ABŞ-da yerləşən Goldman Sachs bankı qadın işçilərə daha az maaş və imkanların azaldılması iddialarından sonra diskriminasiyaya görə 215 milyon dollar təzminat ödəməyə razılaşıb.
2800 qadın işçinin iştirak etdiyi məhkəmə prosesi uzun müddət idi ki, davam edirdi və işin gələn ay başlayacağı gözlənilirdi. Agentlik ödəniş və təyinat sistemlərini nəzərdən keçirmək üçün kənar ekspertlərlə məhkəmədənkənar müqavilə bağlayıb.
İşin tərəflərindən olan Şanna Orliç 13 ildir bu məqsədə xidmət etməkdən qürur duyduğunu və bu razılaşmanın digər qadınlara da kömək edəcəyinə ümid etdiyini bildirib. 2010-cu ildən Goldman Sachs bankı "kişi klubu" olmaqda ittiham edən qadınların qanuni tələbləri ilə üzləşib.
Qadın idarəçilərin kişilərdən 20 faiz az maaş aldığı və qurumun cinsi fərqə göz yumduğu iddia edilir.
Goldman Sachs, 2025-ci ilə qədər qadın idarəçilərin sayını artırmağı və vitse-prezidentlərin 40 faizinin qadın olmasını hədəflədiyini açıqlayıb. Hazırda qurumda çalışan partnyor və menecerlərin 29 faizini qadınlar təşkil edir.