Pensiya yaşı 73-Ə QALDIRILIR

09:47 07.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada pensiya yaşı ilə bağlı müzakirələr yenidən alovlanıb. İqtisadiyyat naziri Katerina Reyçe bu yaxınlarda iş ömürünün 70-ə qədər uzadılması lazım olduğunu deyərək mübahisələrə səbəb olub. Ancaq nazirliyin yeni təyin olunmuş “elmi məsləhət şurası” hətta bu təklifi qeyri-adekvat hesab edib.

Hafta.az-ın yazdığına görə, məsləhət şurasının hazırladığı yeni hesabata görə, Almaniyada sosial sistemin çökməsinin qarşısını almaq üçün insanlar 73 yaşa qədər işləməli ola bilər. İqtisadçıların hesabatında “İslahatlar üçün vaxt darıxır” xəbərdarlığı edilib.

Mütəxəssislər Almaniya iqtisadiyyatının son illərdə durğunlaşdığını, müqayisə edilən ölkələrdə isə daha dinamik artımın müşahidə olunduğunu bildiriblər. Hesabatın əsaslandırmasında ölkənin gələcəyini təhdid edən əsas amillər kimi aşağı məhsuldarlıq artımı və ciddi demoqrafik problemlər göstərilir.

Hesabatda iş vaxtının uzadılmasının sosial təminat sisteminin davamlılığını qorumaq üçün vacib olduğu vurğulanır. İqtisadçıların fikrincə, əhalinin qocalması və doğum səviyyəsinin azalması mövcud sistemin uzunmüddətli perspektivdə maliyyə cəhətdən dayanıqsız olması deməkdir. Mütəxəssislər həll yolu üçün Danimarka modelini götürüblər. Danimarkada pensiya yaşı 2006-cı ildən gözlənilən ömür uzunluğuna uyğun olaraq avtomatik tənzimlənir. 2006-cı ildə 65 olan yaş həddi zaman keçdikcə tədricən artırılıb. 2025-ci ilin mayında Danimarka Parlamenti pensiya yaşının 2040-cı ilə qədər 70-ə qaldırılmasına qərar verib. Bu tənzimləmə 31 dekabr 1970-ci ildən sonra doğulan bütün vətəndaşları əhatə edir. Üstəlik, ölkə Almaniya ilə müqayisədə daha əlverişli demoqrafik göstəriciyə malik olmasına baxmayaraq bu addımı atıb. Uzunmüddətli proqnozlara görə, mövcud tendensiya davam edərsə, 2060-cı ilə qədər Danimarkada pensiya yaşı 73-ə çatacaq.Mütəxəssislər qeyd edirlər ki, Almaniya da oxşar demoqrafik struktura malikdir və buna görə də istər-istəməz oxşar tənzimləmənin qəbuluna ehtiyac yaranacaq.