Arxeoloqlar Misirdəki qədim məbəddə qızıl zinət əşyaları və tanrılar ailəsinin heykəlciklərinin olduğu 2600 illik bir qab aşkar ediblər.
Hafta.az-ın yazdığına görə, artefaktlar Qədim Misirin ən mühüm məbədlərindən biri olan Karnak məbəd kompleksində aşkar edilib. Luksor yaxınlığındakı kompleks təxminən 4 min il əvvəl tikilib və sonradan min ilə yaxın müddət ərzində saxlanılıb, təmir edilib və yenilənib.
Misir Turizm və Tarixi Abidələr Nazirliyindən verilən açıqlamada, arxeoloji qazıntılar sahəsində tapılan əsərlər arasında muncuq, amulet və heykəlciklərin çoxunun qızıldan olduğu bildirilib.
Misirin Arxeologiya sektorunun rəhbəri Məhəmməd Əbdül-Badi deyir ki, zərgərlik kolleksiyası Qədim Misir tanrılarının heykəllərindən, həmçinin qızıl və metaldan hazırlanmış üzüklərdən ibarətdir.
Üçlü heykəlcikdə Fivanın baş tanrısı Amon, onun arvadı və ana ilahə Mut, onların oğulları və Ay tanrısı Xons yan-yana durub.
Tədqiqatçılar bildirirlər ki, heykəlciklər, ehtimal ki, amulet kimi boyuna taxılan zinət əşyalarının bir hissəsidir.
Heyvan formasında tanrıları təmsil edən metal broş və artefaktlar, həmçinin bəziləri qızılla örtülmüş və Qədim Misirin 26-cı sülaləsinin əvvəlinə aid bir sıra muncuqlar da aşkar edilib.
Əsərlərin nə üçün qabda basdırıldığının aydın olmadığını bildirən tədqiqatçılar, onların ritualda təqdim olunduğunu və ya məbəd xəzinəsinə hədiyyə edildiyini düşünürlər.
Ən son tapıntılar Karnak məbədləri və onların eramızdan əvvəl 1-ci minillikdə tarixi inkişafı haqqında daha aydın təsəvvür yarada bilər.
Nazirlik arxeoloqların daha sonra Luksor Muzeyində nümayiş etdiriləcək yeni aşkarlanmış artefaktların bərpası və sənədləşdirilməsi üzərində işlədiyini açıqlayıb.