“Vaqner”in qurucusu və çevrilişə cəhd edən sədri Yevgeni Priqojinin müxtəlif müqavilələr əsasında dövlətdən aldığı pullarla bağlı yeni iddia ortaya çıxıb.
Hafta.az-ın RTR dövlət telekanalına istinadən yazdığına görə, həftəlik xəbərlər proqramının aparıcısı, “Rossiya Seqodnya” dövlət media qrupunun rəhbəri Dmitri Kiselyov bildirib ki, ümumi rəqəm 1,7 trilyon rublu ötüb. Bu rəqəm bugünkü məzənnə ilə 19,3 milyard dollara uyğundur.
Kiselyovun sözlərinə görə, Priqojinin “Vaqner” adlı şəxsi hərbi şirkəti dövlətlə bağlanmış müqavilələrə əsasən 858 milyard rubldan çox gəlir əldə edib. Priqojinin də sahibi olduğu Konkord Holdinq digər müqavilələr əsasında əsasən orduya ərzaq və Moskva məktəblərinə yemək verilməsi üçün əlavə 845 milyard rubl qazanıb.
Prezident Putin Vaqnerə bildirib ki, dövlət maaş və töhfələr üçün təxminən 86 milyard rubl, xəsarət alanlara və onların ailələrinə sığorta ödənişləri üçün isə təxminən 110 milyard rubl ayırıb.