“Ombudsman və onun nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirlərdə, insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat, müraciət və açıqlamalarda etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlının fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları diqqətə çatdırılmışdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Ombudsman Səbinə Əliyeva öz məruzəsində qeyd edib.
Bildirib ki, mina probleminə xüsusi diqqət yetirilmiş, işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı, dəqiq mina xəritələrinin bu günədək təqdim edilmədiyi vurğulanmayıb.
“Ombudsmanın 2025-ci il üzrə Məruzəsində insan hüquqlarının qorunması sahəsində əldə edilmiş nailiyyətlərin və mövcud çətinliklərin obyektiv təhlili təqdim edilmiş, eyni zamanda insan hüquq və azadlıqlarının daha səmərəli təmin və müdafiəsi, normativ hüquqi aktların təkmilləşdirilməsi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində effektivliyin artırılması ilə bağlı konkret təkliflər irəli sürülmüşdür”, – Ombudsman deyib.
Ombudsman bildirib ki, insan hüquqlarının təmin edilməsi yalnız hüquqi öhdəlik deyil, eyni zamanda cəmiyyətin mövcudluğunun və davamlı inkişafının, sosial ədalətin və insan ləyaqətinin qorunmasının əsas şərtlərindən biridir.
“Bu baxımdan, dövlət qurumlarını, elm və təhsil müəssisələrini, araşdırma mərkəzlərini, vətəndaş cəmiyyəti institutlarını, media nümayəndələrini və bütövlükdə cəmiyyəti insan hüquqlarının qorunması və təşviqi istiqamətində birgə səyləri və əməkdaşlığı daha da gücləndirməyə dəvət edirəm”.