Statistik məlumatlara görə, bu ilin yanvar-iyun aylarında Azərbaycan 1 milyard 25 2 milyon 641 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələri idxal edib. Bu ilin ilk rübündə nəqliyyat vasitələri və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 15,28 faizini təşkil edib. Ümumilikdə Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 60 faiz artırıb.
Bəs, görəsən, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə çəkilən xərcin artmasına səbəb nədir? Bu sahədə xərcin artması yerli bazara necə təsir göstərəcək?
Məsələni qəzetimizə şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib ki, əslində bu statistika ölkə iqtisadiyyatının dayanıqlı olmasından xəbər verir: “Bu gün Azərbaycan iqtisadiyyatı sistemli və dayanıqlı şəkildə inkişaf edir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə insanların həyat şəraiti də yaxşılaşır. Məsələn müşahidələr göstərir ki, ölkəmizdə abtomobillərin sayı hər il sürətlə artır. Eyni zamanda, getdikcə buraxılış ili yeni olan avtomobillərin sayı da çoxalır. Yəni, avtomobillərə tələbat artdığından ehtiyat hissələrinə də tələbat artır. Başqa sözlə, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə çəkilən xərcin artması o demək deyil ki, bu sahədə qiymətlər kəskin şəkildə artıb. Digər tərəfdən, son illər ölkəmizdə avtomobil bazarına yeni-yeni şirkətlər daxil olur. Məsələn, hər 2-3 aydan bir ölkəmizə çin avtomobillərinin yeni modelləri gəlir. Təbii ki, yeni rəsmi distribütor və ya dillerlər mərkəzləri açılırsa, avtomobil satışları həyata keçirilirsə, onlara müvafiq ehtiyat hissələri də gətirilir”.