Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını artırıblar. Belə ki, bu ilin I rübündə Azərbaycan bankları ABŞ dollarını, orta hesabla, 1,6966 manatdan alıb, 1,7030 manata satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"nda qeyd olunub. Beləliklə, banklar hər 100 dolların alqı-satqısından 64 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,2 faiz çoxdur.
Xatırladaq ki, 1 il bundan əvvəl banklar dolları 1,6979 manatdan alıb, 1,7024 manata satb, bununla da, hər 100 dolların alqı-satqısından 45 qəpik gəlir əldə edib.
Maraqlıdır, görəsən, ötən illə müqayisədə gəlir marjasında yaranan artım nə ilə bağlıdır? Ümumiyyətlə, bu gün valyuta mübadiləsi zamanı hansısa çətinliklər varmı? Vətəndaşa ölkə xaricinə səfər zamanı maksimum hansı həddə nağd valyuta çıxarmağa imkan verilir?
Məsələni qəzetimizə şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bəzən banklar mövcud şəraitdən sui-istifadə hallarına yol verirlər: “Biz bilirik ki, ölkədə valyuta əməliyyatlarına qeyri-rəsmi məhdudiyyətlər var. Yəni, bir nəfərə ildə 20 min dollardan çox satmırlar. Bu qanunsuz məhdudiyyətlər olsa da, faktiki olaraq belə hallar mövcuddur. Bu da banklara imkan verir ki, valyuta əməliyyatlarına görə komissiya haqlarını artırsınlar. Və həm də valyutanın məzənnəsində də daha çox fərq qoya bilirlər.
Tutaq ki, bu gün bankların ixtiyarı var ki, valyuta mübadiləsi əməliyyatlarını Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən xeyli baha və ya ucuz aparsınlar. Bu məsələdə banklar sərbəstdir. Vətəndaşların əksəriyyəti isə qeyri-rəsmi əməliyyatlardan adətən ehtiyat edirlər.
Məsələn, vətəndaş hansısa əməliyyatı aparmaq üçün banka yaxınlaşır və bank əməkdaşları başlayırlar onu sorğu-sual etməyə. Bu pul səndə hardandır, onu necə əldə etmisən və s. kimi sualları vətəndaşlara ünvanlayırlar. Təbii ki, bu kimi sorğu-sual qanunsuzdur. Amma dövlətin də bu məsələdə öz maraqları var. Dolayı yolla çalışılır ki, vətəndaşlar daha az valyuta alsınlar. Banklar da bundan sui-istifadə edirlər ki, daha çox qazanc əldə etsinlər".
Ekspert hazırda Azərbaycan vətəndaşlarının xaricə səfər zamanı ölkədən çıxara biləcəyi nağd vəsaitin məbləğinə də aydınlıq gətirib. O qeyd edib ki, ölkədən çıxarkən vətəndaşa nağd şəkildə maksimum 10 min dollar çıxarılmasına icazə verilir: “Bu məbləğin gömrük orqanlarında bəyan edilməklə çıxarılmasına icazə var. Amma bank kartları ilə bağlı hansısa məhdudiyyət yoxdur. Kartla vətəndaş istənilən məbləği ölkədən çıxara bilər, sadəcə o, xaricdə əməliyyat aparan zaman vergi və digər qurumların əməkdaşları tərəfindən hansısa suallarla qarşılaşa bilər. Adətən vətəndaşlar xaricə gedərkən kartda10 min dollara yaxın vəsait aparır. İstənilən halda vətəndaşın xaricdə apardığı əməliyyatlara Azərbaycanda müştərisi olduğu bank da nəzarət edir”.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli də bizimlə söhbətində qeyd edib ki, bankların valyuta mübadiləsi üzrə gəlir marjasının artması bu qurumların əlavə qazanc əldə etməsindən xəbər verir: “Mərkəzi Bankın məlumatına görə, bu ilin I rübündə Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6966 manatdan alıb, 1,7030 manata satıb. Banklar hər 100 dolların alqı-satqısından 64 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,2 faiz çoxdur. Bilirsiniz ki, hazırda bank sektorunda vəziyyət qənaətbəxş deyil.
Hökumət istəyir ki, bankların sağlamlaşdırılmasını həyata keçirsin, bir qrup bank üçün əsl imtahan dövrüdür. Mərkəzi Bank da bankların valyuta dayanıqlığını, maliyyə imkanlarını genişləndirmək məqsədilə onların mənfəətinin artması üçün şərait yaradır.
Digər bir tərəfdən də kiçik bankları bağlayırlar. Hazırda ölkədə bağlanılan “Günay Bank”dan sonra 24 bank var. Hesab edirəm ki, ilin sonunadək, təxminən, 4-5 bank da bağlanılacaq. Yaxın gələcəkdə isə ümumiyyətlə, 14 bankı itirə bilərik”.