Orduda smartfon qadağası - Müzakirə

14:34 18.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Müfadiə Nazirliyinin yaydığı məlumatlara əsasən son bir neçə ayda müəyyən qrup hərbçilər işdən çıxarılıb. Həmin hərbçilərin smartfonla çəkilişlər edib özlərinin sosial şəbəkə səhifələrində paylaşdığı bildirilir.

Ümumiyyətlə, hərb sistemində olan şəxslərə smartfon və sosial şəbəkə qadağasının gətirilməsi mümkündürmü? Dünyada bu təcrübə varmı və Azərbaycanda da tətbiq oluna bilərmi?

Hərbi ekspert Elxan Şıxəliyev hafta.az-a bildirib ki, smartfon telefonların Silahlı Qüvvələrdə, xüsusən Milli  Ordu zabitlərində, gizirlərdə, maxelərdə, əsgərlər səviyyəsində istifadə olunması güc strukturlarının ən yaralı yeridir. Ekspert qeyd edib ki, Müdafiə Nazirliyinin müfaviq əmrinə əsasən bütün ranq hərbçilər - generalından tutmuş axırıncı əsgərə qədər, hər kəsə smartfon telefonların istifadəsi qadağandır. Müdafiə Nazirliyinin əmri bütün şəxsi heyət üçün keçərlidir.

Hərbi ekspert təəssüflə bildirib ki, Müdafiə Nazirliyinin müvafiq əmri pozulur.

“Bu əmrin pozulması ciddi hərbi sirlərin yayılmasına  səbəb olur. Bəzi hərbçilər üzərlərində adi telefon daşımaqla yanaşı, qanunu pozaraq gizli şəkildə ikinci telefonu - smartfonları da götürürlər. Həmin telefonlarla etdikləri çəkilişləri sosial şəbəkə üzərindən paylaşarkən həmin materialların kimə xidmət edəcəyini təsəvvür belə edə bilmirlər. Mən düşünmürəm ki, belə bir səhvi yüksəkranqlı zabitlər etsin. Operativ-strateji səviyyədə  xidmətdə olan zabitər bunun nə dərəcədə neqativ nəticələr doğuracağını bilir. Müddətdən artıq xidmət edənlər içərisində gizirlər, kapitan rütbəsinə qədər olan tağım, bölük komandirləri və digər komandirlər heyəti içərisində smartfon  telefonlar vasitəsilə çox ciddi məxfi məlumatların yayılmasına səbəb ola biləcək çəkilişlər edənlər olur. Sosial şəbəkələr də müvafiq orqanların, müvafiq qurumlar tərəfindən izlənildiyi üçün bunun kimin etdiyini çox asanlıqla təsbit edirlər. Nəticədə, Müdafiə Nazirliyi bu hərbçiləri ehtiyata buraxmağa qədər sərt qərarlar qəbul edir. Əgər hərbçi bu səhvi bir neçə dəfə təkrar edirsə, birinci xəbərdarlıq, söhbətləşmə ilə qarşısını almağa çalışırlar.  Təkrar olunduğu halda, Müdafiə Nazirliyi sonuncu addım kimi ciddi qərər qəbul edir”. 

E.Şıxəliyev bu cür halları arzuolunmaz hesab edir. Onun fikrincə, hərbçilər birmənalı şəkildə aktiv sosial şəbəkə istifadəçiləri olmamalıdırlar. 

“Hərbçi sosial şəbəkənin izləyicisi olsa da, aktiv şəkildə paylaşımlar etmək aludəçiliyi olmamalıdır.  Hərbçi yalnız evində başqa ailə üzvünün telefonu üzərindən ətrafda olub- bitənləri izləyə bilər. Özü öz hesabından yalnız o halda istifadə edə bilər ki, ordudan təxris olunsun”.

Hərbi ekspert hərbçinin smartfonla paylaşımlar etməsinin hansı əks-effekt verməsinə diqqət çəkib. O bildirib ki, Ermənistan xüsusi xidmət orqanları bu və ya digər şəkildə Azərbaycan sosial şəbəkələrini izləyirlər.

