Qədr gecəsində Məscidül-Haram və Peyğəmbər Məscidinə 4,2 milyon mömin toplaşıb

10:50 27.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın hər yerindən milyonlarla müsəlman Ramazan ayının 27-ci gecəsi üçün Məkkədəki Məscidül-Haram və Mədinədəki Peyğəmbər Məscidinə axışaraq təravih və təhəccüd namazlarını qılıb.

Hafta.az-ın yazdığına görə, yeni rekordda Böyük Məscid çərşənbə gecəsi 4,2 milyondan çox ibadətçi qəbul edib.

Möminlər İslamın ən mühüm gecələrindən biri, Quranda bildirildiyi kimi, min aydan daha xeyirli olan Qədr gecəsini qeyd ediblər. Qədr gecəsi Ramazan ayının son 10 gününə təsadüf edir, lakin onun dəqiq tarixi məlum deyil. Buna baxmayaraq daha geniş şəkildə Ramazan ayının 27-nə təsadüf edildiyinə inanılır. Müsəlmanlar son 10 günün tək rəqəmli gecələrində Qədr gecəsini ibadətlə keçirməyə çalışırlar.

Çərşənbə günü əməliyyat planlarına saatda 107 min zəvvarın qəbulu üçün Matafın (Təvaf bölgəsi) hazırlanması və Böyük Məsciddə rahat hərəkətin təmin edilməsi daxildir.

Səlahiyyətlilər, həmçinin Məscidül-Haramı sərinləmək üçün tutumu 90 min tona qədər olan enerji mənbələri ilə təmin etməklə yanaşı, 428 eskalator, 28 lift və 1300 dinamik daxil olmaqla müasir audio sistemlərlə təchiz ediblər.

Məkkə bölgəsinin Səhiyyə İdarəsi zəvvarlara tibbi xidmət göstərmək üçün Məscidül-Haram və onun həyətlərində yerləşən tibb mərkəzləri vasitəsilə xidmətlərini gücləndirib.