Koronavirus dünyanın səhiyyə sisteminə və insanların gündəlik həyatına təsir göstərməklə yanaşı, sosial və iqtisadi problemlər yaradaraq da gündəmdəki yerini qoruyub saxlamağa davam edir. Müxtəlif səhiyyə qurumlarının 2022-ci il üçün olan proqnozlarda koronavirusun sona çatacağı deyilsə də, hələlik bu elə də real görünmür. Epidemiya başlandığı gündən bəri meydana gələn mutasiyalarla bir çox COVID-19 variantları müəyyən edilib və xüsusiyyətlərinə görə şaxələndirilib.
Bu günə qədər yaranmış COVID-19 ştamları qədim yunan əlifbasında istifadə edilən hərflərə əsasən adlandırılıb. İlk aşkar edilmiş variantlar əlifba sırası ilə “Alfa”, “Beta”, “Qamma”, “Delta” və “Mu” adlanır. Yeni aşkar edilən variantlara əlifba sırasına uyğun olaraq “Nu” və ya “Xi” adlarının veriləcəyi gözlənildiyi halda; “Nu” hərfi ingiliscə “new”, yəni “yeni” sözünə bənzədiyindən və soyadlarda “Xi” hərfi çox işləndiyindən, aşkar edilmiş sonuncu varianta “Omicron” adı verilmişdir.
Omikron ştamı daha əvvəl meydana çıxan Delta və Mu variantlarına bənzər şəkildə virusun hədəf hüceyrələrə yapışmasına imkan verən “spike” (tikan) zülallarının quruluşunda və çoxalma qabiliyyətində dəyişikliyə səbəb olan bəzi mutasiyalar nəticəsində yaranıb.
Omikron ştamı digər variantlara görə daha asan yoluxma qabiliyyətinə malikdir. Bu virusun ötürülməsi epidemiya ilk dəfə başladığı vaxtlarda olduğu kimi tənəffüs yolu ilə, xəstə insanlarla və ya xəstənin bədən mayeləri ilə təmas halında baş verir.
Xəstəliyin xarakteristikası ilə bağlı hafta.az-a açıqlama verən infeksionist Nicat Əzimli bildirdi ki, omikron öncəki ştamlarla müqayisədə daha yüksək yoluxuculuq qabiliyyətli olsa da, ağırlaşma halları bu variantda daha az rast gəlinəndir:
“Bunlardan birincisi yüksək yoluxuculuq xüsusiyyətidir. Belə ki, bu variantın ortaya çıxdığı ölkələrdə epidemik vəziyyətin dramatik şəkildə pisləşməsinin səbəbi də budur. İkincisi, virusun xəstəliyi keçirmiş və ya vaksinlənmiş şəxsləri də xəstələndirə bilmə xüsusiyyətidir. Bu, vaksinlərin tamamilə yararsız olması demək deyil. Belə ki, tədqiqatlar nəticəsində məlum olub ki, buster (gücləndirici) doza peyvənd almış şəxslər “omikron”a qarşı da qorunmuş olur. Üçüncüsü isə, “omikron”un törətdiyi xəstəliyin ağırlıq dərəcəsi və fəsadlarıdır ki, burada xəbərlər qismən yaxşıdır. Belə ki, “omikron”la xəstələnmiş şəxslərdə “delta” variantına nisbətən daha az ağırlaşma və fəsadlara rast gəlindiyi qeyd olunur. Təbii ki, bu, “omikron”un qrip səviyyəsində yüngül bir xəstəlik törətdiyi mənasına gəlmir”.
İnfeksionistin sözlərinə görə, buster doza yeni ştamın yarada biləcəyi təhlükələrin qarşısını almaqda olduqca vacibdir:
“Son olaraq nəzərə alsaq ki, 2 doza peyvənd omicrondan qorumur, bu o deməkdir ki, Azərbaycanda 2 doza peyvənd almış şəxslər omicrona qarşı tədbir olaraq buster dozanı da mütləq vurdurmalıdırlar. Xüsusilə Pfizer-Biontech vaksini omicrona qarşı effektinə görə daha uğurludur”.