Özbəkistan illik 2,8 milyard kubmetr qaz idxalı üçün Rusiya ilə saziş bağladı

09:45 20.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan Rusiya ilə təbii qazın tədarükünə dair yeni müqavilə imzalayıb. Özbəkistan Energetika Nazirliyi bildirib ki, “Qazprom”la imzalanmış müqaviləyə əsasən, qazın tədarükü oktyabrın 1-dən başlayacaq. Müqavilə iki il müddətinə imzalanıb və illik tədarük həcmi 2,8 milyard kubmetr müəyyən edilib.

Hafta.az-ın yazdığına görə, “UzQaztrade” Səhmdar Cəmiyyəti ilə “Qazprom Eksport” MMC arasında qazın alqı-satqısı müqaviləsini Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov və “Qazprom” İdarə Heyətinin sədri Aleksey Miller imzalayıblar.

Özbəkistanın Energetika Nazirliyi təbii qazın qiymətlərinin ölkədə mövcud qiymətlər və bazar prinsipləri, habelə planlaşdırılan islahatlar çərçivəsində regionda bazar qiymətləri əsasında müəyyən edildiyi barədə məlumatı paylaşıb.

“Qazprom” bu ilin payızında Mərkəzi Asiya boru kəməri ilə Qazaxıstan ərazisindən tranzit keçməklə Özbəkistana qaz tədarük etməyə başlayacaq.

Analitiklərin fikrincə, “Qazprom”dan qaz alışı Özbəkistana öz ehtiyaclarını ödəməyə imkan verəcək, lakin Çinə qaz ixracı üzrə müqaviləni tam yerinə yetirmək üçün kifayət etməyəcək.