Qədim Pessinus şəhərində yenidən qazıntılar başlayır

10:48 09.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əskişəhərin Sivrihisar rayonunda yerləşən və Frig mifologiyasında ana ilahə Kibelenin ən əhəmiyyətli ibadət yerlərindən biri olaraq eramızdan əvvəl 8-ci əsrdə qurulan Pessinus antik şəhərində qazıntılar yenidən başlayır.

Hafta.az-ın yazdığına görə, Sivrihisar Bələdiyyəsinin açıqlamasında bildirilir ki, Ballıhisar məhəlləsi çölündə yerləşən və qədim zamanlarda “məbəd şəhəri” kimi tanınan yer bu xüsusiyyəti ilə bölgənin tarixinin işıqlandırılmasında mühüm rol oynayıb.

Açıqlamada Frigiya kralı Midasın qurduğu Pessinusda uzun fasilədən sonra qazıntıların yenidən başladığı ifadə edilərək, "Əskişəhər ETİ Arxeologiya Muzeyinin rəhbərliyi ilə aparılan işlər tarixi və tarixi abidələri ortaya çıxarmaq məqsədi daşıyır. Kibele kultunun Anadoludakı ən əhəmiyyətli ibadət mərkəzi olan bu bənzərsiz şəhərin mədəni əhəmiyyəti öyükdür" deyilib.

Köhnə Kral Yolu üzərindəki qədim şəhərin yerində inşa edilən Pessinus antik şəhəri, Frigiyalılar tərəfindən "İlahə Kibele" adlandırılan ana ilahənin ən əhəmiyyətli ibadət yerlərindən biri kimi tanınır.

Bildirilir ki, Ankara-Eskişəhir yolu üzərində Sivrihisardan 13 kilometr cənubda, Ballıhisar rayonunda yerləşən qədim şəhər ana ilahə üçün keçirilən mərasimlərə səhnə olub. O dövrdə özünü ana ilahəyə həsr edənlərin mərkəzinə çevrilən Pessinusdan keçən Kral Yolu, etibarlı və qısa yol olduğu üçün Roma və Bizans dövrlərində də istifadə edilib. Qədim şəhərin yaxınlığında yol xarabalıqlarını görmək olar.

Roma dövründə Pessinusa gedən yollarda mərhələlərdən istifadə edildiyi, Ellinizm dövründə şəhərdəki məbədin təmir olunduğu, parlament binası, kanal, teatr və yolların inşa edildiyi müəyyənləşdirilib.

Belçika və Avstraliya qruplarının 1967-2011-ci illər arasında apardığı qazıntılar zamanı Ellinistik, Roma və Bizans dövrlərinə aid bir məbəd sahəsi, pilləkənli teatr və sütunlu bir küçə üzə çıxarılıb. Bu əsərlər Əskişəhir ETİ Arxeologiya Muzeyində və Pessinusda yaradılmış açıq hava muzeyində nümayiş etdirilir.