Ölkələrimiz arasında qarşılıqlı etimad, artan qarşılıqlı maraq var - Rəy

15:48 21.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qazaxıstana dövlət səfəri ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev “Kazinform”a  verdiyi müsahibədə iki ölkə arasında siyasi əlaqələrin hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunduğunu bildirib. Nəzərə alsaq ki, bu, dövlət başçımızın Qazaxıstana bir il ərzində artıq üçüncü səfəri olacaq, demək, ölkələrimiz arasında qarşılıqlı etimadla yanaşı get-gedə artan qarşılıqlı maraq da var.

Bunu Hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan-Qazaxıstan əməkdaşlığı deyəndə nəqliyyat-logistika, neft-qaz sektoru, enerji sistemlərinin birləşdirilməsi, yaşıl energetika, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi, ərzaq təhlükəsizliyi, humanitar əlaqələr və turizm gəlir.

S.Alıyev vurğulayıb ki, Azərbaycanla Qazaxıstan, eləcə də Mərkəzi Asiyadakı digər türk dövlətləri ilə humanitar əlaqələr Türkiyənin onlarla əlaqələrindən daha sıx olub ki, bu da təkcə çoğrafi yaxınlıqla bağlı deyil:

“Uzun müddət bir dövlətin tərkibində yaşamağımız burada mühüm rol oynayıb və bu, özünü mental yaxınlıqda da göstərir. İnsanlararası əlaqələrin əvvəlki səviyyəsinin qorunub saxlanması üçün həm ikitərəfli, həm də TDT çərçivəsində humanitar xarakterli əməkdaşlığı daha da dərinləşdirmək lazımdır ki, verdiyi müsahibədə Prezident buna da toxunub. Gələn il Birinci Türkoloji Qurultayın 100-cü ildönümünün bütün türk dövlətlərinin təntənəli şəkildə qeydinin planlaşdırılması da bu məqsədə xidmət edir. Türk dövlətləri, o sıradan da Azərbaycanla Qazaxıstan arasında turistlərin sayının artması da insanlarımızın, özəlliklə də yeni nəslin bir-birini tanıması baxımından çox önəmlidir. Sevindirici haldır ki, burada da müsbət dinamika var. Ötən il Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 86 min nəfər olub ki, bu da 2023-cü ildəkindən 49% çoxdur. Ümid edirəm ki, builki statistika daha ürəkaçan olacaq. Burada xatırladım ki, biz bu il Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyini qeyd etdik”.

Deputat hesab edir ki, Prezidentin Qazaxıstana dövlət səfəri iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qalxmasıyla nəticələnəcək.

“Burada da ancaq tam müttəfiqlikdən söhbət gedə bilər. Bu isə öz növbəsində gec-tez TDT çərçivəsində də belə bir anlaşmanın imzalanması və türk dünyasının vahid güc, həm də qlobal miqyaslı güc kimi çıxış etməsi deməkdir”, deputat bildirib.