“Ermənistan anlayırsa sülh yolunu seçsin, anlamırsa Dəmir Yumruq əməliyyatının keçirilməsinə hazır olmalıdır. Bu arealda başqa üçüncü variantı görmürəm. Çünki üçtərəfli sazişin ikinci ili bitəcək, amma bəyanatın 3 əsas hissəsi hələ də yerinə yetirilməyib. Ona görə də Azərbaycanın bundan sonra ata biləcəyi hərbi addımları legitim sayıram”.
Bunu hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev “sərhəddə və Qarabağda qeyri-adekvat davranışları ilə gərginlik yaradan ermənilərin 3-cü Qarabağ savaşını nə dərəcədə yaxınlaşdırır” sualı ilə bağlı açıqlamasında bildirib.
Ekspert bildirib ki, Brüssel görüşündən sonrakı mərhələdə istər Ermənistanla sərhəd bölgədə, istərsə də Rusiya sülhməramlılarının nəzarəti olan bölgədə atəşkəs hallarının ermənilər tərəfindən pozulmasının müşahidə olunması və Rusiya vətəndaşının Qarabağa köçmək istəyi, sülhməramlıların yolların bərpasına iştirak etməsini Ermənistan və Rusiyanın danışıqlardan sonra qeyri-adekvat davranması şəklində qiymətəndirməliyik. Onun sözlərinə görə, erməni və onların havadarları olan siyasilər Brüssel görüşündən sonrakı mərhələdə sülh sazişinə hazır olduqlarını desələr də, sahədə atəşkəsin pozulmasının intensivləşdiyi görünür.
“Azərbaycan gözləyirdi ki, ərazilərdən qeyri-qanuni hərbi birləşmələr çıxarılsın, sərhədlər tanınsın, delimitasiya, demorkasiya prosesi başlansın, Zəngəzur dəhlizi açılsın. Amma Rusiya özünün Qarabağdakı siyasətinə yeni çalarlar qatıb. Bu da üçtərəfli bəyanatın fonunda Azərbaycanın istər Rusiyadan, istərsə də Ermənistandan istədiyinin qarşılığı deyil”.
E.Şıxəliyev bildirib ki, Rusiyanın Qarabağ üzərindən Ermənistanın sərhəd bölgəsinə dair apardığı siyasətinin nəticəsi atəşkəsin pozulması sahəyə yansıyır.
“Ermənilər atəşkəsi pozursa qarşı tərəf nə etməlidir. Hərbi- silahlı qüvvələr də onun üçündür ki, atılan addıma qarşı dərhal adekvat cavablar verilsin. Müdafiə Nazirliyi son müşavirədə bəyan elədi ki, istənilən təxribatların qarşısı ciddi şəkildə alınmalıdır və alınsın.
Üçtərəfli sazişdən iki il keçməsinə baxmayaraq Ermənistanın bu istiqamətdə ata biləcəyi addımları sahədə görmürük. Amma əksinə atəşkəsin pozulması ilə bizi yenə də antiterror addımları atmağa təhrik edirlər. Ona görə də bölgədə eskalasiyanın artması mümkündür”.
E.Şıxəliyev bəyan edib ki, sülh sazişinin iki yolla həlli var: ya siyasi yolla bunu imzalayıb, qoyulan şərtlərə əməl etməlidirlər, ya da biz onları buna məcbur etməliyik.
“Erməniləri buna məcbur etmədiyimiz müddətdə Ermənistan tərəfi prosesi uzadacaq. Rusiya da bu və ya digər fəaliyyəti ilə sanki Ermənistanı dəstəkləmiş kimi görünür.
Ermənistan baş naziri bəyanatlarını sülh yönündə verir, hərbçiləri isə atəşkəsi pozmaqla. Ona görə də qarşımızdakı mərhələdə Ermənistan 3 əsas məsələni - qeyri-qanuni hərbi birləşmələrin çıxarılmasını, sərhədlərin tanınmasını və Zəngəzur dəhlizinin açılması yönündə müsbət addımlar atmalıdır. Əks halda Azərbaycan növbəti hərbi addımlarına Ermənistanın hazır olması yönündə net mesajlarını verməlidir”.