“Sosial şəbəkələr üzərindən paylaşdığımız məlumatlar kəşfiyyat məlumatların kontekstinə daxil olur.  Bir hərbçinin ərazidə paylaşdığı videonun mülki əhali üçün diqqətçəkən məqamı olmasa da, qarşı tərəf hərbi hissələrin lokasiya yerlərinə, komandanlıqlarının vəzifələrinə, texnikalarına, nömrələrinə, geyim formaları ilə qarşı tərəfə məlumatlar toplamaq imkanı verir. Azərbaycan Silahlı Qüvvələrinə dair formuryalar var və Azərbaycan Ordusunun döyüş say tərkibini aşkarlamaq üçün  məlumatları ora doldururlar. Bu məlumatların bir neçə yerdən toplanması məsələsi var. Ermənistan silahlı qüvvlərinin baş kəşfiyyat idarəsi hərbi hissə komandirlərinin adlarını ora əlavə edirlər, texnikaların nömrələrini, sayını, o qrafada nə görürlərsə  doldururlar. Yəni sosial şəbəkə  istifadəçiləri həqiqətən də bilmirlər ki, belə paylaşımlarla erməni kəşfiyyat orqanlarına məlumat ötürmüş olurlar. Özləri də bilmədən hər hansı məlumatı, hərbi sirr xarakterli məlumatı palaşdıqca qarşı tərəf bundan məharətlə istifadə edir. Bunun üzərinə erməni silahlı qüvvələri təyin etdikləri “həmin adamla” əlaqə saxlayıb, onu bu və ya digər formada cəsusluğa cəlb etməyə çalışırlar. Yəni bunun arxasında yarana biləcək digər nüanslardan qarşı tərəf məharətlə istifadə edir. Sosial şəbəkə istifadəçiləri hərbi sirrin nə olduğunu təsəvvür edə bilmədikləri üçün bu videolardan  istifadə edirlər. Smartfon telefonlardan istifadə aktiv hərbi əməliyyatlarda, müharibənin gedişlərində yüksək rütbəli zabitlərin qərərgahlarının lokasiya yerlərinin kordinatlarının aşkar olunub məhv edilməsinə səbəb ola bilir. Ona görə də bu arzuolunmaz bir məsələdir. Dünyada hərbi sirrə malik olan qüvvələr xüsusi rabitə sistemindən istifadə edirlər. Onlar xüsusi kodlaşdırılmış rabitə sistemləridir və dinləmək mümkün deyil”.

Hərbi ekspert belə səhvlərin güc struktru mənsubları üçün arzuolunmaz hal olduğunu bildirib. Onun sözlərinə görə, belə hallar bir çox hallarda bu istiqamətdə ciddi maarifləndirmənin olmaması və ciddi təlimlərin həyata keçirilməməsi ilə bağlıdır. Onun fikrincə, milli orduda olduqları zaman əsgərlərlə bu barədə ciddi iş aparılsa, təlimlər keçilsə belə olmaz.

“Təəssüflər olsun, 100 minlik ordunun içərisində 1-2 belə nizam-intizamı zəif olan hərbçilər üzrindən fors-major hallar yaşanır. Zamanında bu istiqamətdə maarifləndirmə, təlimatlandırma işləri aparılarsa bu kimi halları sıfırlamaq mümkün olacaq”.

Hərbi təhlilçi Alp Arslan İmamqulu bu məsələdə hər zaman ciddi və diqqətli yanaşmanın tərəfdarı olduğunu bildirib. Müharibə zamanı bir çox hərbi informasiyaların sosial mediaya sızdırıldığını xatırladan A.A.İmamqulu bunun bəzən insanlarımız tərəfindən mənəvi-psixoloji dəstək kimi qəbul edilməsinə baxmayaraq, belə faktların ortaya çıxmasını qətiyyətlə qınadığını bildirib. Onun fikrincə, heç bir şəkildə Müdafiə Nazirliyinin rəsmi səhifəsində yerləşdirilməyən görüntülər sosial  mediada paylaşılmamalıdır.

“Müdafiə Nazirliyində daxili əmr və sərəncamlara uyğun olaraq hərbi qulluqçuların xidmət zamanı smartfon tipli telefonlardan istifadə etməsi qadağan olunmuşdur. Demək olar ki, vaxtaşırı hər bir hərbi qulluçu xidmət etdiyi  hərbi hissələrdə bu barədə təlimatlandırılır. Bütün bunlara baxmayaraq, tutduğu vəzifə rütbəsindən  asılı olmadan bir çox hərbi qulluqçular xətalara yol verirlər. Xüsusən də xidməti sahələrində məxfilik rejiminə zidd hər hansı bir məlumatın və ya görüntünün kənara sızdırılması ciddi bir nöqsandır. Çünki əməliyyatın planlaşdırılması və icrası zamanı kiçik bir boşluq düşmən üçün  kəşfiyyat məlumatı xarakteri daşıyır”.

Bütün bunları nəzərə alaraq A.A.İmamqulu bəyan edir ki, hərbi qulluqçuların xidmət zamanı yer və məkandan asılı olmayaraq smartfon tipli telefonlarla  sosial mediada paylaşımlar etməsi sərt bir şəkildə qınanmalı, o cümlədən bu məlumatları əldə edən media münayəndələri xəbərləri yayarkən daha diqqətli davranmalıdırlar.

Oxunma sayı 161
Gündəm rubrikasından digər xəbərlər