Problemli kreditlərin həcmi yenidən arta bilər - Banklar üçün təhlükə

10:05 03.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda problemli kreditlərin həcminin yenidən artması proqnoz edilir. Mütəxəssislər hesab edirlər ki, ölkədə müşahidə olunan sürətli inflyasiya banklar üçün yaxşı heç nə vəd etmir. Belə ki, inflyasiya nəticəsində əhalinin gəlirlərinin əsas hissəsi ərzaq, gündəlik tələbat xərclərinə yönəldiyindən, bu banklardan götürülən kreditlərin geri qaytarılmasına ayrılan vəsaitin həcminə mənfi təsir göstərəcək. Nəticədə isə yerli banklarda problemli kreditlərin həcmi sürətlə artmağa başlayacaq.

Yeri gəlmişkən, Statistik məlumatlara görə, əslində son bir ildə ölkədə problemli kreditlərin həcmi nəzərəçarpacaq dərəcədə azalıb. Mərkəzi Bankın məlumatına əsasən, bu ilin yanvarın 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 719,4 milyon manat təşkil edib və bu göstərici 2021-ci ilin dekbar ayında 8,5 faiz azalıb. İllik müqayisədə problemli kreditlərin həcmi 19,4 faiz azalıb. Sözügedən kreditlərin ümumi portfeldəki payı dekabr ayı ərzində 0,5 faiz bəndi, illik müqayisədə 1,9 faiz bəndi azalaraq 4,2 faiz təşkil edib. 2022-ci il aprelin 1-nə isə Azərbaycanda bank kreditlərində vaxtı keçmiş kreditlərin payı 2014-cü ildən bəri minimum səviyyəyə düşüb. Belə ki, bank sektorunun kredit portfelinin həcmi 1 aprel 2022-ci il tarixinə 18 milyard manat, problemli kreditlərin həcmi isə 685 milyon manat təşkil edib. Bu da problemli kreditlərin ümumi kredit portfelindəki payının 3.8 faizə düşməsi deməkdir.

Xatırladaq ki, 2020-ci ildə koronavirus pandemiyasına görə tətbiq edilən sərt karantin tədbirləri şəraitində əhalinin gəlirlərinin azalması, ödəniş qabiliyyətinin aşağı düşməsini nəzərə alaraq Azərbaycan hökuməti kreditlərlə bağlı müəyyən yumşalmalara gedib.

Bəs, görəsən, inflyasiyanın artması fonunda əhaliyə verilən kreditlərin problemli kreditə çevrilmə ehtimalı nə qədərdir? Yerli banklar bu təhlükəyə hazırdırmı?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, inflyasiyanın artması banklar üçün arzuolunan vəziyyət deyil:

“Hazırda Azərbaycanda ikirəqəmli inflyasiya müşahidə olunur. İnflyasiyanın artması əhalinin real alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Sürətli inflyasiya nəticəsində əhalinin gəlirlərinin əsas hissəsi ərzaq, gündəlik məişət xərclərinə yönəlir. Bu da banklardan götürülən kreditin geri qaytarılmasına ayrılan vəsaitin həcminə mənfi təsir göstərir.

Yəni, kredit götürən şəxslər gəlirlərini inflyasiya ilə bərabər şəkildə artıra bilmirlərsə, nəticə etibarilə onların real alıcılıq gücü aşağı düşür, gəlirlərin böyük hissəsi gündəlik tələbat məhsullarına yönəldilir və kredit ödəmə problemləri artır.

Təbii ki, bu məsələdə bankların hər birinə fərqli baxmaq lazımdır, kredit portfelinin strukturu və s. nəzərə alınmalıdır. Amma ümumi şəkildə inflyasiyanın əhalinin gəlirlərinin artımını üstələməsi banklar üçün yaxşı xəbər deyil. Mövcud vəziyyət bankların kredit verdiyi şəxslərin alıcılıq qabiliyyətinin pisləşməsinə səbəb olacaq. Bu da bankların problemli kreditlərinin artmasına gətirib çıxara bilər. Ancaq burada ikinci məsələ də var ki, insanların gəlirləri inflyasiyanı üstələsə idi bu yaxşı xəbər olardı. Və vətəndaşlar da kreditlərin geri qaytarılmasında problem yaşamazdılar. Lakin hökümətin verdiyi vədlərdən belə başa düşürük ki, hökümət əhalinin gəlirlərini daha da artırmağı planlaşdırmır. Hal-hazırkı vəziyyət isə banklar üçün arzuolunan deyil”.

Məsələyə münasibət bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bizimlə söhbət zamanı deyib ki, banklar birmənalı olaraq heç bir zaman problemli kreditlərə hazır olmurlar:

“Azərbaycan banklarının mütləq əksəriyyətində uzunmüddətli proqnozlaşdırma onsuz da yoxdur. Yəni, çox qısamüddətli fikirləşirlər, yerli bank rəhbərliyinin çoxu da elə krediti verdik, qazandıq, bank sahiblərinin gözündə yaxşı göründük, yaxşı mükafat aldıq və s. kimi hədəfləri olur. Və hansısa problemi hiss edən kimi də rəhbər şəxslər tez iş yerlərini dəyişirlər. Əgər fikir versəniz görərsiniz ki, Azərbaycan banklarında uzun müddət bir yerdə işləyən rəhbərlər yoxdur və tez-tez iş yerlərini dəyişirlər. Təbii ki, həmin şəxsin problem yaratdığı bankın sahibləri də məsələni açıb-ağartmır. Çünki onlar da banklarının pis vəziyyətdə olduğunu etiraf etmək istəmirlər. Yəni, bu gün Azərbaycan banklarını pis vəziyyətə salanların əksəriyyəti yaxşı vəzifədədirlər. O ki qaldı sürətli inflyasiya fonunda bankların problemli kreditlərə hazır olub-olmadığına, təbii ki, hazır deyillər. Düzdür, indi problemli kreditlər bir qədər azalıb. Amma həm inflyasiya, həm insanların maddi durumunun pisləşməsi, həm də bizneslərin vəziyyətinin yaxşı olmaması yaxında problemli kreditlərin yenidən artması ilə nəticələnəcək. Bu baxımdan banklar daha diqqətli olmalı, götürülən kreditlərin qaytarılma ehtimallarını dəqiq hesablamalıdırlar”.