Ötən bir ildə Rusiyadan xaricə 40 milyard dollar çıxarılıb

13:05 17.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada banklarda aktivləri 1 milyon dollar və ya daha çox olan fiziki şəxslər 2022-ci ildə bu banklardan 3 trilyon rubl və ya təxminən 40 milyard dollar çıxarıblar. Frank RG-nin araşdırmasına görə, Rusiyada banklarda və investisiya şirkətlərində saxlanılan pullar 21,5 faiz azalaraq 10,9 trilyon rubl olub.

Hafta.az-ın yazdığına görə, araşdırmada hər 5 milyonçudan birinin pulunu tamamilə ölkədən kənara xərclədiyi də qeyd edilir. 2021-ci ilin sonunda 46200 olaraq hesablanan dollar milyonçularının sayı 2022-ci ilin sonunda 37800-ə enib.

Mərkəzi Bankın məlumatları da göstərir ki, 2022-ci ildə Rusiya vətəndaşları xaricdəki hesablarına 63,7 milyard rubl köçürüblər. Rəsmi məlumatlara görə, bu şəxslərin ölkədən kənarda saxladıqları pulun məbləği 94,3 milyard dollardır.

Frank RG analitikləri ölkədən çıxan pulun 16,1 faizinin Birləşmiş Ərəb Əmirliklərinə getdiyini bildirir. İkinci yerdə 7,5 faizlə Ermənistandır. Türkiyəyə gedən pul nisbəti yüzdə 7,2-dir. Bu üç ölkəni 6,5 faizlə Qazaxıstan izləyib.