“Azərbaycan və Macarıstan arasında möhkəm əməkdaşlıq bütün səviyyələrdə özünü göstərir. Mən bunu hər bir Azərbaycan vətəndaşı ilə söhbətimdə eşidirəm. Aramızda həqiqətən möhkəm dostluq bağları var”.
Hafta.az-ın yazdığına görə, bunu Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bügün və sabah” mövzulu beynəlxalq konfransı çərçivəsində bildirib.
Diplomat qeyd edib ki, o cümlədən, əczaçılıq sahəsində qurulan əlaqələr ölkələrarası münasibətlərin göstəricilərindən sayıla bilər. O məhz macar əczaçılıq şirkətinin müstəqil Azərbaycanda ilk nümayəndəliyi açılmış şirkət olduğunu xatırladıb.
“Macarıstan Azərbaycana dərman vasitələrinin tədarükünü 1993-cü ildən başlayaraq həyata keçirir. 1997-ci ildə “Gedeon Richter” Azərbaycanda nümayəndəliyini açmış ilk xarici əczaçılıq şirkətidir”, - səfir bildirib.
Səfir Torma Macarıstanın “Egis” şirkətinin 2020-ci ildə Qarabağ müharibəsinin gedişatı zamanı azərbaycanlı əsgərlərə dərman bağışladığını da xatırladıb və bundan qürur duyduğunu deyib.
Diplomat vurğulayıb ki, konfransın əsas istiqamətlərdən biri Macarıstanın kiçik və orta əczaçılıq müəssisələrini birləşdirən və istehsalla yanaşı, elmi-tədqiqat fəaliyyəti ilə də məşğul olan “Pannon Pharma” şirkəti ilə əməkdaşlığı genişləndirməkdir.
Səfir qeyd edib ki, hazırda “Scandens Pharmaceuticals”, Azərbaycan Tibb Universiteti, “Pannon Pharma” və Macarıstanın 650 ildən çox tarixi olan ən qədim ali məktəblərindən Peç Universitetinin üzərində çalışdıqları birgə tədris proqramı əczaçılıq sahəsi üçün mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.