Plastik tullantılara son

11:25 26.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Gələn ildən polietilen torbalar və plastik qabların satışına məhdudiyyət qoyulur

Azərbaycanda gələn ildən polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət qoyulacaq. Bu məsələ “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərdə əksini tapıb və Milli Məclisdə ikinci oxunuşda müzakirələrdən sonra qəbul olunub. Müzakirələrdə qeyd olunub ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur. Qeyd edilib ki, qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

Qeyd edək ki, bununla paralel olaraq parlamentdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də qəbul olunub. Təklif olunan dəyişikliklər “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir. Dəyişikliklə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcək. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcək.

Yeri gəlmişkən, ABŞ ekoloqlarının araşdırması nəticəsində məlum olub ki, hər il dünyada 500 milyard sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərərlər saya gəlməyəcək qədər çoxdur. Lakin artıq bir sıra dünya ölkələri sellofan paketlərdən imtina edir. Tayvan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadə edilməsini yasaqlayıb.

Sellofan torbalardan və birdəfəlik plastik qablardan imtinanın zəruriliyinə toxunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, məişət həyatımıza daha sağlam yanaşma bu vəsitələrdən imtinadan keçir: “Bu fikrin gündəmə gətirilməsi artıq bir çağırış, bir təşviqdən daha çox reallıqdan irəli gəlir, yəqin ki, bu gün hamımız bunu qəbul edirik və etməliyik də. Sellofan torbalar və plastiklərin həyatımıza, təbiətimizə nə qədər zərərli olması barədə artıq bir neçə ildir ki, təbliğat aparılır və ona görə də bunun fəsadları hamımıza bəllidir. Tullantı yerlərində, çay və göl kənarlarında, təbiətdə sellofan torbaların havada uçmasından, xoşagəlməz mənzərə yaratmasından hamımız şikayətlənirik, amma bunların bizim evimizdən, gündəlik məişətimizdən gəldiyinin bəzən fərqinə varmırıq. Yəqin ona görə ki, məişət tələbatımızı ödəmək üçün üz tutduğumuz mağazaların hamısı bizə alacaqlarımızı plastik və sellofanlar torbalarda təklif edir, pulsuzdur deyə, biz də bu ziyanlığı evimizə, oradan da təbiətə daşıyırıq. Odur ki, əvvəl özümüzü, evdəkiləri düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında "pinqvin" adlandırılan sellofan torbalardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa başlayaq”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən ekoloq Telman Zeynalov isə deyib ki,  plastik paketlərin ləğvi və ya onlardan istifadənin məhdudlaşdırılması haqqında danışırıqsa, o zaman hansı alternativlərin ola biləcəyi məsələsi ortaya çıxır:

"Əslində mənə görə plastik torbalara alternativ kimi parça paketlər və keçmiş sovetlər dövründə geniş istifadə olunan kapron torbalar ola bilər. Sellofan torbaların istifadəsi qadağan olunmalıdır.  Bu məhsullardan ən böyük ziyan təbiətə və ordan da dolayısı ilə insana dəyir. Sellofanlardan fərqli olaraq polietilen torbaları 5-6 dəfə istifadə etdikdən sonra təkrar emala göndərmək lazımdır. Onları atmaq, yandırmaq  ekologiyaya ziyan vurur. Torbaların tərkibindəki polimer çox gec parçalanır, yananda isə əmələ gətirdiyi kanserogen maddələr torpaqda qalır, tüstüsü isə havaya qarışır. Polimer torbalar yanarkən ondan ayrılan kanserogen maddələr çox təhlükəlidir. Sellofan torbaları ən keyfiyyətsiz neft qalıqlarından düzəldirlər. Onları təkrar emal etdikdə  çox pis qoxu verir. Əslində istifadəyə yararsız olan bu torbaları kommersiya şirkətləri camaatın cibinə girmək üçün istehsal edir. Hesab edirəm ki, bu torbaların satışına birmənalı qadağa qoyulmalıdır. Onların yerinə parça və kapron torbalardan istifadə edilməlidir. Hər yerdə satılan adi parçadan bunu hazırlamaq və istifadə etmək mümkündür. Sovet vaxtı hamı parça torbalardan istifadə edirdi. Yuyub qurudub bir də götürürdülər. Plastikləri isə nə yumaq, nə də ütüləmək olur. Hesab edirəm ki, alimlərə xüsusi vəsait ayrılmalıdır ki, təkrar emalın texnologiyasını araşdırıb tapsınlar".

Məsələyə münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla da deyib ki, uzun müddətli araşdırmalar nəticəsində sellofan torbaların və plastik qabların zərərləri elmi sübuta yetirilib:

“Ona görə də plastik qablardan istifadə bir çox dünya ölkələrində qadağan olunub. Plastik qabların heç yerdə həll olunmaması, torpağa qarışmaması və ümumiyyətlə onların utilizasiyası ciddi problemlər yaradır bütün bunlar da göz önündədir. Bu gün okeanlara, dənizlərə atılan plastik qabları təmizləmək üçün bəlkə də bir əsr vaxt lazımdır. Bu qədər böyük itki var. Bu ciddi və ekoloji problemdir”.

A.Qeybulla vurğulayıb ki, plastik qabların tərkibindəki toksiki maddələr müxtəlif təsirlərdən, günəş şüasından, istidən onun tərkibində saxlanılan qidalara, ərzaqlara hopur və insan orqanizminə toksiki təsir göstərir: “ Plastik qablar qətiyyən məsləhətli deyil. Ona görə də qidanı uzun müddət onun içində saxladıqda qidanın dadını və tərkibini dəyişir. Plastik qablardan və sellofan torbalardan istifadə etmək insan sağlamlığı üçün zərərli və təhlükəlidir. Genofondun qorunması baxımından dünyanın hər yerində ərzaq təhlükəsizliyi Milli təhlükəsizlik konsepsiyası məsələsidir. Bir neçə ölkələrdə plastik qabların və sellofan torbaların qadağa olunması ilə bağlı qərar çıxıb və onlar başqa alternativ materiallarla əvəz olunur. Əslində bizdə buna keçmək o qədər də çətin deyil. Əvvəla burda əhali çox azdır. Hesab edirəm ki, əhalinin qeyri-plastik materiallarla təmin olunması Azərbaycanın imkanları daxilindədir. Bu addım həm də genofondumuzun qorunmasına xidmət edəcək”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 4175