Ölkədə artıq pambıq yığımı sona çatmaq üzrədir. Azərbaycanın bir neçə rayonunda bu proses həm texnika, həm də ənənəvi yolla davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məsələ ilə bağlı hafta.az–a deyib ki, 2019-cu ildə ölkənin 20 rayonunda 100,111 hektar sahədə pambıq əkini həyata keçirilib. Onun sözlərinə görə, ötən illə müqayisədə pambıq əkini sahələrinin həcmi 32401 hektar azaldılıb, buna rəğmən orta məhsuldarlıq göstəricisi yüksəlib:
“Ötən il pambıq yığımında orta məhsuldarlıq 17,6 s/ha təşkil etmişdisə, artıq bu ilin oktyabrında bu rəqəm 7,9 sent/ha artaraq 25,5 sentnerə çatıb. Məhsuldarlığın yüksəlməsinə səbəb aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması, gübrə ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi, məhsulun sahələrdən texnika ilə itkiyə yol verilmədən yığılmasıdır. 2018-ci ildə pambıq sahələrində yığımın 90 faizdən çoxu pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilib. Bu il pambığın texnika ilə kütləvi yığımına sentyabrın 24-də start verilib, ötən 5 həftə ərzində qəbul məntəqələrinə 255 min tondan artıq pambıq təhvil verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 min ton, 2018-ci ilin yekun nəticəsi ilə müqayisədə isə 23 min ton artıqdır. Artıq pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Sahələrdən birinci üz yığım yekunlaşmaq üzrədir, ikinci üz yığımın isə 50 faizi başa çatıb. Bu il ən çox pambıq Saatlı (13741 ha), Ağcabədi (10452 ha), Biləsuvar (10257 ha), Bərdə (10140 ha) və Beyləqan (9706 ha) rayonlarında əkilib. Yığılan pambığın 144185 tonu bu rayonların payına düşür”.

İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, ümümiyyətlə pambığın istehsalı hələ Sovet dövründə Azərbaycanda populyar olub. Həmin vaxt Azərbaycanda pambığın orta məhsuldarlıq göstəricisi 30-32 sen/ha olub. İndiki dövrdə Azərbaycanda yüksək rəqəmləri görmək olmaz. Ancaq Azərbaycan üçün pambıqçılığın perspektivliyi, sərfəliliyi o qədər də yoxdur. Pambığın ən məhsuldar növləri bizim region üçün xas deyil. Bizdə becərilən pambıqla, Misirdə, Meksikada becərilən növ arasında böyük fərqlər var: "Biz istehsal gücünü 40-50 sen/ha çatdıra bilərik. Azərbaycanda becərilən pambığın bir tonundan alınan lif, tək Səmərqənd pambığının 200 kq –dan alınır. Azərbaycanda ənənəvi istehsal sahəsi sayılsa da, əslində səmərəlilik baxımından sərf etmir. Bundan əlavə həm də Azərbaycandan pambıq ixrac olunur. Valyuta gətirən sahə kimi təqdim olunsa da, ölkədə başqa perspektivli sahələrimiz daha çoxdur. Pambıq istehsalı o zaman səmərəli hesab olunar ki, ölkəmizin təlabatı pambıqdan hazırlanan vasitələrlə ödənilsin”.