Özbəkistanda stadionların satışı və təyinatının dəyişdirilməsi qadağan edilib

14:15 26.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanda prezidentin fərmanı dövlətə məxsus futbol stadionlarının təyinatının dəyişdirilməsini və satışını qadağan edir. Oktyabrdan etibarən proqrama start veriləcək və bu proqram çərçivəsində məhəllələrdəki boş torpaq sahələri futbol meydançalarının tikintisi üçün hərraca çıxarılacaq.

Hafta.az-ın yazdığına görə, 2025-ci ilin sonuna kimi bütün belə obyektlər inventarlaşdırılacaq. Buna əsasən, 2026-cı ilin iyul ayına kimi stadionlar və futbol meydançaları haqqında məlumatlar Milli Elektron Futbol Platformasına daxil ediləcək.

Kadastr Agentliyinə mülkiyyətçisi müəyyənləşdirilməyən torpaq sahələrinin və stadion binalarının, futbol meydançalarının inventarlaşdırılmasını aparmaq, onlara olan hüquqların müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmasını həyata keçirmək tapşırılıb.

Sənədə əsasən, 2025-ci il oktyabrın 1-dən ölkədə “Hər məhəllədə futbol meydançası” proqramının icrasına başlanılacaq. Proqram çərçivəsində boş dövlət əmlakları (torpaq sahələri) öz tərəfindən futbol meydançası tikmək və təyinatını ən azı 10 il saxlamaq şərti ilə onlayn hərraca çıxarılacaq.

Hərracın qalibləri qanunvericiliyə uyğun olaraq torpaq sahəsinin qalan hissəsindən istifadə və sərəncam hüququ əldə edəcəklər.

Hərraca çıxarılan torpaq sahələri üç ay ərzində satılmazsa, onların başlanğıc qiyməti mərhələli şəkildə 10 faiz, lakin 50 faizdən çox olmamaqla azaldılır. Eyni zamanda, üç ilə qədər ödəniş planı təqdim olunur.

2025-ci ilin noyabr ayının sonunadək dövlət futbol meydançası və stadionu olmayan məhəllələrdə boş torpaq sahələrinin müəyyən edilməsi üçün inventarlaşma aparılacaq. Bu işlərin nəticələrinə əsasən, hərraca çıxarılacaq torpaqların siyahısı tərtib olunacaq.

Hakimlər 2025-ci ilin dekabr ayına qədər məhəllələrdə futbol meydançalarının tikintisi ilə bağlı məqsədyönlü proqramları təsdiq etməlidirlər.

Ötən ilin yanvarında Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi ictimai rəyi öyrəndikdən sonra “Paxtakor” futbol klubunu hərracdan çıxarıb. Həmin vaxt bloggerlər klubu və 24 hektar ərazidə yerləşən stadionu birlikdə satmamağı təklif etmişdilər.