiz və qazanclı istifadədən asılıdır. Beləliklə, həmin il imzalanan “Əsrin sazişi” Azərbaycan iqtisadiyyatının inkişafına yaşıl işıq yandırdı...
Əslində Heydər Əliyev Azərbaycanın neft sənayesinin inkişafına hələ ötən əsrin 70-ci illərində diqqət ayırırdı. Məhz bu dövrdə Azərbaycan neft sənayesini indiki inkişafa aparan güclü baza formalaşdırılıb. 1971-ci ildə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasimdə iştirak edən Heydər Əliyevin böyük səyi nəticəsində 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən, seysmik, sərnişin – ümumilikdə 75 sahədə fəaliyyət göstərən gəmilər gətirildi. "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 metr dərinliyində işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması dənizin daha dərin sahələrində neft və qaz yataqlarının kəşfinə şərait yaratdı. Nəticədə 8 yeni neft və qaz yatağı kəşf edildi və bununla da Azərbaycanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artdı. 1975-ci ildə artıq neft hasilatı 27,1 milyon tona yüksəldi.

Bu yerdə qeyd edək ki, məhz 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdırıldı ki, bunun nəticəsində, hazırda Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80 - 350 metr dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu.
Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda həyata keçirilən xüsusi proqram əsasında yeni texnologiyaya malik zavodlar açılıb, müasir qurğular inşa olunub, neftayırma zavodlarının müasirləşdirilməsinə başlanıb.
Bu illərdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Bakıda tiklməsi üçün icazənin alınması və bu məqsədlə 450 milyon dolların ayrılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında çox böyük uğuru idi. Çünki sözügedən zavodun Rusiyada – Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu. Amma qeyd etdiyimiz kimi, Heydər Əliyevin israrlı tələbi ilə 1978-ci ildə zavodun məhz Bakıda tikilməsinə başlanıldı və 1989-cu ildə istismara verildi...
Yuxarıda qısa xatırlatması verilən görülmüş işlər Azərbaycanın inkişafına stimul verib. Düzdür, müstəqilliyin ilk illərində bir-birindən ayrı düşmüş Sovet respublikaları arasında əlaqələrin qırılması, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü, sosial-maliyyə çətinlikləri və sair kimi sıxıntılı vəziyyətlər Azərbaycanın inkişafına mane olurdu. Amma müdrük siyasəti ilə hər zaman problemləri yoluna qoymağı bacaran Heydər Əliyev Ermənistanla atəşkəsə nail olaraq 1994-cü ildə müharibə səbəbindən Bakıya gəlməyə tərəddüd edən beynəlxalq şirkətlərin yolunu açdı. Qeyd etdiyimiz kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanarkən Azərbaycanın gələcəkdə bircə qəpik xərcləmədən beynəlxalq konsersum tərəfindən hasil olunan neftən gələn gəlirlə iqtisadi-sosial infrastrukturu müasir texnologiya əsasında qurulması nəzərdə tutulmuşdu. Bu da nəticəsi, hazırda dünyanın tanınıb seçilən neft və təbii qaz ixracatçısı olaraq, Azərbaycan 15-20 il əvvəllə müqayisədə artıq borc verən, ən böyük qlobal iqtisadi layihələrə sərmayə yatıran dövlətə çevrilib.

Xalqın tələbi ilə Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi müasir Azərbaycanın inkişafına töhfələrini verdi və bu gün də biz bunun şahidi olmaqdayıq. "Neft Azərbaycanın milli sərvətidir" şüarı ilə çıxış edən Ulu öndərimizin "Yeni neft strategiyası"nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilib. Neft gəlirlərinin insan kapitalına çevrilməsi müstəvisində atılan addımlar yeni müəssisələrin, infrastruktur şəbəkələrin yaradılması fonunda əlavə iş yerlərinin açılmasını sürətləndirməkdədir.
Heydər Əliyevin "Yeni neft strategiyası" dünyanın ən iri investorlarını ölkəmizə sərmayə yatırmağa təşviq edib. Nəticədə respublikamızın yanacaq sektorunun inkişafına toplam 60 milyard dollar həcmində sərmayə yatırılıb. Açıq dənizlərə çıxışı olmayan Azərbaycanın neft xammalını dünya bazarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan kimi boru xəttinin tikilməsi isə həm iqtisadi, həm də siyasi müstəvidə Azərbaycana böyük imkanlar yaradıb.
Bu yerdə qeyd edək ki, hazırda hasil edilən xam neft dünya bazarlarına bir neçə marşrut üzrə çıxarılır. Bunlar Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan kəmərləridir. Əlbəttə, neft strategiyasının uğurlu icrası özü ilə Azərbaycan təbii qazının da xarici bazara çıxışına şərait yaratdı. Bu gün Azərbaycan qazı dünyaya Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi xətlərlə nəql edilməkdədir...
Bir faktı da unutmayaq ki, Azərbaycan neftini dünya bazarına çıxaran kəmərlər qlobal əhəmiyyətlidir. Çünki bu kəmərlərlə həm də Xəzər regionunun digər ölkələrinin karbohidrogen xammalı da daşınır. Hətta Qazaxıstan beynəlxalq embarqoların mənfi təsirindən qorunmaq və daha əlverişli imkanlardan yararlanmaq məqsədilə Azərbaycan ərazisindən tranzit neft daşınmalarının həcmini artırmaq qərarına gəlib. Yəni vaxtilə məhz Ulu öndərin uzaqgörənliyi sayəsində böyük xərclər bahasına Aralıq dənizi sahillərinə çəkilmiş kəmərlər bu gün təkcə Azərbaycan məhsulunu deyil, həm də Mərkəzi Asiya türk dövlətlərinin yanacaq xammalını dünya bazarına çıxarmaqla ölkəmizə əlavə tranzit gəlirləri qazandırır.
Azərbaycan neft-qaz sahəsində həyata keçirdiyi düşünülmüş strategiya əsasında son illər Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan regionda hər hansı ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir olan yeganə dövlətdir.