Pensiya və maaşların ARTIRILMASI İLƏ BAĞLI TƏKLİF

11:27 02.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son bir ildir ki, Azərbaycanda bütün məhsulların qiymətində ciddi bahalaşma müşahidə edilir. 2022-ci ildən isə ölkəmizdə inflyasiya daha da kəskinləşib və bəzi məhsullar ötən dövrlə müqayisədə 2 dəfədən artıq bahalaşıb. Qiymət artımından şikayətlənən vətəndaşlar dövlət qurumlarına səslənərək neqativ halların qarşısının alınmasını, süni bahalaşmaya səbəb olan amillərin aradan qaldırılmasını tələb edirlər. Bundan əlavə, pensiya və əmək haqlarının artırılması ilə bağlı təkliflərə də rast gəlmək olar.

Bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, xaricdən gələn inflyasiyanın təsirini hansısa formada azaltmaq çətindir.

Nazir bildirib ki, daxili mənbələrdən buna təsir göstərə bilərik: “Cari ildə bunun qarşısını almaq üçün addımların atılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığı ilə cari ildə bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. Biz bunu sonsuz edə bilmərik, çünki inflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır. Biz pulu nə qədər çox versək, bu, inflyasiyanın azalmasına gətirib çıxarmayacaq, əksinə, artıracaq”.

Maraqlıdır, bəs görəsən, indiki şəraitdə pensiya və əmək haqlarının artırılması nə dərəcədə realdır?

Məsələni hafta.az-a şərh edən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bu gün inflyasiyada əsas aparıcı rolu ərzaq inflyasiyası tutur:

“Hazırda inflyasiyanın strukturunu18 faiz ərzaq inflyasiyası təşkil edır, 11 faiz ödənişli xidmətlərdir ki, bu da hökümətin göstərdiyi xidmətlərlə bağlıdır. Hökumətin göstərdiyi xidmətlərin dəyəri son bir ildə 11 faiz qalxıb. 7,4 faiz isə qeyri-ərzaq məhsullarında inflyasiya qeydə alınıb. Yəni inflyasiyanın 12-13 faiz formalaşmasında əsas “günahkar” ərzaq qiymətləridir. Və ərzaq qiymətləri də dünyada baş verən proseslərlə bağlı bahalaşıb. Təbii ki, maliyyə nazirinin də vurğuladığı kimi əmək haqlarının artırılması inflyasiyanı aşağı salmır. Amma nazir bir məsələdə haqsızdır ki, əmək haqlarının, pensiyaların artırılması inflyasiyanı azaltmasa da, insanlara imkan verəcək ki, bahalaşmış qiymətlərlə məhsulları alıb öz dolanışığını həyata keçirə bilsin. Burada nüans ondan ibarətdir ki, hökümət insanların heç olmazsa 2018-2019-cu illərdəki imkanlarını bərpa etməlidir. Hökümət minimum əmək haqqını, minimum pensiyanı, təqaüdləri artırmaqla əhalinin xüsusilə sosial cəhətdən zəif təbəqəsinin alıcılıq qabiliyyətini artıracaq. Burada söhbət insanları varlandırmaqdan getmir. Hökümət mövcud inflyasiyaya baxıb əhalinin gəlirlərinin artırılması üzərində düşünməlidir. Və nəzərə alaq ki, hökümət büdcəsindən fiksə edilmiş maaş alan şəxslər və yaxud təqaüd, pensiyaya ümid bağlayan insanların xərclərinin strukturunda ərzaq, tibbi və kommunal xərclər böyük əhəmiyyət təşkil edir. İnflyasiyanın əsas hərəkətverici qüvvəsi ərzaq, ödənişli xidmətlər olduğundan hökümət indiki məqamda bu məsələdə xəsislik etməməlidir. Və hökümət əhalinin minimum yaşayışını təmin etməlidir”.

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov hafta.az-a açıqlamasında deyib ki, dünya bazarında qiymətlərin artması ölkəyə idxal olunan məhsulların xərcinə və qiymətinə təsir göstərib:

“Bu ilin 4 ayında inflyasiya səviyyəsi 11,4 faiz olub. Amma ərzaq məhsullarında qiymət artımı 18 faizə yaxın olub. Yəni, kifayət qədər ciddi bir qiymət artımıdır. Təbii ki, dünya bazarında qiymət artımı olduğu üçün qısamüddətli idxal inflyasiyasının təsirlərini minimumlaşdırmaq praktik olaraq asan deyil. İstehlak varsa, onun ödənilməsi üçün ərzaq məhsullarının idxalı həyata keçirilir. Və xüsusən dünya bazarında qiymətlərin artımı fonunda xərci və qiyməti artmış məhsulların idxalı deməkdir. Amma orta və uzunmüddətli dövrdə idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılmasının əsas yolu məhz yerli istehsalın genişləndirilməsidir. Yerli istehsalın artırılması nəticə etibarilə istehlak bazarında qiymətlərin tənzimlənməsinə gətirib çıxara bilər”.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, indiki şəraitdə əhalinin real gəlirləri azaldığından hökümət bunu kompensasiya etməyə borcludur:

“Düzdür, dövriyyədə pul vəsaitlərinin artırılması inflyasiya yarada bilər. Bu nəzəriyyədir, nəzəri baxımdan belədir. Qiymətlərin bahalaşması, inflyasiyanın sürətlənməsi ilə əhalinin nominal gəlirləri sabit qalıb, amma real gəlirləri azalıbsa, hökümət bunu kompensasiya etməyə borcludur. Tutaq ki, Samir Şərifovun dediyi kimi, pul kütləsinin dövriyyədə artması ilə inflyasiyanın sürətlənməsi o halda olar ki, biz pensiyanı, əmək haqqını 60-70 faiz artıraq. Bizdə bu məsələdən söhbət gedə bilməz, biz 15-20 faizin söhbətini edirik. Nazirin açıqlamasından belə çıxır ki, hökümət özünün iqtisadi siyasətinin xətalarının xərcini əhalinin üzərinə atmaq istəyir. Yəni pul xərcləmək fikrində deyillər. Baxmayaraq ki, son aylarda ölkənin dövlət büdcəsinin icrasında ciddi profisitlər yaranıb. Yəni, neftin dünya bazarında qiymətlərinin bahalaşmasından dövlət hər ay təxminən 1-1,5 milyard artıq vəsait qazanır. Əslində, indiki şəraitdə həmin vəsaitin əldə edilməsi də, əhalinin ərzaq bahalaşması ilə itirdikləri də dünyada gedən proseslərin nəticəsidir. Ona görə hökumət gəlirlərlə çıxarları kompensasiya etməlidir”.